Tezliklə Tiflisdə üçtərəfli GÖRÜŞ BAŞ TUTA BİLƏR


Nazim Cəfərsoy: "Avropalılar Qafqaz siyasətindən anlamırlar, ona görə bölgədə oyun qurucu olma şansları yoxdur, amerikalılar isə bu işi bilirlər, ancaq orda da Türkiyə fobiyası bu aralar çox güclüdür"

Elxan Şahinoğlu: "Paşinyan Gürcüstanla strateji tərəfdaşlıqdan danışsa da, Tiflisin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən yayınır, halbuki bu, sülh sazişinin imzalanması üçün ən münasib məkandır"

Fuad Qəhrəmanlı: "Gürcüstan danışıqlarda vasitəçi olarsa, bu zaman Brüsseli yumşaq formada "ofsayda" qoymaq olar və bu, elə də kəskin qıcıq yaratmaz"

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK televiziya kanalına müsahibəsində ölkəsinin Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacağını bildirib. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, Qaluzin Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli bəyanatın icrasının aktual olaraq qaldığını qeyd edib.

O, həmçinin əlavə edib ki, Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların aparılması imkanını nəzərdən keçirir: "Azərbaycan artıq prinsipial razılığını verib. Biz gözləyirik ki, Ermənistan da bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştiraka razı olacaq". Rusiya xarici işlər nazirinin müavini bu qənaətdədir ki, Qarabağda münaqişə hələ də yekunlaşmayıb: "Hesab edirəm ki, münaqişə vəziyyətinə hələ də son qoyulmayıb. Və burada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər kompleksi aktual olaraq qalır. Söhbət Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılması, sərhədin delimitasiyası ilə onun sonradan demarkasiyası, sülh müqaviləsinin imzalanması və ictimai xadimlər, ekspert icmaları, Azərbaycan və Ermənistan parlamentariləri arasında əlaqələrin qurulması kimi mühüm komponentlər üzrə razılaşmaların əldə olunmasından gedir. Bütün bunlar birlikdə gələcək razılaşmada müəyyən ediləcək qarşılıqlı məqbul normallaşma şərtlərinə gətirib çıxarmalıdır. Rusiya isə hər iki ölkə ilə tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan dövlət kimi iki qonşumuz arasında davamlı, balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacaq".

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər isə qardaş ölkənin Azərbaycan Ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəklədiyini vurğulamaqla yanaşı, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlərin yarandığını bildirib: "Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşmaya mümkün qədər tez nail olacağıq".

Bu arada, onu da nəzərinizə çatdıraq ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olarkən, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışdıqlarını qeyd edib və əgər bu, birtərəfli və qərəzli deyilsə, rəsmi Bakının istənilən vasitəçiliyi və yardımı qəbul etdiyini bəyan edib: "Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər".

"Ya İstanbulda, ya da başqa uyğun bir yerdə Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə 4-lü zirvə görüşü olacaq"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoyun fikrincə, prezident İlham Əliyevin Tiflis səfərinin ən mühüm məqamı Gürcüstanın Azərbaycan ilə Ermənistan arasındakı sülh müzakirələrində fəallaşması və Qafqazda 3 ölkənin əməkdaşlığı kimi görünür. Politoloqun sözlərinə görə, tezliklə Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər.

Cənubi Qafqaza sülh, əmin-amanlıq və rifahın bir an öncə gəlməli olduğunun vacibliyini vurğulayan Nazim Cəfərsoy hesab edir ki, Avropa Birliyinin regionda sülh üçün qurduğu Granada masasında Türkiyənin iştirakına Fransa və müəyyən mənada Almaniya mane olub: "Bu hadisə isə Abropa Birliyinin Cənubi Qafqazdakı şansını daha da azaltdı. Digər tərəfdən, bu hadisə İstanbulda Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə 4-lü zirvəsini daha da aktual hala gətirdi. Düşünürəm ki, Moskva bu işdə maraqlı olacaq. Odur ki, ya İstanbulda, ya da başqa uyğun bir yerdə 4-lü zirvə görüşü olacaq". Politoloq əlavə edib ki, avropalılar Qafqaz siyasətindən anlamırlar, ona görə bölgədə oyun qurucu olma şansları yoxdur: "Amerikalılar isə bu işi bilirlər, ancaq orda da Türkiyə fobiyası bu aralar çox güclüdür".

"Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamasını cavabsız qoymaq olmaz"

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstanın vasitəçiliyinə müsbət yanaşdığını və bu haqda fikirlərini bir neçə dəfə dilə gətirdiyini deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Gürcüstanla strateji tərəfdaşlıqdan danışsa da, Tiflisin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən yayınır: "Halbuki, hardan baxsaq Gürcüstanın vasitəçiliyi həm Azərbaycana, həm də Ermənistana faydalıdır. Gələcək sülh sazişinin imzalanması üçün də Tiflis ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz".

Hadisələrin sürətli inkişafının Kremlin Qarabağla bağlı planlarını pozduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, artıq Azərbaycanla yanaşı, Ermənistan üçün də Rusiya hərbi kontingentinin Qarabağda varlığının mənası qalmayıb: "Rusiya hərbi məntəqələrini bağladıqdan sonra bölgəni tərk etməsi xəbərini də yayacaq. Bu isə Azərbaycanın Qarabağı tamamını nəzarətə götürməsindən sonra növbəti uğuru olacaq".

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin RBK televiziya kanalına müsahibəsinə gəlincə, Elxan Şahinoğlu bildirib ki, onun "Rusiya sülhməramlı kontingentinin Qarabağda olmasına tələb var və bu, gələcəkdə də zəruri olacaq" açıqlamasını cavabsız qoymaq olmaz: "Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində Qaluzinin bu sözlərinə cavab verilməlidir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyətinin davam etməsinə ehtiyac qalmayıb. Məsələ burasındadır ki, sülhməramlılarla bağlı açıqlama Qaluzinin şəxsi fikri deyil, Kreml bu yolla yenə nəbzimizi yoxlayır. Deməli, Kremlin Qaluzin vasitəsilə bizə göndərdiyi mesaj cavabsız qalmamalıdır. Cavab mesajında Rusiya prezidenti Vladimir Putinin bugünlərdə "Valday" konfransında Qarabağla bağlı dediyi "məsələ bitdi" fikri də xatırladılmalıdır".

"Moskva üçün Azərbaycan və Ermənistanın Brüsseldə görüşməyindənsə, Gürcüstan daha uyğun bir danışıqlar platforması sayıla bilər"

Prezident İlham Əliyevin Gürcüstan səfəri zamanı Nikol Paşinyanla bu ölkədə də görüşməyə hazır olduğunu bəyan etməsinə münasibət bildirən siyasi şərhçi Fuad Qəhrəmanlı isə hesab edir ki, bununla da Tiflis Brüsselə alternativ platforma kimi nəzərdə tutulur: "Ola bilsin ki, səfərin məqsədi də Gürcüstan rəhbərliyini vasitəçillik təşəbbüsünə razı salmaq olub. Bu günə qədər Moskvanın çox ciddi şəkildə dəstək verdiyi 3+3 formatı bir müzakirə platforması olaraq baş tutmayıb. Görünür, elə bu səbəbdən də nəzərdə tutulan tərkibə daxil olan ölkələr arasında regional problemlərin ikitərəfli qaydada müzakirəsi yolu ilə bu formatı funksional əməkdaşlıq modelinə çevirməyə cəhd edilir. Bu halda Moskva üçün Azərbaycan və Ermənistanın Brüsseldə görüşməyindənsə, Gürcüstan daha uyğun bir danışıqlar platforması sayıla bilər".

Siyasi şərhçinin fikrincə, Gürcüstan danışıqlarda vasitəçi olarsa, bu zaman Brüsseli yumşaq formada "ofsayda" qoymaq olar və bu, elə də kəskin qıcıq yaratmaz: "Moskva Ermənistanla gərgin münasibətə görə artıq vasitəçilik edə bilməyəcəyini nəzərə alır və öz yerini Qərbin də daha rahat həzm edə biləcəyi bir alternativə buraxmaq istəyir".

Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti