27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Böyük mütəfəkkir və reformator Mirzə Fətəli Axundov yazırdı ki, moizə oxumaqla cəmiyyəti düzəltmək mümkün olsaydı, Sədi və Hafiz Şirazilərin 100 minlik beytləri İranı çoxdan düzəltmişdi. Axundov avropalılardan da əvvəl dərk etdi ki, cəmiyyəti nəinki moizələrlə, Şirazilərin beytləri ilə, hətta Uca Allahın bəşəriyyətə göndərdiyi səmavi kitablar da islah etmək, inkişaf etdirmək mümkün deyil. Əlbəttə, Axundov poeziyanın, ədəbiyyatın, maarifçiliyin, dinin, səmavi kitabların cəmiyyətdəki rolunu əsla inkar etmirdi. Əksinə özü böyük dramaturq idi və bu gün də onun əsərləri öz aktuallığını itirməyib. Atalarımız əbəs yerə deməyib ki, "Molla aşı gördü Quran yadından çıxdı”, yaxud "Quran oxumaqla donuz darıdan çıxmaz”. Dahi Axundov anlayırdı ki, təbiət və mahiyyətcə sərvətə, var-dövlətə, şan-şöhrətə, təkbaşına hakimiyyətə, hətta cinayətə meyilli və içində NƏFS adlı DİBSİZ QUYU olan insanı təkcə moizələrlə idarə etmək mümkün deyil. Cəmiyyəti və dövləti dəmir kimi qanunlarla, MEXANİZM-lərlə idarə etmək lazımdır. Fikrimi izah etmək üçün adicə bir misal göstərim. Metronun girişində quraşdırılmış sadə bir mexanizm olan saxlayıcı qurğular - turniket olmasa təssəvvür edirsiniz nə baş verər? İmanlı-imansız, imkanlı-imkansız, dürüst-nadürüst, ziyalı-ziyasız, kəndli-şəhərli, sünni-şiyə-vəhabi… fərq etməz orda elə bir dəhşətli vəziyyət yaranar ki, qarşısını Quran oxumaqla da almaq olmaz.
Milyonlarla sərnişinin ən çoxu 1-2 faizi gediş haqqını könüllü ödəyər. Bir müddətdən sonra o 1-2 faiz də yəqin ki, əriyib kütləyə qoşular. Yəqin xırda bir dəmir parçasının-mexanizmin fövqəladə gücünü az-çox təsəvvürünüzə gətirə bildiniz…Adi dəmir parçası İNSAN SEL-ini çox mükəmməl və dəqiq yönəldə bilir. Loru dildə desək cəmiyyə də beləcə idarə olunmalıdır. Müasir və inkişaf etmiş dövlətlər uzun müddət klassik anlamda siyasi partiyalar vasitəsilə, demokratik yolla idarə olunub. Bəli, siyasətçilərdən hansısa deyib ki, demokratiyanın özünün də kifayət qədər problemləri var, ancaq bəşəriyyət hələ ki demokratiyadan üstün idarəetmə ortaya qoymayıb. Amma son illər inkişaf etmiş demokratik ölkələrdə baş verənlər demokratiyanın da böhran yaşadığını göstərir. Bütün bunları yazmaqda məqsədimiz odur ki, əgər cəmiyyətdə İCTİMAİ NƏZARƏT yoxdursa, onlarla partiya, demokratik koalision hökumətlər və s cəmiyyəti inkişaf etdirə, tərəqqiyə nail ola bilməz. Əlbəttə, biz siyasi partiyaların, parlamentin, hökumətin rolunu danacaq dərəcədə siyasi sadəlövh deyilik. Amma ən mükəmməl dövlət aparatının da fiziki imkanları çox məhduddur. Yəni loru dildə desək, hökumət hər vətəndaşa bir nəzarətçi-güdükçü ayıra bilməz. Bu, ümuiyyətlə, mümkün olası variant deyil, hətta diktatura, gestapo, totalitar rejimlər belə hər vətəndaşı obrazlı desək izləyə bilməz. Deməli, çıxış yolu İCTİMAİ NƏZARƏT-in qurulmasındadır. Hansı cəmiyyətdə yüksək ictimai nəzarət varsa, o cəmiyyətdə yüksək inkişafa nail olunur. Yəni sözün yaxşı mənasında cəmiyyətin hər bir üzvü güdükçü, nəzarətçi olmalıdır. Unutmayaq ki, ən totalitar dövlət olan SSRİ-də də formal da olsa XALQ NƏZARƏTİ adlı qurum var idi. Düzdür o müasir anlamda İCTİMAİ NƏZARƏT-in missiyasını yerinə yetirmirdi, məqsədə başqa idi. Amma hətta sovet dövləti də ictimai nəzarətin rolunu və əhəmiyyətini bilirdi. Yekun olaraq gəldiyimiz nəticə odur ki, ölkədə demokratiya çiçəklənsə də, partiyaların və məscidlərin sayı günbəgün artsa da, nağıllarımızdakı kimi adil padşah olsa da, əgər ictimai nəzarət yoxdursa, o ölkənin gələcəyi yoxdur. Qarbaçovun başladığı yenidənqurma və aşkarlıq dalğasında Azərbaycanda xeyli sayda siyasi partiya, media orqanları yaranıb, fəaliyyət göstərirlər. Ancaq nəsə ötən müddətdə ictimai nəzarətin əhəmiyyəti və rolu heç kimin diqqətini cəlb etməyib. Son vaxtlar bu məsələni "İctimai Nəzarət Koalisiyası” -nin sədri Rasim Məmmədov Azərbaycanda gündəmə gətirib. Təkcə gündəmə gətirməyib, həm də praktiki olaraq bu istiqamətdə ciddi fəaliyyət ortya qoyub. Bu barədə növbəti yazıda öz fikirlərimizi paylaşacağıq.
İlqar Atabəyli,
"Yeni Sözçü” qəzeti