Baş nazir postu uğrunda mübarizə başlayıb

Baş nazir postu uğrunda mübarizə başlayıb

 


Prezident seçkilərindən sonra Artur Rasizadənin varisi müəyyənləşəcək

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi çoxsaylı şərhlərə səbəb olub. Bununla bağlı Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun şərhi çox maraqlıdır.  Novruz Məmmədov bildirib ki, 2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumla yeni bir tarixi mərhələnin başlanğacını qoyub: "Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib”.

Novruz Məmmədov çox açıq şəkildə bəyan edib ki, növbədənkənar prezident seçkiləri  struktur və kadr islahatlarının keçirilməsi üçün cəmiyyətdən etimad almaqdadır.

Qeyd edək ki, ölkədə struktur və kadr islahatlarının keçirilməsinin vacib olduğu haqqında uzun müddətdir danışılır. Bu gün ictimai-siyasi dairlərdə elə bir şəxs tapmaq mümkün deyil ki, struktur və kadr islahatlarının zəruriliyini qəbul etməsin. Hər kəs bu islahatların keçirilməsini vacib hesab edir. Bir neçə ay öncə belə fikirlər mövcud idi ki dövlət başçısı bu islahatları prezident seçkilərinə kimi keçirəcək. Ancaq görünür, dövlət başçısı struktur və kadr islahatlarının miqyasını nəzərə alıb,bu prosesi seçkiyə kimi keçirməyin mümkün olmayacağ, seçkilərin oktaybr ayında keçiriləcəyi tərzdə vaxt itgisinə səbəb olacağı qəanətinə gəlib və növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını verib.

Deməli, növbədənkənar prezident seçkilərindən sonra ciddi struktur və kadr dəyişikliyi keçiriləcək. Bu isə ilk növbədə Nazirlər Kabinetini əhatə edəcək. "Yeni Sözçü” qəzetinin müəllifləri daha  əvvəllər də struktur islahatlarının  Nazirlər Kabinetini əhatə edəcəyi fikirini səsləndiriblər. "Yeni Sözçü” qəzetində olan məlumata görə, Nazirlər Kabineti ciddi struktur islahatlara məruz qalacaq. Belə ki, Baş nazirin müavininin sayı kəskin azaldılacaq, bəzi nazirlik və komitələr ləğv olunmaqla Nazirlər Kabinetinin strukturu ixtisar olunacaq. Bu islahat artıq zərurətə çevrilib. Xüsusilə də 2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumdan sonra bu zərurət daha da artıb.

Struktur islahatlar özü ilə ciddi kadr dəyişikliyini də gündəmə gətirəcək. Bu gün tam əminliklə demək olar ki, növbədənkənar prezident seçkilərindən sonra Artur Rəsizadə daha baş nazir olmayacaq. Bir neçə gündən sonra 83 yaşı tamam olacaq, səhhətində problemlər olan Artur Rəsizadənin yenidən baş nazir olacağını düşünmək belə mümkün deyil. Bu isə növbədənkənar prezident seçkilərindən sonra Nazirlər Kabinetinə yeni şəxsin rəhbərlik edəcəyi deməkdir. Bu posta çox iddialı  namizədlər olsa da, hazırda onların əksəriyyətinin şansları çox məhdud görünür. Məsələn, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Baş nazir olmaq şansı çox pis qiymətləndirilir. Bir zamanlar adının önündə yazılan "fövqəlnazir” ifadəsi Kəmaləddin Heydərovun fövqəladə hallar naziri olmasından çox, sıravi nazir olmadığını göstərirdi. Hətta "fövqəlnazir” Kəmaləddin Heydərov prezidentdən sonra ikinci şəxs hesab olunurdu. Ölkəyə gələn rəsmi şəxslər bir qayda olaraq  "fövqəlnazir” Kəmaləddin Heydərovun qəbulunda da olurdular. İri iqtisadi layihələrlə bağlı "fövqəlnazir” Kəmaləddin Heydərovun mövqeyi demək olar ki, həlledici idi. Ancaq 2016-cı ilin sonlarından başlayaraq Kəmaləddin Heydərov "fövqəlnazir” statusundan məhrum edildi və çoxsaylı tənqidlərin obyekti olan fövqəladə hallar nazirinə çevrildi. Buna görə də, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu Baş nazirliyə əsas namizədlərdən saymaq olmaz. Əksinə, növbədənkənar prezident seçkilərindən sonra Kəmaləddin Heydərovun fövqəladə hallar naziri postunu qoruyub saxlaya biləcəyi də şübhə altındadır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan fərqli olaraq son illər ulduzu parlamaqda olan "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov daha şanslı namizəd kimi görülsə də, onu hazırkı siyasi vəziyyətdə əsas namizəd saymaq olmaz. Fikirimizcə, Artur Rəsizadəni əvəz etməyə əsas namizədlər Vergilər naziri Mikayıl Cabbarov və Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin super nazirliyə çevrilməsi və bu strateji qurumun  Ramin Quluzadəyə tapşırılması dövlət başçısının bu şəxsə etimadının göstəricisi kimi qəbul edilə bilər. Mikayıl Cabbarovun əvvəlcə Təhsil naziri, bu yaxınlarda isə Vergilər naziri təyin edilməsi də dövlət başçısının etimadının göstəricisidir. Belə görünür ki, son dövrlərdə prezident əsasən bu iki şəxsə etimad etdiyini nümayiş etdirib və Baş nazirin də bu iki şəxsdən biri olmaq ehtimalı çox yüksəkdir.

Baş nazirliyə daha bir şanslı namizəd Milli Məclisin sədri Oqtay Əsədovdur. Oqtay Əsədov İlham Əliyevin prezident olduqdan sonra Milli Məclisin sədri olmaqla yanaşı, 13 ilə yaxındır ki, bu postunu qoruyub saxlaya bilir. Bu məqam dövlət başçısının Oqtay Əsədova etimadının göstəricisidir. İstisna deyil ki, Oqtay Əsədov növbədənkənar prezident seçkilərindən sonra Baş nazir təyin olunacaq. Əgər bu baş verərsə, deməli Milli Məclisə erkən seçkilər də nəzərdə tutulur. Bu isə başqa bir məqalənin mövzusudur. 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti