Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2024-cü il tarixində “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə verib. Azərbaycan və Rusiya arasında münasibətlər, tarixən yaxın qonşuluq və mədəni əlaqələrdən irəli gələrək, regional sabitliyin təminatında mühüm rol oynayır. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə, bu münasibətlərin yeni mərhələsini və iki ölkə arasındakı strateji əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
2022-ci ilin fevralında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Bəyannaməsi, Azərbaycan-Rusiya əlaqələrinin gücləndirilməsi baxımından tarixi addım olmuşdur. Prezident İlham Əliyev bu sənədin, iki ölkənin iqtisadi və siyasi sahələrdəki çoxillik uğurlu əməkdaşlığının məntiqi davamı olduğunu bildirib. Xüsusilə, Qafqaz və Xəzər regionunda sabitliyin təmin edilməsində bu bəyannamənin rolu önəmlidir. Bəyannamə, hər iki ölkənin müstəqil qərarlarını hörmətlə qarşılayan və əməkdaşlığı dərinləşdirən bir yanaşmanın təzahürüdür.
Azərbaycan-Rusiya münasibətlərinin mühüm aspektlərindən biri iqtisadi əməkdaşlıqdır. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin müsbət dinamika ilə artdığını vurğulamışdır. Xüsusilə, pandemiyadan əvvəlki səviyyəyə çatmaq üçün turizm sahəsində qarşılıqlı səfərlərin artması diqqət çəkir.
Eyni zamanda, Azərbaycanın Qarabağın bərpası prosesində Rusiya şirkətlərinin iştirakını təşviq etməsi də mühüm iqtisadi əməkdaşlıq nümunəsidir. Məsələn, Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinə cəlb olunan Rusiya şirkətləri və Həştərxan vilayətinin sosial infrastruktur layihələri, bu əlaqələrin inkişafını göstərir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərindəki gərginliklərə toxunaraq, Ermənistanın silahlanma yarışına daxil olmasını qınamış və bunun regional sabitliyə təhlükə törətdiyini bildirmişdir. Makron hökumətinin və bəzi Qərb ölkələrinin Ermənistana hərbi dəstəyi, Azərbaycanın suverenliyinə və sülh təşəbbüslərinə qarşı birbaşa təhlükə kimi qiymətləndirilmişdir.
Eyni zamanda, Prezident Əliyev Ermənistanla sülh sazişi üzrə irəliləyişlərdən bəhs edərək, qarşılıqlı iddialardan imtinanın və sərhədlərdə NATO-nun infrastrukturlarının yerləşdirilməməsinin vacibliyini vurğulamışdır. Bu prinsiplərin qəbul edilməsi, sülh sazişinin imzalanmasını asanlaşdıracaq və bölgədə sabitlik üçün yeni üfüqlər açacaqdır.
Azərbaycanın enerji siyasəti, ölkənin dayanıqlılığını və beynəlxalq rəqabət qabiliyyətini təmin edir. Prezident İlham Əliyev, Azərbaycanın təbii qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu bildirərək, ölkənin əlavə enerji mənbələrinə ehtiyac duymadığını vurğulamışdır.
Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda kiçik su elektrik stansiyalarının yaradılması və Xəzər dənizində külək enerjisi potensialından istifadə, Azərbaycanın bərpa olunan enerji sahəsindəki liderliyini təsdiqləyir. Dünya Bankının hesablamalarına görə, yalnız Xəzər dənizində külək enerjisi potensialı 157 min meqavata çatır ki, bu da ölkənin enerji ixracını genişləndirmək üçün böyük imkanlar yaradır.
Prezident İlham Əliyevin müsahibəsində Fransa ilə münasibətlər xüsusi diqqət çəkir. Fransa hökumətinin ermənipərəst mövqeyi, iki ölkə arasındakı əməkdaşlıq perspektivlərini çətinləşdirir. Makron hökumətinin Ermənistanı hücum xarakterli silahlarla təmin etməsi, Azərbaycanın təhlükəsizlik maraqlarına zidd bir addım kimi qiymətləndirilmişdir.
Eyni zamanda, Prezident Əliyev, Azərbaycanın müstəqil xarici siyasət kursunu qorumağa davam edəcəyini və Fransa hökumətinin qərəzli yanaşmalarına qarşı dayanacağını qeyd etmişdir. Fransa ilə münasibətlərdə yaranan gərginlik, Azərbaycanın öz milli maraqlarını üstün tutması və suverenliyini qorumağa yönəlmiş qərarlılığını göstərir.
Müsahibədə Azərbaycan cəmiyyətində rus dilinə olan maraq və təhsil sahəsindəki uğurlar xüsusi vurğulanıb. Hazırda ölkədə 800 minə yaxın şagird rus dilini ikinci dil kimi öyrənir, 320-dən çox məktəbdə isə tədris birbaşa rus dilində aparılır. Bu, Azərbaycanla Rusiya arasında mədəni və elmi əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan, həmçinin, multikultural dəyərlərini qlobal miqyasda təbliğ edir. Bakının mədəniyyətlərarası dialoq üçün beynəlxalq mərkəzə çevrilməsi, ölkənin müxtəlif mədəniyyətlərə açıq olduğunu nümayiş etdirir. Bu yanaşma, Azərbaycanın beynəlxalq nüfuzunu artırır və onun qlobal arenada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olur.
Prezident İlham Əliyevin müsahibəsi, Azərbaycan-Rusiya münasibətlərinin çoxşaxəli inkişafını əks etdirir. Müttəfiqlik Bəyannaməsi ilə möhkəmlənən bu əlaqələr, iqtisadi, siyasi, enerji və təhlükəsizlik sahələrində strateji əməkdaşlıq üçün yeni perspektivlər açır.
Eyni zamanda, Azərbaycan, müstəqil xarici siyasət kursu ilə regional və beynəlxalq çağırışlara çevik reaksiya verir. Fransa ilə münasibətlərdə yaranan gərginliklərə və Ermənistanın təxribatçı addımlarına baxmayaraq, Azərbaycan sülhün təmin edilməsi və dayanıqlı inkişafa töhfə vermək üçün öz qətiyyətini nümayiş etdirir.
Fərəh Hüseynova
Suraxanı rayonu, 141 saylı tam orta məktəbin direktoru
Sozcu.info