Ermənistan yeni xaos astanasında - ABŞ Paşinyana əvəz axtarır

 

Son rəy sorğularına görə, işğalçı ölkənin prezidentinin nüfuzu baş naziri üstələyib; inqilab lideri Ermənistanın 2-ci şəxsinə çevrilir - səbəblər; Paşinyan tərəfdarlarının çoxluqda olduğu parlament yeni prezident də seçə bilər, ancaq bu, xilas yoludurmu?..

İşğalçı Ermənistan "məxməri inqilab”dan sonra hələ də özünə gələ bilmir. İlk baxışda ölkədə legitim hakimiyyət bərqərar olsa da, bu hakimiyyət bir ildən çoxdur əhalinin əsas problemlərinin həlli ilə məşğul olmaq əvəzinə, ilk növbədə siyasi rəqibləri, əsasən də Qarabağ klanı ilə haqq-hesab çürütməklə məşğuldur.

Baş nazir Nikol Paşinyana qarşı hazırda iki cəbhə mövcuddur - Qarabağ cəbhəsi və Qarabağ klanının açdığı cəbhə. Bu da azmış kimi, deyəsən, "üçüncü cəbhə” də açılır. Bu da prezident Armen Sərkisyanla bağlıdır. Məsələ ondadır ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ, ABŞ) ölkədə keçirdiyi son rəy sorğusuna görə, Nikol Paşinyanın reytinqi ilk dəfə olaraq, Armen Sərkisyanın reytinqindən geri qalıb. Məlumata görə, göstəricilər müvafiq surətdə 56 və 61%-dir.

*****

ermənistanda xaos ile ilgili görsel sonucu

Bu, ən əvvəl o anlama gəlir ki, N.Paşinyan ölkədə konstitusiyaya görə, 1-ci şəxs olsa da, ölkənin rəhbəri sayılsa da, faktiki, indi 2-ci şəxs qismindədir. Razılaşaq ki, Paşinyan və komandası üçün ciddi siqnaldır.

İkincisi, bu, onun göstəricisidir ki, erməni toplumu Nikol Paşinyanın işindən narazıdır, onun keçən bir il iki ayda gördüyü işləri kafi saymır, ondan hətta əlini üzə, dəstəyini kəsə bilər. Odur ki, etirazını hələ ki ona inamın azalması şəkildə büruzə verir.

Erməni toplum eyni zamanda siyasətdə və diplomatiyada qat-qat təcrübəli şəxs sayılan prezident Aram Sərkisyana simpatiyasını artırmaqla, ona daha çox rəğbət ifadə eləməklə, prezidenti ölkənin ən populyar şəxsi eləməklə indiki baş nazirə aydın bir mesaj göstərir ki, öz reytinqinə çox güvənməsin.

Bu mənada son rəy sorğusu (onun mötəbərliyi şübhə doğurmur) işğalçı ölkədə onsuz da kövrək olan daxili ictimai-siyasi durumu ciddi şəkildə silkələyə, yeni təlatümlərə və partlayışlara zəmin ola bilər. Demək, Paşinyanın qayğılarının, dərdinin artdığını əminliklə söyləmək olar. "Xalq naziri”nin belə vəziyyətdən necə isə çıxacağı çox maraqlıdır...

*****

Prinsipcə, Nikol Paşinyan erməni prezidentin artmaqda olan nüfuzunu önləmək üçün onun tərəfdarlarının üstünlük təşkil elədiyi parlament yeni prezident də seçə bilər. Ancaq bunu birincisi, hansısa şəkildə əsaslandırmaq lazım gələcək. İkincisi, Sərkisyana layiqli, lakin Paşinyanın kölgəsində qalacaq zəif bir əvəzedici tapmaq gərək olacaq. Belə bir şəxsi tapmaq isə asan deyil.

ermənistanda xaos ile ilgili görsel sonucu

Üçüncüsü, hətta layiqli namizəd tapılsa belə, Armen Sərkisyanın cəmiyyətdəki populyarlığı zorən istefaya göndəriləndən sonra haqsız "zərərçəkmiş" kimi artacaq. Çünki bu populyarlıq Nikol Paşinyan və komandasının səriştəsizliyinə ekvivalent olaraq artır. Yəni səbəb-nəticə bağlılığı. İş də ondadır ki, baş nazir vəd etdiyi islahatlar məsələsində tezliklə əhəmiyyətli uğurlara imza atmasa, prezident kürsüsündə Sərkisyanın və ya digər birisinin oturmasından asılı olmayaraq, onun reytinqi düşməkdə davam edəcək.

Başqa sözlə, Paşinyan Sərkisyanı nüfuz baxımından üstələmək, reytinqinin yüksək səviyyədə qalmasını istəyirsə, öncəliklə daxili siyasətdə ciddi uğurlara imza atmalı, ac-yalavac əhaliyə verdiyi sözü tutub onun sosial-iqtisadi durumun yaxşılaşmasına nail olmalıdır. Bundan ötrü isə dəfələrlə deyildiyi kimi, velosipedi təzədən kəşf eləməyə ehtiyac yoxdur. Dağlıq Qarabağ konfliktinin həllində ciddi dönüşə, Azərbaycan və Türkiyə ilə anlaşmaya nail olub, ardınca ölkəni blokada rejimindən çıxarmaq kifayətdir.

Buna da Paşinyanın siyasi iradəsi çatmır. Nəticədə inqilab dalğasında hakimiyyətə qərbçi kimi gələn Nikol özünü artıq qatı rusiyapərəst kimi aparmaq zorunda qalıb. Sözsüz ki, bu da nəinki erməni toplumunun, həmçinin Qərbin onunla bağlı gözləntilərinin fiasko olmasına gətirib. Amma indi həmin o Qərbin - ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (İRİ) keçirdiyi rəy sorğusu Paşinyanı ölkədə ikinci şəxsə çevirib. Bu da demokratiya paytaxtlarının "iki stul” siyasəti aparmağa çalışan Paşinyana özünəməxsus mesajı sayıla bilər. Belə görünür ki, Qərb, ABŞ ciddi şəkildə Paşinyana alternativ axtarışına çıxıb.

*****

Xatırladaq ki, Ermənistanda "məxməri inqilab”ın baş verməsində mühüm rol oynamış ABŞ Nikol Paşinyandan ilk növbədə Ermənistanı tədricən Rusiya orbitindən uzaqlaşdırmağı gözləyirdi. Bunun da yolu kimi ona Dağlıq Qarabağ konfliktinin həllində ciddi addımlar atıb, qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri tezliklə qaydaya salmaq təklif olunurdu. Bu ismarışlar həm ABŞ prezidenti Donald Trampın bu ilin fevralında Paşinyana göndərdiyi təbrik məktubunda əksini tapmış, həm də onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton tərəfindən ötən ilin oktyabrında İrəvanda ona şəxsən çatdırılmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti