Keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir

Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.
Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.
Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində qazanılmış nailiyyətlər nəticəsində ötən il də ölkə iqtisadiyyatının inkişafı baxımından uğurlu olmuşdur. Belə ki, makroiqtisadi sabitlik qorunub saxlanılmış, ölkə iqtisadiyyatının diversifikasiyası daha da genişləndirilmiş, ümumi daxili məhsul istehsalında (ÜDM) qeyri-neft sektorunun rolu artmış, sənayeləşmə siyasəti və dövlət proqramlarının icrası uğurla davam etdirilmişdir. Sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilmiş, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində iqtisadiyyata sərmayə qoyuluşu çoxalmış, qeyri-neft ixracı sürətlənmiş, xarici ticarət dövriyyəsi artmış, əhalinin rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bununla yanaşı, ÜDM artmış, qeyri-neft sektorunda 9,5 faizlik artıma nail olunmuşdur. Dünyanın bir sıra ölkələrində, xüsusilə avrozonada iqtisadiyyatda qeyri-sabitlik olmasına baxmayaraq, iqtisadi təlatümlərə dayanıqlıq nümayiş etdirən Azərbaycan iqtisadiyyatı davamlı inkişaf etmişdir.
Ötən il ÜDM-də qeyri-neft sektorunun payı 47,3 faizə yüksəlmişdir. Ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti xarici sərmayədarların Azərbaycan iqtisadiyyatına marağını artırmışdır. Ötən ilin on bir ayında əsas kapitala 10 milyard manat investisiya yönəldilmişdir ki, bu sərmayələrin 73,6 faizi qeyri-neft sektorunun payına düşür.
Azərbaycan son 22 ildə çox böyük iqtisadi uğurlara imza atıb. Cənubi Qafqazın ən böyük iqtisadi potensialına malik olan ölkəmiz iştirakı olmadan regionumuzda heç bir layihə gerçəkləşə bilməz. Bu gün ölkəmiz nə iqtisadi, nə də siyasi cəhətdən heç bir ölkədən asılı deyil. Ölkəmizdə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir. Xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Biz artıq donor ölkə qismində çıxış edirik, beynəlxalq iqtisadi layihələri maliyyələşdiririk. Dövlətimizin iqtisadi inkişafı gücləndikcə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. İqtisadi inkişaf, gəlirlərin artması bütün sosial sahələrə də müsbət töhfəsini verir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti və cəsarətli addımları sayəsində mümkün olub.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faizə qədər artırmaqdır. Bunun üçün sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və indi bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən məlum oldu ki, Azərbaycan xarici borcunu bir qədər artırmaq niyyətindədir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir. Qarşıya qoyulan böyük layihələri icra etmək və büdcə yükünü azaltmaq üçün xarici borclanmaya getmək olar. Bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi idarəetmədə şəffaflığın təmin edilməsi gəlirlərimizin artmasına müsbət təsir göstərib. Büdcəmizin rekord səviyyədə olması 2024-cü ilin fəaliyyətinin nəticəsi deyil. Bu, uzun illər aparılan iqtisadi islahatların, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin, investisiya mühitinin yaxşılaşdırılmasının bizə verdiyi bəhrədir. Yeni idarəetmə modelinin müsbət tərəflərini artıq görməyə başlamışıq. Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunması, idarə heyətlərinin yaradılması və ora dövlət məmurlarının təyin edilməsi sayəsində bu sahədə şəffaflaşma təmin edildi. Uzun illər zərərlə işləyən dövlət şirkətləri bu dəyişikliklərdən sonra nəinki özü-özünü təmin etdi, həm də dövlət büdcəsinə ödəmələr etdilər. Ölkə başçısının da vurğuladığı kimi, uzun illər zərərlə işləyən, hər dəfə dövlət büdcəsindən dotasiyalar alan SOCAR, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” indi gəlirlə işləyir. İqtisadi sahədə müşahidə olunan inkişaf sosial sahəyə də öz müsbət təsirini göstərir. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatdı. Minimum pensiya 40 manat artaraq 320 manat oldu. Qarabağ və Şərqi Zəngəzurda bu qədər tikinti-quruculuq işlərinin getdiyi bir zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində belə bir addımların atılması dövlətimizin gücünün göstəricisidir.
Ölkəmizdə aparılan iqtisadi islahatlar, şəffaflıq, xarici sərmayələrin cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişikliyin şahidi oluruq. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ölkəmizin beynəlxalq reytinqi indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Reallıq budur ki, COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərinin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev 80 dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. COP29-un Bakı Nailiyyəti kimi dəyərləndirilməsi nəticələr barədə aydın təsəvvür yaradır.      
Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.
Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz.
Ölkəmiz Cənubi Qafqazda söz sahibidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regionda aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır. Yeni nizamı ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar xarici siyasət xəttimizdir. Azərbaycan öz siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Dövlətimizin başçısı İlham Əliyev bu mənzərəni belə təqdim etdi ki, bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Ölkəmiz yeni dünya nizamına öz töhfəsini əməlləri ilə verir. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil.
Dövlətimizin başçısı İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır. Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq.
Gülər Salmanova

Suraxanı rayonu, E.Qaranzadə adına 270 nömrəli məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti