27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Məsələ nədən ibarətdir? Sən amerikan psixoloqu Ceynsin "Bikameral ağlın süqutu nəticəsində şüurun doğulması” (1976) kitabında irəli sürdüyü hipotezaya əsaslanır və təxmin edirsən ki, 3000 il bundan öncəyə qədər bütün insanların beyni ikikameralı olub. Homerin dastanlarına əsaslanan Ceyns iddia edirdi ki, vaxtilə insan beyninin bir kamerasından o birinə səs gəlib – biri danışıb, digəri dinləyib. Sonra isə guya hansısa coğrafi, demoqrafik və sair amillər sonucunda beynin ikikameralı quruluşu aradan qalxıb, çağdaş düşüncə formalaşıb. Lakin ayrı-ayrı adamlarda bikameral dönəmin qalıqları hələ min illər boyu qalıb. Onlar öz beyinlərindən gələn səsi avam çoxluğa ilahi vəhy, səmavi müjdə, özlərini isə Allahın elçisi kimi təqdim ediblər. Nəticədə vəhylər toplusundan ibarət "Tövrat”, "Zəbur”, "İncil”, "Quran” kimi kitablar, bu kitablara söykənən dinlər və dini düşüncə ilə yönləndirilən cəmiyyətlər formalaşıb. Bikameral hipotezadan belə çıxır ki, vəhy səmavi deyil və dinin ilahi mənşəyi yoxdur. Guya bütün dinlər insan beyninin primitiv, ibtidai dönəmlərinə məxsus verbal hallüsinasiyaların, yəni öz-özü ilə virtual danışığın nəticəsidir. Amma Ceynsin bu nəzəriyyəsi ateist alimlərin özü tərəfindən belə birmənalı qarşılanmayıb. Oksford Universitetinin professoru, ünlü ateist, "Allah bir illüziya kimi” kitabının müəllifi Riçard Dokinz ona münasibətini – "Bu cür kitablar ya tamam cəfəngiyatdır, ya da mütləq mənada dahiyanədir, güman ki, birincidir, amma hələ ki, dəqiqini deyə bilmirəm”, – deyə bildirib. Ceynsin bir insan kimi də həyatı o qədər ürəkaçan keçməyib – içən olub, üç il həbsdə yatıb və sair və ilaxır… Lakin indi mən alimin "mənfi” reputasiyasını onun kitabına qarşı silaha çevirmək fikrində deyiləm. Üstəlik də, Ceynsə rəğbətim var, çünki azad fikirli, cəsarətli bir alim kimi akademik elm təmsilçilərinə məxsus pedantizmdən uzaq biri, yəni istedad sahibi olub. İstedad isə hörmətə layiqdir. Bikameral nəzəriyyəyə gəlincə, ona "elmi” metodla dəyər vermək mənim imkanım xaricindədir. Bunun üçün mütəxəssislər var. Mən az qala ehkam şəkli almış bir duruma – nə deməsindən asılı olmayaraq, qərb alimləri qarşısında pərəstişə etiraz edirəm. Görürəm ki, sən də təxminən belə pərəstiş mövqeyindəsən və bütünü qırmaq istəyirəm. Yoxsa, 20 il öncə dünyasını dəyişmiş, daha 20 il öncə isə bir kitab yazmış Ceyns hara, mən hara? Bəli, son beş-altı yüz ildə qərb elmi insanlığa misilsiz töhfələr verib. Amma bu o demək deyil ki, istənilən qərblinin istənilən hipotezasını Quran ayəsi kimi qəbul etməliyik. Əgər elə olsa, bir tərəfdən dini doqmalar əleyhinə çıxıb, o biri tərəfdən yeni bir "din” – qərb düşüncəsi qarşısında pərəstiş yaratmarıqmı? Üstəlik də, O.Şpenqlerin dediyi kimi, qərbin artıq qüruba doğru getdiyi bir vaxtda. Gəl, gözümüzü qapayan bu pərəstiş pərdəsini kənara çəkək və Ceynsin nəzəriyyəsinə ayıq başla yanaşaq. Düzdür, bikameral nəzəriyyə Dokinzin ateizmi ilə müqayisədə həqiqətə daha yaxındır. Amma əmin ola bilərsən ki, Ceynsin nəzəriyyəsi də yanlışdır. Əvvəla, o, vəhy ilə daxili səsi qarışıq salır, ikincisi isə daxili səsin özünün də kökünə gedə bilmir.
Bəs, məsələnin kökü nədədir? Ondadır ki, bütün orijinallığına baxmayaraq, Ceyns materializmin ana ehkamından kənara çıxmır və elə zənn edir ki, daxili səsin əsasında guya beyin, yəni materiya durur. Əslində, daxili səs beyindən gəlmir, beyinə gəlir və bunlar tamam fərqli şeylərdir. Fikrim tam aydın olsun deyə bir müqayisə aparacağam. Əgər dillərinə toxunan olmasa, piano səs verə bilməz, bunun üçün onu kimsə dilləndirməlidir. Beyin də öz-özünə səs verə bilməz, onu ruh dilləndirir. Parlamentar dillə desək, ruh qanunverici, beyin icraedicidir. Qanunları verən yalnız və yalnız ruhdur. Ona görə o, bədəni tərk edən kimi bütün həyat qanunları bir andaca qüvvədən düşür – ölüm baş verir. Ruh qeyri-maddi, dünya maddidir və ona yad olan maddi aləmdə ruh hətta ən yüngül bir şeyi – bir quş lələyini də yerindən tərpədə bilməz. Maddi aləmlə əlaqə üçün ruhun vasitəçiyə ehtiyacı var. Onun maddi örtüyə – bədənə girməsinin səbəbi budur. O, göz vasitəsilə görür, qulaqla eşidir, ağızla danışır, ayaqla yeriyir, əllə toxunur və sair. Bunlar hamısı ruhun maddi aləmdəki köməkçiləri, beyin isə onların baş qərargahıdır. Amma ruhun özünün də "beyni” var. Bu, aprior qanunlar toplusu olan vicdandır. Vicdan ilahi qərarla ruha əzəldən, yəni o hələ bədənə girməmiş çip şəklində yerləşdirilib. Bəzilərində vicdan oyaqdır və onun verdiyi informasiya onurğa beyninin başa birləşdiyi yerdə yerləşən hipofiz adlı vəz vasitəsilə daxili nitqə çevrilərək həmin şəxsin beyninə ötürülür. Ceyns ruhun nə olduğunu qavramadığından, daxili səsin əsl mənbəyinin vicdan olduğunu görmür, elə zənn edirdi ki, guya o səs beynin bir kamerasından digərinə verilir. Amerikan aliminin bu fundamental səhvi onun ateist-materialist dünyagörüşündən doğurdu. Atezim və materializm olan yerdə belə bir səhv qaçılmazdır. Çünki ruhu qavramayan onun nüvəsi olan vicdanı da dərk etməz və atesit-materialist düşüncə vicdansızlıqdır. Söhbət, əlbəttə ki, həyat və məişətdə yox, sözün fəlsəfi mənasında vicdansızlıqdan, yəni vicdanı dərk etməməkdən gedir. Amma Ceynsin ikinci, daha ciddi bir yanlışı da var – o, daxili səsi vəhylə qarışıq salırdı. Halbuki, daxili səsdən fərqli olaraq, vəhy fövqəlinsani təzahür – kənardan gələn səsdir. Bunun ən sadə və ciddi sübutu odur ki, Peyğəmbərə gələn vəhyi onun əshabələri də eşidirdilər. Əlbəttə, Peyğəmbərdən fərqli olaraq aydın nitq yox, anlaşılmaz səs şəklində. Maraqlıdır, əgər vəhy insan beyninin bir kamerasından digərinə ötürülən səsdirsə, yəni daxili prosesdirsə, əshabələr bunu necə eşidirdi? Yoxsa, onlar Peyğəmbərin beyninə girmişdilər? Soruşa bilərsən ki, axı, sən – ixtisasca tamam başqa bir sahənin adamı, nəyə güvənib belə dirəniş göstərir, qəti anticeyns mövqe sərgiləyirsən? Amma mən də soruşa bilərəm ki, bəs, Ceyns nəyə güvənib müqəddəs kitabları inkar edəcək qədər iddialı bir nəzəriyyə irəli sürürdü? Homerin "İliada” və "Odisseya” dastanlarına? Bəyəm, bədii təxəyyülün məhsulu olan mətnlər əsasında bu cür iddialı bir nəzəriyyə qurmaq olar? Bir də əgər nağıla inanırıqsa, niyə yəhudilər və ərəblər yox, məhz yunanların nağılına inanmalıyıq? İkincisi, Ceynsin hipotezasının "elmi” izahı yoxdur. Darvin meymunun insana çevrildiyini sübut edə bilmədiyi kimi, Ceyns də bikameral ağıldan çağdaş şüura keçidi sübut edə bilmir. Üçüncüsü, peyğəmbərlər "bikameral düşüncənin süqutundan sonra” yox, insan yer üzünə gələndən zühur edib. İlk insan olan Adəm həm də ilk peyğəmbərdir. Bütün bunlara rəğmən, Ceynsin hipotezasını ateist mövhumat və materialist xurafatdan əsl elm və həqiqətə gedən yolda növbəti addım saymaq olar. Çünki o heç olmasa daxili səsin varlığını inkar etmirdi. Belə bir mövqe ateist-materialist mentallığa köklənən, allahsızlığın dövlət ideologiyası səviyyəsinə yüksəldiyi, cəhalətin öz pikinə çatdığı və haqqın səsini batırdığı iyirminci əsrdə böyük irəliləyiş idi. Elmin maarifçilik dönəmindən üzü bəri mürgüləyən vicdanı yavaş-yavaş oyanır, kitablardan oyanmış ruhun səsi gəlirdi. Ceynsin kitabı hələ özünü tam dərk etməmiş bu oyanışın ifadəsi idi. Dokinzin Ceynsi "bəyənməməsi” və onun yazdıqlarını "cəfəngiyat” sayması da bununla bağlıdır. Ateistin nəzərində həqiqətin nəinki özü, hətta onunla bağlı hər şey cəfəngiyatdır. Əziz Vüsal, bilirəm ki, Allaha inam hər kəsin fərdi vicdan işidir. Əgər kimsə buna daxili tələbat, mənəvi ehtiyac duymursa, onu zorla inandırmaq nəinki mümkün, heç lazım da deyil. Müqəddəs Quran da təsdiq edir ki, dində məcburiyyət yoxdur və ürəklərin möhürünü qırmaq səlahiyyəti ancaq və ancaq Allaha məxsusdur. Lakin biz əlahiddə adalarda yaşayan robinzonlar yox, cəmiyyət üzvləriyik və imanın fərdi-ruhi tərəfi ilə yanaşı, sosial-siyasi yönləri də var. Odur ki, məncə, insan, özəlliklə də, sənin kimi ziyalı biri özünün Allah, Quran, iman, din haqqında dediyi hər kəlmə, yazdığı hər cümlə ilə milyardlarla insanın ən müqəddəs hisslərinə toxunduğunu unutmamalıdır. Şəxsən mən belə bir eqoist mövqeyi gənc yaşlarından tanıdığım, özü də sadəcə savadlı yox, həm də kifayət qədər ağıllı bir adam kimi tanıdığım sənə müvafiq görmür, sənin sosial şəbəkələrdə müqəddəs dini anlayışlara qarşı təhqiramiz çalarlı çıxışlarını bir az təəssüf, bir az da təəccüb hissi ilə izləyirəm. Sən istər sayt rəhbəri, istərsə də "Lider” telekanalının siyasi şərhçisi kimi neçə illərdir geniş oxucu və tamaşaçı kütləsinin gözü önündəsən. Məncə, bu cür ictimai statusu olan adam Azərbaycanın tarixən də, bu gün də İslam dünyasının ayrılmaz tərkib hissəsi olduğunu diqqətdə saxlamalı, dövlətçilik mövqeyindən edilən siyasi şərhlərin müəllifi kimi dövlət bayrağımızın rənglərindən birinin dini inancımızı simvolizə etdiyini, Bakının artıq neçə ildir ki, İslam mədəniyyətinin paytaxtına çevrildiyini unutmamalıdır. Əgər məktubuma cavab yazası olsan, səndən bir xahişim olacaq. O məktubda nə deyirsən de, amma, "avam xalqı cəhalətdən xilas etmək” iddiasına düşən maarifçi ədası ilə danışma. Çünki Volter və Axundov dövrü uzaq əsrlərin o üzündə qalıb və biz maarifçi yox, neomaarifçi, hətta postmaarifçi dönəmin adamlarıyıq. Bu gün elm dinin əzəli-əbədi həqiqətlərini təsdiq etmək istiqamətində inkişaf edir, dini ehkamlar özünün elmi izahını tapır. Bir sözlə, dövrümüzün əsas özəlliyi din və elm arasındakı klassik qarşıdurma yox, əksinə, onların sintezidir. Ən nəhayət, niyə başqalarının inanıb-inanmamağı səni bu qədər ciddi surətdə narahat edir və ardıcıl ateist çıxışlara sövq edir? Heç bu haqda düşünübsən? Məncə, yox. Amma düşünmək lazımdır. Özü də Volter, Axundov, Freyd, Fromm, Ceyns və Dokinzi də, ateist-dindar müstəvisindən hər cür intellektual mübahisə və ideoloji qarşıdurmanı da bir kənara qoyub düşünmək: mən kiməm və nə istəyirəm? Çünki bütün bu bitib-tükənmək bilməyən mübahisə və müzakirələrdən bir məqsədimiz var – həqiqətin dərki. Həqiqətin dərkinin yeganə yolu isə özünüdərkdən keçir.