Azərbaycanda dollar ucuzlaşacaq? - MÜHÜM AÇIQLAMA


ABŞ-da iki böyük bankın - “Silicon Valley Bank” və “Signature Bank”ın çökməsi dünyanın əsas gündəminə çevrilib. Xarici ekspertlər artıq ABŞ maliyyə sisteminin çökdüyün elan ediblər. Qeyd olunur ki, ABŞ prezident administrasiyası “Silikon Vadisi” Bankını xilas edə bilməsə, Amerika bank sistemi böhran təhlükəsi qarşısındadır.

ABŞ-da nüfuzlu maliyyəçi, maliyyə nazirinin keçmiş köməkçisi Pol Kreyq Roberts hesab edir ki, ABŞ-ın 5 ən böyük bankından ikisinin çökməsi ÜDM-nin itirilməsi riskini yaradır: “Federal Ehtiyat Sistemi yüksək faiz dərəcəsini azaltmalı olacaq, çünki bu, böyük miqyasda çökməyə gətirib çıxarır. FES bankları xilas etmək üçün dolların dəyərini aşağı salır. Banklar da aktivlərini satmalı olacaqlar. Bu da qiymətli kağızların daha da ucuzlaşmasına səbəb olacaq”.

Amerikalı köşə yazarı Cey Nyuman “New York Post” üçün yazdığı məqalədə bildirib ki, böhran fonunda ABŞ-ın qeyri-məhdud miqdarda dollar çap edə biləcəyi dövr başa çata bilər və bununla da ölkənin xarici malları ucuz qiymətə almaq imkanı keçmişdə qalacaq. “Anti-Rusiya sanksiyaları bir çox ölkələrin ABŞ dollarından imtina etməsinə səbəb olur ki, nəticədə ABŞ beynəlxalq aləmdə çəkisini itirə, həm də “borc dəliyi”nə düşmək riski ilə üzləşə bilər. Yüzdən çox ölkə anti-Rusiya tədbirlərini dəstəkləməyib, bu səbəbdən də mal satmaq üçün başqa valyutalardan istifadə edən yeni iqtisadi koalisiyalar yaranın”.

ABŞ valyutası ətrafında cərəyan edən bu cür neqativ proseslər Azərbaycanda dolların məzənnəsinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Publika.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ABŞ maliyyə sisteminin böhran astanasında olması və hazırda dollar ətrafında baş verən proseslər ciddi sanksiyalarla əlaqədardır.

V.Əhmədov hesab edir ki, dollara olan hazırkı təsirlər uzun müddət davam etməyəcək.

“Dünyada hazırda ən çox işlənilən valyuta növü dollardır. Düşünmürəm ki, Azərbaycan valyutasının dollara nisbətində hansısa problem yaransın. Çünki kifayət qədər dollar ehtiyatı var. Eyni zamanda məzənnə də qorunub saxlanılır. Yəqin ki, mövcud durum uzun müddət davam edə bilməz. Ona görə də hazırda çalışırlar ki, Rusiya-Ukrayna müharibəsi tez bitsin ki, mövcud maliyyə problemləri də müsbət həllini tapsın. Taxılın ixracı ilə bağlı da müəyyən tələblər irəli sürülüb. Yəni bütün Qərb vəziyyəti düzəltməyə çalışır.

Əslində, dollar ətrafında baş verənlər, eyni zamanda ABŞ maliyyə sisteminin böhranlı durumu iqtisadiyyatda lazım olmayan oyunlardır ki, həyata keçirilir. Amma dolların çökməsi kimi bir halın baş verəcəyini proqnozlaşdırmıram”, - millət vəkili vurğulayıb

Qeyd edək ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq. Mərkəzi Bankın ötən ilin sonunda 2023-cü il üçün pul-kredit siyasətininin ümumi istiqamətlərində, baş bank maliyyə stabilliyini qoruyub saxlamağa çalışacağını bəyan etmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti