Biletlər ucuzlaşa bilər: Bəzi xidmətlər AZAL-dan alınır? - İLGİNC GƏLİŞMƏ


Hesablama Palatası "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) apardığı dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini açıqlayıb.

Palatanın təqdim etdiyi nəticələrə görə, AZAL nöqsan və çatışmazlıqlara yol verib. Qeyd edək ki, aşkarlanan nöqsan və uyğunsuzluqlar, o cümlədən son vaxtlar qiymətlərin baha olması ilə bağlı dəfələrlə fikirlər səslənsə də, bu problemlər öz həllini tapmayıb.

Hesablama Palatasının açıqladığı nəticələr mövcud nöqsanların aradan qalxmasına, eləcə də qiymətlərin aşağı düşməsinə təsir edəcəkmi?

Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, Hesablama Palatası dəfələrlə müxtəlif dövlət idarələri, şirkətləri ilə bağlı ciddi araşdrımalar ortaya qoyub:

“Ancaq təəssüf ki, bu, ciddi nəticələr doğurmayıb. Əslində Hesablama Palatasının yoxlamaları qanunvericiliyə görə, hətta cinayət işinin başlanması üçün də əsas yaradır. Qiymətlərin aşağı çəkilməsində yerüstü xidmətlərin AZAL-ın inhisarından çıxarılması, rəqabətli mühitin artırılması ilə bağlı tövsiyələr var. Ümumiyyətlə, 10 ildən artıqdır bu haqda danışılır ki, yerüstü xidmətlər AZAL-dan alınmalıdır. Xarici şirkətlərin ölkəyə buraxılmaması, onlar üçün müəyyən çətinliklərin yaradılması, qiymətlərin baha olmasının əsas səbəblərindən biri də yerüstü xidmətlərin AZAL-ın inhisarında olmasıdır. Yəni çox yüksək qiymət qoyulur. Təmizlikdən başlamış təyyarələrin dayanacaq pulu, yaxud onların yanacaqla doldurulması servisinə, sərnişinlərin təhlükəsizlik qaydalarının yoxlanılmasına qədər çox yüksək qiymətlərdir. Bəzi hallarda, məsələn, Gürcüstanla bizim yerüstü xidmətlər arasında 4-5 dəfə fərq yaranır. Qiymətlərin yüksək olmasında yerüstü xidmətlərin AZAL-ın inhisarında olmasının böyük rolu var. Ümid edək ki, ortaya belə bir hesabat çıxıbsa, heç olmasa yerüstü xidmətlərin AZAL-ın inhisarından alınmasına, rəqabətli mühitin yaranması ilə bağlı müəyyən addımlar atılar”.

Ekspert Hesablama Platasının başqa yoxlamalarının nəticələrininin olmamasına təəssüflənib:

“Uzun illərdir bu məsələlər müzakirə olunsa da, heç bir tədbir görülmür. Ümid sonda ölür. Ümid edək ki, bu hesabatdan sonra köklü problemlər həllini tapacaq. Bu, əmirlə olmur, sistem dəyişikliklərindən sonra qiymət aşağı düşə bilər. Əgər yerüstü xidmətlər özəl şirkətlərə verilsə, xarici şirkətlərin ölkəyə buraxılması sürətlənsə, rəqabət yüksəlsə AZAL da məcburən qiymətləri aşağı çəkməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti