Dağıstan Rusiyadan ayrılmalıdır -Xəqani Cəfərli yazır


 Sabah, sentyabrın 25-də saat 15:00-da Mahaçqalanın mərkəzi meydanında hərbi səfərbərliyə qarşı xalq yığıncağı keçiriləcək. Bu məqsədlə yayılan müraciətdə deyilir: “Biz uşaqlarımızın öldürülməsinə imkan verməyəcəyik!”.

Təşkilatçılar hesab edir ki, hərbi səfərbərliyin qarşısını almağın yeganə yolu xalqın etiraza qalxmasıdır. Bunun üçün isə təşkilatçılar təklif edirlər ki, xalqı meydana buraxmasalar, o zaman meydanın ətrafındakı bütün küçələri tutmaq lazımdır. 

Lakin bu etirazların hərbi səfərbərliyin qarşısını almağa kifayət etməyəcəyini düşünənlər var. Çünki Putin səfərbərlik dövründə hərbi xidmət əleyhinə cinayətlərə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan, sentyabrın 20-də Dövlət Duması tərəfindən təcili qəbul edilən qanunu bu gün imzalayıb. Bu gündən sonra döyüş əməliyyatlarında iştirakdan imtinaya görə üç ilədək, belə əməl “ağır nəticələrə” səbəb olduqda isə 10 ilədək həbs cəzasını nəzərdə tutur. Bu isə o deməkdir ki, dinc etirazlarla hərbi səfərbərliyin qarşısını almaq mümkün olmayacaq. 

Etirazların hərbi səfərbərliyin qarşısını almağa kifayət etməyəcəyini düşünənlər hesab edir ki, daha radikal vasitəyə əl atılmalıdır. Belə ki, Dağıstanın Rusiyanın tərkibindən çıxması təklif olunur. Bu fikirin tərəfdarları hesab edir ki, Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəsində iştirak etmək Dağıstan xalqının maraqlarına uyğun deyil. Çünki, səfərbər olunanları ya ölüm, ya da hərbi cinayətkara çevrilmək gözləyir. Vətənin (Dağıstanın) azadlığı və müstəqilliyi uğrunda mübarizədə şəhid olmaq isə ən doğru və şərəfli yoldur. 

Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz Dağıstanda bundan əvvəl müşahidə olunub. May ayında şagirdlərdən biri məktəbdə keçirilən tədbirdə mikrofon qarşısında belə demişdi: “Müharibə yox! Ukraynaya azadlıq! Putin – şeytandır!”



Oxşar Xəbərlər

Xəbər lenti