Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT

Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir
Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini, birinci qrup hərbi əlil Məhəmmədəli Səmədov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

"Bildirmək istəyirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyi həm millətə, həm də dövlətə zərər vurur. Belə ki, rayonun Qarabaqqal kənd ərazisində böyük zibil poliqonu mövcuddur. 11 fevral 2024-cü il tarixdə sözügedən poliqonu sosial şəbəkələrdə içtimailəşdirdim. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən mənimlə əlaqə saxlanıldı. İdarənin əməkdaşı Rübail Allahverdiyev "Şəhər Təsərrüfatı Birliyi"nin sədri Murtuz Salahovun və mənim iştirakımla poliqona yerində baxış keçirdi. Şikayətimdə qeyd etdiyim nöqsanlar aşkarlandı.

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi poliqonda qalaqlanmanın qarşısının alınması üçün 15.02.2024-cü il tarixdə Göyçay "Şəhər Təsərrüfatı Birliyi"nə "Məcburi Göstəriş" verdi. Lakin Rübail Allahverdiyev məsələyə soyuq yanaşırdı. Aprel ayının 1-də onunla əlaqə saxladım və o, mənim iştirakım olmadan Murtuz Salahovla birlikdə poliqon ərazisində baxış keçirmiş, beləliklə onlar müəyyən razılığa gələrək Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinə qanuna müvafiq cərimə tətbiq edilməsindən imtina edilmişdir.

Həmçinin, bildirmək istəyirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında "Şəhər Təsərrüfatı Birliyi"nin 24165, 74 (iyirmi dörd min yüz altmış beş min manat yetmiş dörd qəpik) manat vergi borcu var. Ancaq idarə vergi borcunu ödəmək istəmir. Bu məsuliyyətsizlik və qanunsuzluqdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə “xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Vergi dövlətin güc mənbəyidir. Göyçay Rayon İcra Hakimiyyəti yanında "Şəhər Təsərrüfatı Birliyi"nin müdiri Murtuz Salahov məsuliyyətli olub, dövlətə olan vergi borcunu ödəməlidir. Əks təqdirdə qanuni qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmçinin həmin Qanunun 73-cü maddəsində "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur", - qeyd olunmuşdur.
Mən mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən çox xahiş edirəm, şikayətimdə göstərdiyim zibil poliqonunun təcili şəkildə təmizlənməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edən 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Rübail Allahverdiyevin cəzalandırılması, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin dövlətə olan 24000 (iyirmi dörd min) manat vergi borcunun ödənilməsi və 10 hektardan daha artıq ərazinin çirkləndirilməsi səbəbilə onlara cərimə tətbiq olunması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz. Ümidvarıq ki, bu il ölkəmizin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək böyük tədbir zamanı Göyçaydakı bəzi vəzifəli şəxslərin ücbatından Respublikamız biabırçılıqla üzləşməyəcək.



Oxşar Xəbərlər

Xəbər lenti