ƏR VƏ ARVAD XƏYANƏTİNİN CƏZASI: HÜQUQİ, MƏNƏVİ AMİLLƏR

ƏR VƏ ARVAD XƏYANƏTİNİN CƏZASI: HÜQUQİ, MƏNƏVİ AMİLLƏR

 

Namizəd Səfərov: "Qanunvericilikdə xəyanətə görə məsuliyyət nəzərdə tutulmayıb”

Hacı Akif Heydərli: "Xəyanətkarı öz istəyinə görə cəzalandırmağa isə heç kəsin haqqı yoxdur”

Son illər ölkəmizdə ərinə xəyanət edən qadınların artıb. Bu da həm boşanmaların, həm də müxtəlif xarakterli cinayət əməllərinin çoxalmasına səbəb olub.

Tanınmış vəkil Şəfiqə Nağıyeva ötənilki müsahibələrindən birində boşanma hallarının artdığını təsdiqləmişdi. O, boşanma səbəbi kimi xəyanətin üstünlük təşkil etdiyini vurğulamışdı:

"Bir neçə il əvvələ qədər boşama səbəbi qayınana, baldız, yaşayış səviyyəsinin aşağı olması idisə, bu gün boşanma səbəbi xəyanətdir. Sosial şəbəkələr də burada mühüm rol oynayır. Əksəriyyət başqa adla Facebook-a girir, ər də xəbər tutanda problem yaranır. Bu gün boşanmaların səbəbi əksər qadınların Facebook, İnstaqram kimi sosial şəbəkələrin istifadəçisi olub, orada öz fotolarını paylaşmaları, yaxud ərindən gizlin telefon işlədib, digər şəxslərlə münasibət qurmaları, mesajlaşmalarıdır. Həmin mesajlar üzə çıxanda da qarşı tərəf çıxış yolunu məhkəmə qapısında tapır. Bunun əsasında deyə bilərəm ki, boşanmaların böyük çoxluğu xəyanətlə bağlıdır. Bir də ani evlilik qərarları da boşanmalarda əsas amildir. Əvvəl bir şey olan kimi deyirdilər "qayınanam yola vermir”. İndikilərin çoxusu heç qayınana ilə bir evdə yaşamaq belə istəmir. Gəlməmiş şərt kəsirlər ki, "evi ayır”. Gənclər ayrı yaşayanda da özbaşınalıq edir, nəticəsi boşanma olur”.

Təəssüflə qeyd etməliyik ki, boşanmaların sayı bu il də azalmayıb, əksinə qadın xəyanəti səbəbi ilə dağılan ailələrin sayı durmadan artır. Hətta ilboyu çoxuşaqlı anaların övladlarını atıb, sevgililəri ilə evdən qaçma faktları zaman-zaman mətbuatda yer aldı. Bu isə təbii ki, cəmiyyətimizin mənəvi aşınma təhlükəsi ilə üz-üzə olduğunu deməyə əsas verir və böyük narahatlığa səbəb olur.

Son günlərin ən çox müzakrə olunan olayı isə azərbaycanlı ərin "xəyanətkar” (?) xanımının başını keçəl qırxdırıb, onun video görüntüsünü sosial şəbəkələrdə yaymasıdır. Hansı ki, həmin videoda ər xanımını nalayiq ifadələrlə təhqir edir. Bəs, bütün bunlar cinayət məsuliyyəti daşıyırmı?

Картинки по запросу Namizəd Səfərov

Tanınmış hüquqşünas Namizəd Səfərov hesab edir ki, xəyanət etmiş qadına qarşı zorakılıq nümayiş etdirən kişi isə qanunvericiliklə cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Əgər bu məsələnin mənəvi tərəfini müzakirə etmiriksə, sırf hüquqi nöqteyi-nəzərdən yanaşırıqsa, qeyd etməliyəm ki, qanunvericilikdə xəyanətə görə məsuliyyət nəzərdə tutulmayıb. Ona xəyanət etmiş qadına qarşı zorakılıq nümayiş etdirən kişi isə qanunvericiliklə cinayət məsuliyyəti daşıyır. Belə ki, ərin xanımının iradəsinə zidd olaraq başını keçəl qırxması, video görüntüsünü sosial şəbəkədə yayaraq onu nalayiq ifadələrlə təhqir etməsi, yaxud onun fotolarını hər hansı mətbu orqanda dərc etdirməsi sırf cinayət xarakterli əməllərdir və istənilən cəmiyyət tərəfindən birmənalı şəkildə pislənməlidir”.

"Mənəvi baxımdan qadının bu hərəkətinə heç kəs haqq qazandıra bilməz”

N.Səfərov dedi ki, mənəvi baxımdan qadının bu hərəkətinə heç kəs haqq qazandıra bilməz. Məsələnin hüquqi tərəfinə gəldikdə isə , qadının əməli cinayət tərkibli deyil, kişi isə bir yox, bir neçə cinayət tərkibli əməl törədib: "Əgər xanımın sənə xəyanət edibsə, rəsmi qaydada ondan ayrıl. Çox guman ki, yaxşı-yaxşı araşdırılsa, məlum olar ki, xanımını xəyanət üstündə cəzalandıran həmin kişinin özü dəfələrlə həyat yoldaşına xəyanət edib. Onda gərək onun da başını qırxıb video görüntüsünü sosial şəbəkələrdə yayaydılar.

Təbii ki, mənəvi baxımdan qadının bu hərəkətinə heç kəs haqq qazandıra bilməz. Əgər başqasını sevirsənsə, bunu açıq şəkildə həyat yoldaşına etiraf et, ondan ayrıl və sevdiyinlə yaşa.

O ki qaldı məsələnin hüquqi tərəfinə, qeyd etdiyim kimi, qadının əməli cinayət tərkibli deyil, kişi isə bir yox, bir neçə cinayət tərkibli əməl törədib. Bu hadisə artıq sosial şəbəkələrdə müzakirəyə çıxarıldığından, istintaq orqanları həmin şəxs haqqında cinayət işi qaldırıb, onun əməllərinə hüquqi qiymət verməlidir”.

"Zinaya yaxınlaşmayın, çünki o, çox çirkin bir iş və pis bir yoldur" (əl-İsra, 17/32)

"... Kim bunları etsə cəzaya çarpar. Ona qiyamət günündə qat qat əzab verilər və o əzabın içində alçaldılmış şəkildə əbədi buraxılarlar" (əl Furqan, 25/68)

Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli isə bildirdi ki, İslama görə xəyanət zina sayılır, zinakarlıq isə çox ağır bir günah kimi qiymətləndirilir: "Əvvəla, qeyd edim ki, mən din alimi deyiləm, sadəcə islamçıyam. Amma sadə bir vətəndaş kimi bu məsələ ilə bağlı düşündüklərimi söyləyə bilərəm. Xəyanətin müxtəlif aspektləri ola bilər. Amma istənilən halda həm dinimizə, həm də milli mentalitetimizə görə xəyanət qəbulolunmazdır.

İslama görə xəyanət zina sayılır, zinakarlıq isə çox ağır bir günah kimi qiymətləndirilir. Təbii ki, cəzası saç kəsimi, fiziki xəsarət yetirmək, öldürmək və s. kimi zorakı əməllər deyil, ümumiyyətlə, kiminsə şəxsi məhkəmə qurması yolverilməzdir, amma bununla bağlı dinimizdə konkret cəza tədbiri nəzərdə tutulub.

İslamda bu məsələyə çox humanistcəsinə yanaşılır. İlk başda olay araşdırılır, sonra müvafiq qərar verilir və təbii ki, gunakar dini qanunlara uyğun olaraq cəzalandırılır. Bu məsələyə hər bir islam dövlətinin özünəməxsus yanaşması var, Qurani-Kərimə istinad edilməsi şərti məhkəmə qurulur və zinakar haqlı cəzasını alır”.

"Zina edən qadın və zina edən kişidən hər birinə yüz/üz dəyənək vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa bunları Allahın dinini tətbiq barəsində ağrıyacağınız tutmasın. Möminlərdən bir birlik də, onların cəzasına şahid olsun" (ən/en-Nur, 34/2)

Hacı Akif Heydərli dedi ki, zinakarlıq zina edən şəxslərlə yanaşı, onların yaşadığı məhəlləni, el-obanı, aid olduqları nəsli, hətta bütöv bir xalqı belə rüsvay edə biləcək qədər ağır bir günahdır: "Qeyd etdiyim kimi, zinakarlıq heç bir halda qəbul oluna bilməz, zinakarlar isə cəzasız qalmamalıdırlar. Özü də zina edənin kişi, yaxud qadın olması vəziyyəti dəyişmir. Zina, xəyanət qadın üçün də, kişi üçün də eyni dərəcədə böyük günahdır və islamda çox pis qarşılanır.

Bəzən aşırı qısqanc kişilər xanımlarını əsassız olaraq xəyanətdə suçlayır. Təbii ki, bu da yolverilməz bir haldır. Amma ailədə xəyanət faktı öz təsdiqini tapıbsa, xəyanətə uğrayan tərəf Azərbaycan qanunvericiliyinə uyğun olaraq nigahı rəsmən poza, eyni zamanda kəbini də geri oxuda bilər. Xəyanətkarı öz istəyinə görə cəzalandırmağa isə heç kəsin haqqı yoxdur, nə hüquqi, nə də dini baxımdan”.

"Müsəlman bir kimsənin qanı bu üç vəziyyətdə halal olar. Zina edən evli kimsə, nəfsə qarşılıq nəfsi və İslam cəmiyyətindən ayrılaraq dinini tərk edəni öldürmək" (Buxari, Diyat, 6; Müslim, Kassama, 25, 26; Əbu Davud Hüdud, 1; Tirmizi, Hüdud, 15, Diyat, 10; Nəsəs(n)i, Təhrim, 5, Kassama, 6; İbn Macə, Hüdud, Darımı, Hüdud 2, Siyer, II)

Hacı Akif Heydərli vurğuladı ki, İslamda xəyanət edən qadının başının qırxılması və s. bu kimi əməllər yolverilməz sayılır: "Bu biabırçı olayın kişi tərəfindən ictimailəşdirilməsi isə təkcə qadına deyil, hər həm də kişiyə və bütünlükdə ailəyə, bütün sülalə və nəslə böyük bir rüsvayçılıq çələnginin öz əli ilə hörülməsi deməkdir, yəni, kişinin öz əli ilə bu rüsvayçılıq çələngini hörüb cəmiyyətə təqdim etməsi deməkdir.

Картинки по запросу arvadının başını qırxdı

Əlbəttə, bu qətiyyən yolverilməzdir. İslamda da belə hallar yolverilməz sayılır. Həm mənəvi tərəfdən, həm də bəd əməlin bir növ yayılması, reklam olunması baxımından belə bir şeyə qətiyyən yol verilmir. Hətta birinin hansısa bir günahı, yaxud üst-başında, paltarında bir nöqsan varsa, İslama görə bu haqda həmin adama yaxınlaşıb pıçıltı ilə qulağına deməlisən ki, üçüncü şəxs eşitməsin. Dinimizdə bu cür məsələlərə bu dərəcədə həssas yanaşılır.

Milli mentalitetimizin qorunması, hər bir azərbaycanlı və müsəlman üçün müqəddəs olan ailə institutunun qorunub saxlanması naminə xəyanətin, zinakarlığın qarşısını almaq üçün əlimizdən gələni etməliyik, cəmiyyətimizin mənəviyyatsızlaşdı rılmasına yol verməməliyik”.



Oxşar Xəbərlər

Xəbər lenti