SOCAR və BP Türkiyədə yeni birgə neft-kimya müəssisəsi yaratmağı planlaşdırır –Saziş imzalandı

SOCAR və BP Türkiyədə yeni birgə neft-kimya müəssisəsi yaratmağı planlaşdırır –Saziş imzalandı

 

BP və Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş.” bu gün Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.

Bu barədə BP və SOCAR birgə məlumat yayıb.

Türkiyənin qərbində, Əliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzrdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.

Saziş prinsipləri imzalandıqdan sonra BP və "SOCAR Turkey” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi "SOCAR Turkey” şirkətinə məxsus olan STAR zavodunun və "Petkim” neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.

"SOCAR Turkey Enerji”nin Direktorlar Şurasının sədri Vaqif Əliyev deyib ki, SOCAR 2008-ci ildə "Petkim”i alaraq Türkiyə bazarına daxil olub və o vaxtdan etibarən STAR zavodu, TANAP, "Petlim” konteyner terminalı, "Petkim” külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırıb: "SOCAR Turkey”in Əliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olub. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcək. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir”.

BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra deyib ki, layihə irəliləyərsə bu, Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı "Zhuhai” müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq: "BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdırma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaqd. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq”.

BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.

Bildirilib ki, BP-nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır.

BP və SOCAR Azərbaycanda, Türkiyədə və regionun digər yerlərində neft-qaz istehsalı və nəqli üzrə həyata keçirilən bir sıra layihələrdə uzun müddət tərəfdaşlıq edirlər. Bu il Azərbaycanda hasilata başlamış, Türkiyə və digər ölkələrə təbii qaz ixracına imkan yaratmış "Şahdəniz-2” layihəsi də bu siyahıya daxildir.

"SOCAR Turkey”in baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, nəzərdə tutulan yeni investisiya həm SOCAR üçün, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir: "Bu, Türkiyənin neft-kimya bazarında bizim payımızı artırmaqla yanaşı Türkiyəyə həmin məhsulların idxalını azaltmağa imkan verəcək və nəticədə xarici ticarət kəsiri azalacaq. Bizim Türkiyədəki bütün layihələrimiz bu məqsədlə planlaşdırılmışdır”,.

"BP Turkey”in prezidenti Mik Stamp deyib ki, bu potensial yeni birbaşa investisiya şirkətin Türkiyənin neft-kimya sənayesində ilk pay investisyasıdır. "BP 100 ildən çoxdur ki, Türkiyədə fəaliyyət göstərir. Türkiyə Şərq və Qərb, istehsalçı və istehlakçılar arasında körpü rolunu oynayır və onun sürətlə böyüyən iqtisadiyyatı cəlbedici investisiya imkanları təklif edir”, – o, qeyd edib/Report



Oxşar Xəbərlər

Xəbər lenti