8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"News.ru,
(Rusiya)
Şimali Koreya (KXDR) lideri Kim Çen In mayın 1-də təxminən üç həftəlik fasilədən sonra ictimaiyyət qarşısına çıxdı. Və həyatda olub-olmaması ilə bağlı müzakirələrə son qoydu. Lakin Kim Çenin bu "qayıdışı” son həftələr ərzində qəzet başlıqlarını dolaşan bütün sualların cavabı olmadı. Bir çox müşahidəçilərə görə, həm KXDR liderinin sağlamlığı, həm də ölkənin gələcəyi ilə bağlı mövzular indi daha çox aktuallıq qazanıb.
Ekspertlər Kim Çenin 20 gün ərzində gözlərdən niyə itdiyi sualı ətrafında baş sındırmağa davam edirlər. Ən çox səsləndirilən versiyalardan biri ölkə rəhbərinin səhhətindəki problemlərdir. Bu arada, Şimali Koreya lideri ictimaiyətə göründüyü gün (Pxenyan yaxınlığında bir zavodun açılış mərasiminə qatılan zaman) olduqca sağlam görünürdü. Lakin üzə çıxan bəzi məqamlar Kim Çenin aprel ayında əməliyyat keçirdiyi versiyasının lehinə işləyir.
Söhbət, 1 may mərasimindən hazırlanan videoreportajdan gedir. Jurnalistlər Kimin biləyində qəribə bir qırmızı iz görüblər. Üstəlik məlum olub ki, liderin "yoxa çıxmasından” əvvəl çəkilən videolarda həmin iz yoxdur.
Tibb ekspertlərinin fikrincə, Şimali Koreya liderinin əlindəki məlum iz onun ürək əməliyyatı keçirdiyini göstərə bilər.
"Bu, vena daxilinə yeridilən iynə deyil. O, belə bir iz buraxmazdı. Bu, koronar arteriyalara daxil olmaq və sonrasında stentin quraşdırılması üçün istifadə olunan sağ radial arteriyanın deşilməsinə bənzəyir”, – tibb mütəxəssislərindən biri deyib.
Bir ekspert isə "Bloomberg”ə açıqlamasında bildirib ki, bu yoxaçıxma Kim Çen In üçün xarici dünya haqqında daha çox məlumat toplamağa kömək edən bir sınaq idi.
Müşahidəçilərə görə, Kim bu yolla həm də onu nümayiş etdirdi ki, rəqiblərindən asılı deyil. Əksinə, rəqiblərini müxtəlif kanalları işə salmağa, bəyanatlar verməyə və onu "axtarmağa” məcbur etdi. İctimaiyyət arasına da kimisə "inandırmaq” üçün yox, yalnız prioritet maraqlarını nümayiş etdirmək üçün çıxdı.
Kim Çenin açılışına qatıldığı gübrə zavodundan hərbi məqsədlər üçün istifadə edə biləcəyini bir çox ekspertlər də deyir. Lakin 3 həftə davam edən şayiələrdən və açıq dezinformasiyalardan sonra indi istənilən fərziyyə şübhə doğurur. Hər bir halda son yaşananlarla Şimali Koreya sübut etmiş oldu ki, dünyada heç kim bu ölkənin daxilində baş verənləri bilmir.
Şimali Koreyada varis məsələsi də aktuallığını itirmək bilmir. Kim Çenin uşaqları haqqında nə qədər az məlumat olsa da, aydın məsələdir ki, onlar atalarının yerini tuta bilməyəcək yaşdadırlar. Belə olan təqdirdə diqqət mərkəzinə Şimali Koreya liderinin kiçik bacısı Kim Yo-Çjon gəlir.
Əvvəllər cəmiyyətdəki sərt patriarxal ideologiyaya görə bir qadının KXDR-də hakimiyyətin başına keçə bilməyəcəyinə inanırdılar. Aparıcı postlar kişilərin imtiyazı hesab olunurdu.
Lakin ekspertlərə görə Kim Yo-Çjonun bu ənənəni dəyişmək üçün real şansı var.
CNN-də ona həsr edilmiş geniş materialda qeyd olunur ki, Kim Yo-Çjon atası Kim Çen İrin sevimlisi olub. Lakin oğlan övladları olduğu üçün ata hakimiyyəti kişiyə ötürmək ənənəsini pozmamağa qərar verib. Nəticədə Kim Çen In rəhbərliyə keçib.
Hakim ailənin digər üzvləri kimi, Kim Yo-Çjon haqqında da çox az şey məlumdur. ABŞ Maliyyə Nazirliyi onu sanksiya siyahısına saldıqda doğum tarixi 26 sentyabr 1989-cu il göstərilmişdi.
Lakin sonradan Cənubi Koreya kəşfiyyatı onun 1987-ci ildə anadan olduğunu bildirdi. Kim Çen In və Kim Yo-Çjon bir neçə il Berndə oxuyublar. Bu barədə onların xalası və dayısı Amerika mətbuatına danışmışdı.
Bəlkə də bu iki amilin (atasının sevimlisi olması və qardaşı ilə yaxın münasibətləri) nəticəsi idi ki, hakimiyyətə Kim Çen Inın gəlməsinə baxmayaraq, Kim Yo-Çjon də karyerada yüksəldi.
Kim Yo-Çjon liderin əsas köməkçisi və etibarlı adamı oldu. O, Əmək Partiyasının Təbliğat və təşviqat şöbəsinin müdir müavini olaraq liderin imicinə və ictimai açıqlamalarına cavabdehdir.
2017-ci ildə Şimali Koreyanın Siyasi Bürosuna da qatılıb. Bir il sonra Olimpiadaya hazırlıq tədbirləri çərçivəsində Cənubi Koreyaya gedib. Bu, 1953-cü ildən bəri hakim ailə nümayəndəsinin yarımadanın cənubuna ilk rəsmi ziyarəti idi. Kim Yo-Çjonun həmçinin Pxenyanla Vaşinqton arasında dialoqun qurulmasında da xidmətləri var.
Təhlilçilər deyir ki, Kim Yo-Çjon həqiqətən də qardaşını əvəzləsə, bu, KXDR-in qadınlara dair ümumi siyasətini nəzərdən keçirdiyi anlamına gəlməyəcək. Lakin Şimali Koreya elitası üçün hazırkı rəhbərin bacısı uyğun variant (hakim sülaləyə mənsub olduğu üçün) sayılır.
Bu ssenari beynəlxalq ictimaiyyət üçün də qəbuledilən görünür. Ən azı ona görə ki, Kim Yo-Çjon son illərdə KXDR-in imicini humanistləşdirib, həmçinin Vaşinqton və Seulla ortaq məxrəcə gəlməyə istəkli olduğunu nümayiş etdirib.
Tərcümə etdi: G.Hüseynova
Strateq.az