7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
Bu ilin ilk həftəsində Prezident İlham Əliyev televiziya kanallarına müsahibə vermişdir, müsahibədə qeyri neft sektorundakı artımdan, aparılmış iislahatlardan, ölkənin hazırkı maliyyə durumundan, xarici dövlətlərlə münasibətlərdən, vətəndaşların sosial və iqtisadi durumundan bəhs olunmuşdur.Prezident çıxışın əvvəlində qeyd etmişdir ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinqin artmasından, Azərbaycana olan münasibətində müsbət dəyişikliyi hiss edirik.O, qeyd etdi ki, baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız artmışdır.Ölkə iqtisadiyyatımız haqqında da fikir bildirildi. Bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Müəyyən dərəcədə arta bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır. Prezident qeyd etdi ki, Azərbaycan öz tarixində ən yüksək büdcəyə çatmışdır və vətəndaşlarımızın vəziyyəti hər il yaxşılaşır. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.Ölkəmizin COP29 tədbirinin keçirilməsində qazandığı uğurdan bəhs edərək isə qeyd olundu ki, əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik – bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu. Daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.Çıxışda Azərbaycanın D 8 təşkilatına qəbul olunmasından bəhs edildi. “Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur.” Bu təşkilatda bizi dəstəkləyən ilk ölkə isə qardaş Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan olmuşdur. Çıxışın davamında yeni dünya nizamından və bu nizamda Azərbaycanın özünəməxsus yerindən də bəhs olundu.Hər çıxışında olduğu kimi bu dəfə də Ermənistanın işğalçı siyasətindən bəhs edərək qeyd etdi: “Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Deyərdim ki, bu, dialoq deyil, monoloq nəticəsində baş verdi. Belə ki, Ermənistanlaonilliklər ərzində dialoqun alınmaması aydındır. Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu “üçlüklə” çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Ermənistanın haqsız mövqeyinin Avropa və Amerika tərəfindən dəstəklənməsindən narahatlığını və işğalçı ölkənin silahlanmasının regionda yeni toqquşmalara yol aça biləcəyini də vurğuladı. Zəngəzur dəhlizinin açılmasının vacibliyindən qeyd edərək erməni rəhbərlərinin bu məsələdə olan qeyri adekvat mövqeyi də qətiyyətlə pislənildi.Qazaxın 4 kəndinin azad edilməsi xarici siyasətdə bizim növbəti uğurumuzdur. İllərdir düşmən tapdağı altında qalan digər ərazilərimiz kimi bu doğma yurd yerlərimiz də bu il əsl sahiblərinə qaytarıldı.Məcburi köçkünlərimizin öz döğma yurdlarına qaytarılması prossesi artıq ənənəvi hal kimi davam edir, qeyd olundu ki, “Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür… Yəni, bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var. Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.”Nitqin maraqlı məqamlarından biri də ölkə başçımızın qonşu ölkələrlə münasibətimizdən bəhs etməsi oldu. İranla münasibətlərimizə toxunuldu və qeyd olundu ki, İranın işğalçı Ermənistanı dəstəkləməsi və onlara neftlə yardım etməsi yaxşı hal deyil, eyni zamanda Gürcüstanın da sabitliyi pozması da.Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür.Türkiyənin xarici siyasətində baş verən son hadisələrdən danışıldı və onun bu addımının müsbət qarşılandığı bildirildi, hər bir addımında dövlətimizin bütün gücü ilə onların yanında olacağı bildirildi.Suriya Fələstin münaqişəsinin isə müstəqil Fələstin dövləti yaradılandan sonra bitəcəyinə ümidvarlığı vurğulandı. Amerika ilə siyasi münasibətlərlər, Rusiya Ukrayna münaqişəsi ilə bağlı fikirlər söylənildi və münasibət bildirildi.Azərbaycanın iqtisadi planlarından söz açılaraq bildirildi ki, gələcəkdə 10 yeni metro stansiyası tikilməsi planlaşdırılır. Eyni zamanda gələcək iqtisadi planlar da səsləndirildi.Azərbaycanlıların Zəngəzurda təhlükəsiz şəkildə yerləşdiriləcəyindən söz açıldı “Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa Prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”Ölkəmizin iqtisadi, siyasi , sosial sahədə uğurları bizi çox sevindirir biz ümid edirik ki, hörmətli Prezidentimizin uğurlu və uzaqgörən siyasəti nəticəsində bu uğurlar daimi və davamlı olacaqdır!Mehriban Həbibova Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin tarix müəllimi Sozcu.info