İmişlidəki süni balıq gölləri bütöv bir kənd üçün əsl problemə çevrilib

 

İmişlinin Xoşçobanlı kəndində balıq saxlanılması üçün süni göllərin yaradılması narazılığa səbəb olub. Sakinlərin şikayəti əsasında çoxsaylı dövlət qurumu ərazidə araşdırma aparıb. İşə polis, prokurorluq, məhkəmə orqanları da qarışıb. Amma illərdir yazışma, araşdırma, təhqiqat predmeti olan problem hələ də öz həllini tapmayıb.

Bu barədə virtualaz.org saytının Şirvan bürosuna məlumatı Xoşçobanlı kəndinin sakini Vüqar Əmiralı oğlu Bağırov verib. Onun sözlərinə görə, göllər kənd camaatının mal-qara otardığı örüş sahəsini zəbt etməklə yanaşı, əkin sahələrinə və qəbiristanlığa da zərər vurur: "Göllər yerləşən ərazidə vaxtilə Telman adına kolxozun ferması yerləşib. Burada 1000-dən çox iribuynuzlu mal-qara üçün həm saxlanc yerləri, həm də otlaq sahəsi olub. Torpaq islahatından sonra həmin ərazi "əhalinin ümumi istifadəsində saxlanılmaqla” bələdiyyə mülkiyyətinə keçib.

Göl sahibləri də torpağı 2005-ci ildən başlayaraq bələdiyyədən alıblar. Onların əlində icarə müqaviləsindən başqa sənəd yoxdur. Amma həmin torpağın təyinatı qanunsuz olaraq dəyişdirilib, otlaq sahəsində qazıntı işi aparılmaqla süni yolla göl yaradılıb. Balıqçılıq təsərrüfatının yaradılması da müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmayıb. Bu dediklərim dövlət orqanlarının rəsmi sənədlərində də öz əksini tapıb. Bütün bunlar cinayət əməlləridir”.

 

Vüqar Bağırov süni yaradılan göllərə görə kəndin bütün əhalisinin əziyyət çəkdiyini deyir: "Göllər ümumilikdə 40 hektar sahəni əhatə edir. İşbazlar 4 500 metr uzunluqda dərin kanallar qazmaqla onların kənarına möhkəm bənd vurublar. Bu yolla göllərdə suyun səviyyəsi yer səthindən bir metr yarım yüksəyə qaldırılıb. Nəticədə ətraf ərazilər də daim zinə suları altında qalır. Əhalinin əkini yanır, mal-qarasını otarmağa yer tapmır. Bu zinədən qəbiristanlıqda uyuyan ölülərimiz də əziyyət çəkir, onların da qəbirləri su içində qalıb. Torpaqlarımızı şoranlaşma aparır. Bir qrup şəxsə görə kənd batıb gedir”.

Vüqar Bağırov bildirir ki, kənd camaatı 50-100 nəfərlik heyətlə dəfələrlə İmişli Rayon İcra Hakimiyyətində qəbulda olub. Onların şikayəti dinləniləndə hər dəfə söz verilib ki, bu özbaşınalığa son qoyulacaq: "Amma görünür, göl sahiblərinin İcra Hakimiyyətində də havadarları var. Buna görə də heç bir təsirli tədbir görülməyib. Bizə cavab verilib ki, "göl sahibləri ilə dəfələrlə söhbət aparılıb və qanunvericiliyin tələbi onlara izah edilib”. Nə olsun? Bu orqandan soruşan lazımdır: qanunazidd hərəkət edənlər barədə özünüz tədbir görə bilmirsinizsə, kimə müraciət etmisiniz? Belə vəziyyətdə hərəkətsizlik etməyin özü də qanunsuzluğa rəvac verir”.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi örüş sahəsində göl yaradılmasını "qanuna zidd” hesab edib. Agentliyin direktor müavini Şamil Abdullayev şikayətçilərə yazılı olaraq bildirib ki, torpaqların təyinatının özbaşına dəyişdirilməsi barədə məlumat yerində araşdırılarkən öz təsdiqini tapıb və bu əməldə cinayət tərkibi olduğu üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə müvafiq məktub ünvanlanıb. Eyni vaxtda, Baş Prokurorluğun göstərişi əsasında İmişli Rayon Prokurorluğu da "özbaşına göl yaradılması” məsələsini araşdırıb. Lakin hüquq-mühafizə orqanlarının təhqiqatı da heç nəyi dəyişməyib: göllər göllüyündə qalıb, şikayətçilər isə şikayətində.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi idarəsi göl sahiblərinə icrası məcburi olan göstərişlər verib. Tələb təmin ediilmədiyindən məhkəmədə iddia qaldırılıb. Bu barədə sakinlərə Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentindən məlumat verilib.

İşə baxan İmişli Rayon Məhkəməsi (hakim Akşin Əfəndiyev) isə hesab edib ki, bu dövlət orqanının "subyektiv hüququ pozulmadığından” (!!!- red.) onun tərəfindən cavabdehlərə qarşı "qanunsuz olaraq yaradılmış süni göllərin doldurulması, onların altındakı torpağın əvvəlki vəziyyətə gətirilməsinə dair” iddiası əsassızdır. Qətnamədə o da qeyd olunub ki, "7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi həmin göl ərazisində araşdırmalar aparmış, lazımi göstərişlər vermiş, həmin göstərişlər yerinə yetirilmiş və hal-hazırda göllərin istifadə vəziyyəti ekoloji cəhətdən normal vəziyyətdə olaraq ətraf mühitə heç bir ziyanı yoxdur”.

7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Şükür Şirinov isə saytımıza verdiyi açıqlamada bildirdi ki, "İmişli Rayon Məhkəməsinin müvafiq qətnaməsi onları da qane etmədiyindən Şirvan Apellyasiya Məhkəməsinə şikayət ediblər. Hazırda həmin şikayət məhkəmənin icraatındadır, cari il may ayının 3-də yekun məhkəmə iclasının keçiriləcəyi gözlənilir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Xalıqverdi Hüseynov da sakinlərə yazılı olaraq bildirib ki, "...bu qanunsuz fəaliyyətin dayandırılması üçün həmin şəxslər tərəfindən icrası məcburi olan "Məcburi göstərişlər” qanunvericilikdə müəyyən edilmiş müddət ərzində yerinə yetirilmədiyi üçün şöbə tərəfindən təqsirkar şəxslərin hər biri inzibati qaydada cərimə olunmuş və qanunsuz yaradılmış balıqçılıq göllərinin ləğvi üçün İmişli Rayon Məhkəməsinə müraciət olunmuşdur... Həmçinin məsələ ilə bağlı tədbirlərin görülməsi üçün Bələdiyyələrlə İş Mərkəzinə , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 14 saylı İmişli Ərazi Şöbəsinə və İmişli RİH-ə məktubla müraciət edilmişdir”.

Şikayətçi kənd sakini Vüqar Bağırov isə deyir ki, artıq məhkəmə qərarının üzərindən icra orqanları tədbir görə bilmir: "... Son vaxtlar isə bizə verməyə cavab tapıblar: "İşə məhkəmədə baxılıb və ona hüquqi qiymət verilib.” Bax beləcə haqlı şikayətimiz dondurulub”.

Vüqar Bağırov sonda onu da bildirib ki, onlara süni göllərdən daha çox problemin süni surətdə saxlanılması təsir edir: "3 ildir ki, biz aidiyyəti dövlət orqanlarına yazırıq. Nazirlərin, komitə rəhbərlərinin, yerli məmurların qəbulunda da olmuşuq. Bu orqanların nümayəndələri gəlib vəziyyəti yerində görürlər, bizə rəsmi cavab verirlər ki, göl sahiblərinin əməlləri qanunsuzdur. Amma bu qədər dövlət orqanının 3 il müddətində kiçik bir problemi aradan qaldıra bilməməsi, sonda məhkəmənin belə qərar çıxarması, təkcə bizim hüququmuzun pozulması demək deyil, eyni zamanda qanunlarımızın aliliyinə hörmətsizlikdir...”.

Emil Məmmədov

Virtualaz.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}