Minimum əməkhaqqı ilə bağlı

Əli Məsimli: “Minimum əmək haqqını 33-35 faizlik həddən 60 faizə mərhələlərlə çatdırmaq mümkündür”

Azərbaycanda minimum əməkhaqqının artırılması və saatlıq əmək haqqı rejiminə keçilməsi mövzusu yenidən gündəmdədir. Rəsmilərin açıqlamasında deyilir ki, bu sistemin tətbiqi işçi hüquqlarının gücləndirilməsi və sosial rifahın artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Hökumət bu addımları ataraq, işçilərin sosial müdafiəsini gücləndirmək və əmək bazarında daha ədalətli şərait yaratmaq məqsədi güdür.

Bildirilir ki, minimum əmək haqqının artırılması milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, işçilərin əməyinin daha layiqli şəkildə qiymətləndirilməsini təmin edəcək. Eyni zamanda saatlıq əmək haqqı rejiminə keçid, iş vaxtının daha səmərəli təşkili və işçilərin hüquqlarının qorunması istiqamətində mühüm addım kimi təqdim edilir. Bu dəyişikliklərin əmək bazarında daha çevik və müasir yanaşmaların tətbiqinə şərait yaradacağı və işçilərin öz hüquqlarını daha asan şəkildə qorumaq imkanını artıracağı bildirilir.

Qeyd edək ki, əmək haqqının saathesabı müəyyənləşdirilməsi Dünya Bankının təklifidir. Belə ki, Azərbaycan Dünya Bankının “Business Ready” hesabatı üzrə qiymətləndirməyə hazırlaşır. Bu yeni hesabatdan irəli gələn tövsiyələrə uyğun olaraq Azərbaycan hökuməti hesabatın “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi hazırlayıb. Yol Xəritəsində məşğulluq, əmək bazarı, əməyin qiymətləndirilməsi üzrə bir sıra tədbirlərin görülməsinə dair təkliflər öz əksini tapıb ki, onlardan biri də minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsidir. Burada minimum əmək haqqının strukturuna yenidən baxılması və əməyin qiymətləndirilməsi meyarının günlük deyil, saatlıq hesablanması təklif olunur.

Azərbaycanın Əmək Məcəlləsinə əsasən ölkəmizdə günlük iş saatı 8, həftəlik isə 40 saatdan artıq ola bilməz. Minimum əmək haqqı bu tələb əsasında müəyyənləşib. Təqvim ayının iş günü sayı təxminən 22-23 günə bərabər olduğuna görə hazırda 345 manat təşkil edən minimum əmək haqqı üzrə bir günlük əməyin dəyəri 15-15,7 manat təşkil edir. Bir saata düşən minimum əmək haqqı isə 1,8- 1,95 manata bərabərdir. Yəni hazırkı qanunvericiliklə saatlıq əmək haqqı hesabı olarsa, 1 saat üçün işçiyə bundan aşağı maaş təyin oluna bilməz. Çünki minimum aylıq əmək haqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Əməyin qiymətləndirilməsini təmin edən bu siyasətin əsas məzmunu işçilərin həyat şəraitini yüksəltməyə, yoxsulluq səviyyəsini azaltmağa və biznesin effektli olması yönündə stimul yaradılmasına xidmət edir. Azərbaycanda minimum əmək haqqı müvafiq qanunvericiliyə əsasən, ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Dünya Bankının təklifi əslində əməyin qiymətləndirilməsində səmərəliliyin təmin edilməsinə, konkret olaraq işlədiyi saatlar üzrə əməyin real qiymətləndirilməsinə xidmət edir. Aydın məsələdir ki, bank bu təklifi dünya təcrübəsinə əsaslanmaqla irəli sürüb. Məlumdur ki, bu praktikadan inkişaf etmiş ölkələrdə, xüsusilə də Avropada geniş istifadə olunur. Avropa ölkələrində minimum aylıq əmək haqqı anlayışı yoxdur, bu ölkələrdə orta və median əmək haqqı var. Minimum hədd 1 iş saatı üçün müəyyənləşdirilir. Eyni zamanda aylıq iş saatın miqdarına da minimum tələblər qoyulur. Bu tələblərə əməl olunması həmkarlar təşkilatları, işəgötürənlər və dövlətin nəzarətçi qurumları tərəfindən birgə həyata keçirilir. Hazırda Avropada bir saat əməyin dəyəri orta hesabla 20-35 avro təşkil edir. İşçi gün ərzində 8 saat, ayda 170 saat çalışdığı halda onun 3000-4500 avro civarında əmək haqqı  yaranır. İşçinin günün müxtəlif saatlarında iş rejimi 8 saat, digər günlərdə 4,5, 6 saat da ola bilər. Bu, işəgötürən və işçi ilə razılaşdırılmış əmək və ya mülki müqavilədə öz əksini tapır. Amma iş saatlarının aylıq miqdarı tələbinə mütləq əməl olunmalıdır ki, işçinin maaşı onun layiqli yaşayışını təmin edəcək səviyyədən aşağı düşməsin.

ABŞ-da da əmək haqqı əsasən saathesabı müəyyənləşdirilir və onunla bağlı minimum hədlər mövcuddur.



Oxşar Xəbərlər

Xəbər lenti