Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Deputat Ağacan Abıyev vəzifəsinin nədən ibarət olduğunu bilirmi?
Təhsil sisteminin dağılması, maarifçiliyin faktiki olaraq unudulması cəmiyyətdə qüvvələr nisbətini dəyişməyə başlayıb. Bu baxımdan Azərbaycan tədricən cəhalətə yüvarlanır desək əsla səhv etmərik. Bunun ilk simtomları hələ bir neçə il öncə, Azərbaycan üçün ənənəvi olmayan radikal dini təriqqətlərin sürətlə yayılanda görünməyə başladı. Dövlətin həyata keçirdiyi sərt tədbirlər bu prosesin qarşısını bir qədər alsa da, bütövlükdə cəmiyyətin cəhalətə yuvarlanmasının qarşısını ala bilmədi. Bir neçə gün öncə Bakı metrosunda yaşanan insident və bu hadisəyə verilən reaksiya da bunu təsdiqlədi. Məlum olduğu kimi, Günay adlı gənc qızın geyimi və davranışları qatardakıları qıcıqlandırıb və tərəflər arasında mübahisə baş verib.
Bəlkə də bu olayı sıradan bir hadisə kimi qiymətləndirmək olardı, əgər Bakı metrosunda baş verən bu insidentlə bağlı siyasi və ictimai xadimlərin açıqlamaları ziddiyyətli xarakter daşımasaydı? Olaya münasibət bildirən Milli Məclisin deputatı Ağacan Abıyev deyib ki, "O qız azərbaycanlıdır, hə? Onda ata-anası baxmalıdır ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidirlər ki, Bakıda belə geyinmək olmaz! Sən azərbaycanlısan, qayda-qanun var... Bu, o ailənin məsələsidir, ata-ananın işidir. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdır”. Doğrudur, insidentə Daşkəsən rayon İcra Hakimiyyətnin başçısı Əhəd Abıyev kimi doğru münasibət bildirənlər də oldu. Ancaq sosial şəbəkələrdə aparılan müzakirələr aşkar göstərir ki, əksəriyyət deputat Ağacan Abıyevin mövqeyini bəyənir.
Çox maraqlıdır ki, Azərbaycanın multikulturalizm ölkəsi olmasından hər addımda danışmağı xoşlayanlar Bakı Metrosunda baş verən insidentlə bağlı susmağa üstünlük verdilər. Əgər, telekanallarda deputat Ağacan Abiyevə multikulturalizmlə bağlı sual versələr, saatlarla multikulturalizmdən danışacaq. Halbuki, multikulturalizmə görə çoxlu sayda mədəni və fiziki elementlər dünyanın rəngarəngliyini təmin edir. Azərbaycan özünü demokratik dövlət elan edib, rəsmilər isə daima ölkəmizin demokratik inkişaf yolunda irəlilədiyindən tez-tez danışırlar. Demokratiyanın ana prinsipi fərqli düşüncəyə və yaşam tərzinə dözümlü yanaşmaqdan ibarətdir. Yüz il əvvəl tamaşalarda qadın rolunu oynayan böyük sənətkarlarımızı ölümlə hədələyən cəhalət indi də cavanların fərqli geyim tərzini hədəf seçir. Azərbaycan cümhuriyyətinin əsas təməl prinsipləri olan türkləşmək, islamlaşmaq, müasirləşmək triadası da Bakı Metrosunda baş verən insidenti rədd edir. Türk millətlərinin nicatını türkləşmək, islamlaşmaq, müasirləşməkdə görən böyük fikir adamları türk pisixologiyalı, müsəlman etiqadlı olmaqla yanaşı firəng fikirli, Avropa qiyafəli olmağa çağırırdılar. Təxminən bir əsr əvvəl müzakirə mövzusu olan geyim forması yenidən müzakirə mövzusuna çevrilir. Qərbdən Şərqə, Şimaldan Cənuba kimi bütün dünya Avropa qiyafəsinə keçib-keçməmək məsələsini həll edib qurtarıb, ancaq islam aləmi hələ də bu mənasız müzakirəni davam etdirir. Ağlı başında olan hər kəs bilir ki, qiyafənin namusa, qeyrətə, ləyaqətə heç bir aidiyyatı yoxdur. İnsanların ləyaqətini itirən qiyafə deyil, sosial-iqtisadi vəziyyətdir. Qadınları əxlaqsızlığa yuvarlayan əsas səbəb yenə qiyafə deyil. Bu bir aksiomadır ki, qadını əxlaqsılığa yuvarlayan əsas səbəb maddi ehtiyyacdır. İnsan alverinin qurbanı olan qadınların hamısı bu yola maddi ehtiyac üzündən düşürlər.
Milli Məclisin deputatı Ağacan Abıyev cavan qızın geyminə münasibət bildirmək əvəzinə, Azərbaycan qadınlarının Türkiyə və Ərəb ölkələrinin otellərində insan alverinin qurbanı olmasına səbəb olan sosial-iqtisadi problemlərdən söz açmalı idi. Qanunverici orqanın üzvü olan deputat Ağacan Abıyev bilirmi ki, onun vəzifəsi insanların geyim tərzini tənqid etmək yox, insanların hüquq və azadlıqlarını müdafiə edəcək qanunlar qəbul etməkdir. Əgər Milli Məclisin deputatı Ağacan Abıyev bunu bilmirsə, o zaman hansı qurumu təmsil etdiyinin fərqində deyil. Çünki dövlət bayrağında dövlətin təməl prinsipləri məhz məşhur tiadanın türkləşmək, islamlaşmaq, müasirləşmək simvollarından ibarətdir. Deputat Ağacan Abıyevin üzvü olduğu Milli Məclisin də üzərində bu bayraq dalğalanır. Yüksək vəzifəli insanlar artıq bunun fərqində olmalı, özlərini Sovet İttifaqının məmuru kimi aparmaqdan əl çəkməlidirlər.
Bu yazı ilə Bakı Metrosunda insidentə səbəb olmuş qızın qiyafəsini müdafiə etmək, xüsusilə də təbliğ etmək kimi görünmək istəmirik. Ancaq Azərbaycan cəmiyyətinin bir dəfəlik seçim etməli olduğunu qeyd etmək istəyirik. Biz ya həqiqətən cümhuriyyətçi insanlar kimi düşünməli, ya da böyük imperiyanın müstəmləkəsi olan əyalətin fərdləri kimi yaşamağa davam etməliyik.
"Yeni Sözçü" qəzeti