8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nezavisimaya gazeta, 25.12.2017
Rusiya tərəfinin Suriyada hərbi əməliyyatın bitdiyi haqda bəyanatı və qoşunların çıxarılmağa başlanması vətəndaş müharibəsinin sonunu bildirmir. Hərbi münaqişənin yeni mərhələyə keçə biləcəyini göstərən xeyli zəmin var.
Rusiya və İranın etibarlı şəkildə qoruduğu Dəməşq yaranmış durumdan faydalanmaq və deeskalasiya zonalarına daxil olan əraziləri nəzarətə götürmək səylərini dayandırmır. Ölkədəki durum 2016-cı ilin sonundakına, yəni atəşkəs rejimi haqda qərarın başlanğıcına qədərki vəziyyətə oxşayır.
Cədvəl üzrə müharibə
Barış müqavilələrinin pozulmasına görə birtərəfli cəza mexanizmi, Moskva tərəfdən Suriya Ərəb Respublikası (SƏR) hökumətinə hər hansı önəmli təzyiqin olmaması və Əsədin Rusiya tərəfinin Qahirə və Cenevrədə müxalif fraksiyalarla bağladığı sazişlərə birbaşa zidd olan özbaşına hərbi əməliyyatlarını ört-basdır etmək cəhdləri Dəməşqə başlı-başınaçılıq duyumu verir. O, sülh prosesində indiki formatda iştirak etməyə stimula malik deyil və Cenevrədə danışıqların son raundu bunu əyani şəkildə sərgiləyib. Suriya müharibəsindən yorulan və Fars körfəzi daxilində hesab çəkməklə məşğul olan sünni ölkələri müxalifətdən mümkün qədər güzəştli nümayəndə heyəti yaratmağa çalışıb. Müxalifətin Əsədin getməsi haqda irəli sürdüyü şərt "ilkin şərt” kimi deyil, gerçək dəyişikliklər haqda bəyan kimi səslənsə də, Dəməşq opponentlərlə dialoqdan imtina edib.
Bundan savayı, RF HKQ eyham vurub ki, bundan sonra da Dəməşqin müxalifətə qarşı hərbi əməliyyatlarına dəstək verməyə hazırdır. Rusiya aviasiyası hərbi əməliyyatların fəal mərhələsinin artıq başa çatdığı elan edildikdən sonra Şimali Hamədə Rusiyada qadağan edilmiş "ən-Nusra”nın tərkibində əriyən radikal "Həyat Təhrir əş-Şam” alyansının deyil, "Azad Suriya ordusu”nun fraksiyalarına – rejim qüvvələrinin hücumuna cavab verməyə səy göstərən "Mərkəzi diviziya” və "Cəyş əl-İzzə”nin mövqelərinə zərbə endirib.
Əsədin ikinci müttəfiqi İran Suriyada əməliyyatların davamında daha çox dərəcədə maraqlıdır: bu, islahatları və onun xarici "proksi gücləri”nin çıxarılmasını yubadır və deməli, Tehranın nüfuzunu gücləndirir. Məsələn, sünni müxalifətdən döyüşlə geri alınan ərazilərdə şiə milisinin silahlı dəstələrindən komplektləşdirilmiş xomeyniçi İranyönlü strukturların ofisləri artıq ənənəyə çevrilib. Və Şimali Qafqaz zabitlərinin köməyi ilə savaşaqədərki əsasən sünni Suriyasının (əhalinin 75%-i) bu cür "şiələşdirilməsini” nə qədər azaltmağa və İranyönlü qüvvələrin "kosmetik rotasiyasına” göz yummağa çalışsan da, bu, etiqadlararası problemin həllinə şərait yaratmır. Bunun həlli isə gerçək və uğurlu antiterror mübarizəsinin əsas şərtidir.
Burada ya Suriya üsyançı hərəkatına sızmış, ya da İŞİD-in əcdadı kimi Suriya xüsusi xidmətlərinin tam başısoyuqluğu nəticəsində hələ müharibəyə qədər İraq qaçqınlarının çoxminlik düşərgələrində və mağaralarla dolu Suriya-İraq sərhədi boyunca Suriyada inkişaf etmiş radikal qrupların boğulması problemi ilk plana çıxır. Amma Əsəd və çevrəsi istəyərdi ki, İraq, Livan şiələri sıralarından fraksiyalarına ən yaxın vaxtlarda "ümumi düşmənə qarşı durmaq məsələsində” hansısa məşğuliyyət tapılsın. Əks halda onların rəsmi Dəməşqə öz hüquqları haqda daha fəal şəkildə bəyan etmək cəhdləri istisna olunmur. Suriya SQ-nin "militanlaşdırılması” şəraitində Tehranın deyil, məhz Dəməşqin əmrlərini yerinə yetirməyə hazır olan döyüş qabiliyyətli birləşmələrin seçilməsi son dərəcə məhduddur – bu, "Pələng qüvvələri”nin əlavə edilməsi mümkün olan 4-cü diviziya və Respublika qvardiyası və Rusiyanın geniş dəstəklədiyi 5-ci hücum korpusudur. Suriya rejimi bu durumda Tehranın girovudur, Suriyadakı Rusiya qruplaşması isə Suriya rejiminə dəstəyin girovudur və çoxsaylı səhvlərlə assosiativləşməkdənsə aralı durmaq daha yaxşıdır.
Bu gün ölkənin nəhəng məsrəflərlə bağlı olan bərpası vəzifəsindən danışırlar. Aydındır ki, Rusiya, ya İran üçün bunu öz hesabına etmək çox ağır yükdür. Bu da aydındır ki, Çinin SƏR iqtisadiyyatına "çox böyük vəsait” qoymaq və ölkəni bərpa etməyə hazır olduğu haqda bütün söz-söhbətlər gerçək dəyərləndirmədənsə daha çox rejim tərəfdarlarının "özünə təskinliyidir”. Vəsait ayırmağa hazır olan ölkələr Suriyada müxalifət, ən azı, gerçək, nüfuzu olan qüvvə kimi göstərilməyincə bunu etməyəcək. Lakin Suriya rejimi bəəsçi hökumət üçün heç bir alternativ qalmasın deyə hazırda müxalifətə qarşı əməliyyatları davam etdirmək və "ümumdünya sui-qəsdi” haqda ritorika ilə ölkənin bərpası üzrə gerçək tədbirləri yubatmaqda maraqlıdır.
Üç cəbhə
Hazırda hökumətyönlü qüvvələrin üsyançı fraksiyalara qarşı əməliyyatlarının üç cəbhəsi formalaşır. Birincisi – Xoms-Hələb dəmiryolundan şərqə yerləşən müxalif qruplaşmanı təcrid etməkdən yana rejimin Əbu Duhur aviabazası istiqamətində hücumlarının davam etdiyi "İdlib” deeskalasiya zonasıdır. Bu əməliyyat uğurla bitəcəyi halda, nəhayət, Türkiyə sərhədində yalnız kiçik anklav qalana qədər Böyük İdlibin müxalifətə tabe olan ərazilərində bu və ya digər "çıxıntıları”n "çapılması” üzrə sonrakı fəaliyyəti gözləmək lazım gələcək.
"Şərqi Quta” deeskalasiya zonasında hücumlar davam edir. Dəməşq yaxınlığındakı bu ərazilər beş ildir mühasirədədir, orada müxalifətin 25 minlik kontingentiylə 250-400 min dinc sakin yaşayır. Əsəd təmsilçilərinin Şərqi Qutadakı Suriya müxalifətinin adi quldurlar olduğu haqda daimi bəyanatlarına baxmayaraq, bu şəhərcikdəki durum özgə cürdür: uzunmüddətli mühasirəyə və iki böyük "Cəyş əl-İslam” və "Faylaq ər-Rahmən” üsyançı fraksiyası arasında ziddiyyətlərə baxmayaraq müxalifətin yetərincə effektli yerli mülki hakimiyyət və özünüidarəçilik qurumları yaradılıb, məhkəmə sistemi işləyir, çoxlu məhsul, dərman növlərinin istehsalı və bölgə əhalisi arasında bölgüsü yoluna qoyulub, döyüş sursatları və hətta silahın bəzi növləri istehsal olunur.
Həmçinin ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ətrafındakı durum fonunda cənubi-qərb deeskalasiya zonasında hərbi əməliyyatların təzələnməsi istisna olunmur. Əslində, İranyönlü şiə qruplaşmalarıyla İsrailin işğal etdiyi Holan təpələri arasında bufer rolunu məhz o oynayır. Bu, potensial münaqişə amilidir: həm "əl-Qaidə”, həm də müxtəlif formasiyalı İranyönlü qruplar Rusiya və ABŞ-ın zamin kimi çıxış etdiyi bu zonanın əyani sabitliyindən istifadə edərək yerli əhali arasında nüfuzunu artırır.
Burada həmçinin növbəti "qapalı çevrə” meydana çıxır. Müxalifət rejimin hücumlarına yol vermək əndişəsindən radikallarla fəal döyüşlərə girmir. "əl-Qaidə”nin təcrübəli vaizləri və əməliyyatçılarının yerli mühitə yayılması əməliyyat keçirmək və İranyönlü xarici və yerli qrupların nüfuzunun genişlənməsi üçün bəhanədir. Bu halda İsrailin Suriya münaqişəsinə sonrakı cəlbi qaçılmazdır.
Gerçək barışıq
Eyni zamanda aydındır ki, dərhal bir neçə istiqamətdə əməliyyat keçirmək üçün Dəməşqin qüvvəsi yoxdur və o, bunları ardıcıl şəkildə aparmağa cəhd edəcək. Müxalifət belə bir durumda bir neçə istiqamətdə təmərküzləşmiş cavab verə və münaqişə yeni mərhələyə keçə bilər. Çox şey Rusiya və ABŞ-ın sülh prosesinin saxlanmasına tərəfdarlığından asılı olacaq. Özlüyündə Rusiya-Amerika danışıqları faktı həm Tehranda, həm də Dəməşqdə təşviş doğurur. İranın bölgə ekspansiyası Rusiyanın Suriyadakı maraqları üçün təhlükə təşkil edir. Nə qədər ziddiyyətli olsa da, Dəməşq və Tehranla deyil, Moskva ilə dialoqa hazır olan Suriya müxalifəti hələlik İran nüfuzuna qarşı yeganə alət olaraq qalır. Onun Suriya rəhbərliyi və yenilənmiş SQ-in tərkibinə daxil edilməsi ölkədə gərəkli qüvvələr balansı qurmaq imkanı verər və Suriyanın İranın Yaxın Şərqdə yeni müharibə ilə başa çata biləsi siyasətinin yeridilməsi meydanına çevrilməsinə yol verməzdi.