Qalib Azərbaycanın xarici siyasətində yeni mərhələ

2024-cü il 7 fevral Azərbaycan Respublikasının növbədənkənar prezident seçkiləri ölkəmizin daxili və xarici siyasət kursunda yeni mərhələyə keçidi rəsmiləşdirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən, Qarabağ məsələsini tam və birdəfəlik həll etməsindən sonra ilk dəfə ölkənin bütün ərazilərində keçirilən bu seçkilər Azərbaycanın siyasi tarixinə əlamətdar hadisə kimi yazıldı.
Beləliklə, fevralın 14-də Milli Məclisdə keçirilən təntənəli andiçmə mərasimində Prezident İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm.” Bu and dövlət başçısının 20 il əvvəl ilk dəfə prezident seçilərkən andiçmə mərasimində səsləndirdiyi eyni and olsa da, tamamilə fərqli tarixi kontekstdə, artıq gerçəkləşmiş andların fonunda səslənirdi. Azərbaycan xalqı bilir ki, ötən 20 il ərzində andına sadiqliyin ən gözəl nümunəsini göstərən Prezident İlham Əliyev bundan sonra da xalqa verdiyi sözü ən yüksək səviyyədə yerinə yetirəcək.
Bu seçkilər Azərbaycanın öz milli maraqlarına uyğun daxili və xarici siyasətini bundan sonra da inamla davam etdirməsi üçün xalqın güclü dəstəyini əyani şəkildə göstərdi, Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Məhz bu birliyin sayəsində Azərbaycan müstəqilliyinin 30 ilə yaxın dövrü ərzində özünün başlıca problemi olan işğal faktorunu, kifayət qədər mürəkkəb ərazi münaqişəsini təkbaşına, öz gücü hesabına həll etdi. Lakin Azərbaycan dövləti və cəmiyyəti bundan sonra xaricdən üzləşəcəyi yeni çağırışlara hazır olmalıdır.
Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bununla bağlı cəmiyyətə açıq mesajlar verdi: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz, - İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, - sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir.
Həqiqətən də Qarabağ məsələsinin həlli ilə müasir dünyada, o cümlədən postsovet məkanında ilk dəfədir ki, ərazi münaqişəsi dövlətin sərhədlərinin bötüvlüyü çərçivəsində tam həll edildiBununla da Azərbaycan mövcud dünya nizamına, qlobal güclərin regionla bağlı planlarına zidd olan bir uğuru gerçəkləşdirmiş oldu... 
Bildiyimiz kimi, keçmiş Sovet İttifaqının dağılmasından sonra formalaşmış beynəlxalq münasibətlər sistemi üzdə kifayət qədər rasional, bütün sahələri əhatə edən, qlobal sülhü və ədaləti təmin etmək məqsədi daşıyan beynəlxalq institutların qəbul etdiyiqanunlar, konvensiyalar, nizamnamələr və s.dən ibarət beynəlxalq hüquqa əsaslansa da, gerçəklikdə bu münasibətlər güclülərin qanunları saymaması və ya manipulyasiya etməsi, öz maraqlarını zəiflərə diktəsi üzərində qurulmuşdur. Həmçinin, ötən əsrdə müstəmləkə xalqlarının bir çoxunun müstəqilləşməsinə baxmayaraq, bu proses tam başa çatmamış, üstəlik, əksər koloniyalarını itirmiş bəzi dövlətlər keçmiş müstəmləkələri və digər dövlətləri əsarət altına almağın yeni üsullarını tətbiq etməyə çalışmışlar.
Bu məqsədlə hər cür siyasi, iqtisadi, sosial, mədəni və hərbi vasitələrə əl atılır, milli-etnik münaqişələr xalqların, ölkələrin istismarı məqsədilə sonu görünməyən “danışıqlar” vasitəsilə dondurulur, uzadılır, yaxud yeni geosiyasi bölgü çərçivəsində daha da alovlandırılır. Məhz belə bir dünyada qlobal güclərin planlarına görə Azərbaycan ya ərazisinin bir hissəsinin işğalı ilə barışmalı və məğlub edilmiş, zəif ölkə kimi Ermənistana güzəştə getməli, ya da hansısa siyasi dairələrin dondurulmuş münaqişənin həllinə kömək edəcəkləri ümidi ilə yaşamalı, xarici güclərə bel bağlamalı idi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bir çox məsələlərdə fikir ayrılığı olan, dünyanın müxtəlif yerlərində toqquşan dövlətlər məhz Ermənistan-Azərbaycan münaqişəsinin həlli vasitəçiliyində ortaq mövqedən çıxış edirdilər. Bu da keçmiş münaqişənin kənardan manipulyasiya vasitəsi kimi istifadə olunmasının sübutudur.
Bütün bunlara baxmayaraq, bu illər ərzində iqtisadi, hərbi gücünü artıran, xaricdən asılılığını aradan qaldıran Azərbaycan dövləti böyük cəsarət ortaya qoyaraq, 44 günlük Vətən savaşının və bir günlük antiterror əməliyyatlarının nəticəsində ərazi bütövlüyünü, suverenliyini özü təmin etdi.  
Bununla da xarici dairələr Azərbaycan üzərindəki son təsir rıçağını da itirmiş oldular. Ölkəmizə qarşı son zamanlar Fransa başda olmaqla bəzi dövlətlərin açıq qərəz nümayiş etdirməsi və AŞPA-da verilən ədalətsiz qərarlar bu proseslərin həmin dairələrdə yaratdığı qəzəbin və çaşqınlığın ifadəsidir. Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında da dediyi kimi, “əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Maskası yırtılan həmin dairələr artıq ölkəmizə qarşı islamafob, antitürk simalarını gizlədə bilmirlər.
Lakin bütün bunlar Azərbaycanı suveren inkişaf yolundan döndərmək gücündə deyil. İlk növbədə ona görə ki, Azərbaycanınbir çox ölkələrlə, o cümlədən Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və s. kimi böyük platformalar çərçivəsində uğurlu və getdikcə güclənən əməkdaşlığı mövcuddur. İkincisi, müəyyən siyasi təzyiqlərə baxmayaraq, bir sıra Avropa İttifaqı ölkələri Azərbaycanla sıx iqtisadi tərəfdaşlıq əlaqələrinə malikdir və Aİ-də ölkəmizlə əməkdaşlığa olan tələbat artmaqdadır. 
Bütün bunların fonunda bir həqiqət özünü getdikcə daha aydın göstərməyə başlayır: Qərb əvvəlki nüfuzunu və gücünü itirməkdədir. Doğrudur, dünyanın əsas siyasi, iqtisadi, hərbi resursları, kapital Qərbdə cəmləşsə də, digər regionlar, xüsusilə də Asiya qitəsi ölkələri çox böyük sürətlə inkişaf etməkdə, həttabəzi göstəricilərinə görə aparıcı Qərb dövlətləri ilə rəqabət aparmaqdadır. Dünyanın inkişaf lokomotivinin, enerjisinin tədricən Qərbdən Şərqə doğru yerdəyişməsini artıq qərb dövlətlərinin özlərinin nüfuzlu, alim və mütəxəssisləri də etiraf edirlər. Bu vəziyyətin yaratdığı təşviş isə bəzi qərb siyasətçilərini növbəti yanlış addımlar atmağa vadar edir. Onlar anlamalıdırlar ki, fərqli mədəniyyəti, dəyərləri olan xalqlara təkəbbürlü münasibətdən irəli gələn təzyiq və istismar siyasəti artıq səmərə vermir. Ona görə də əminliklə deyə bilərik ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməklə hazırda gedən yeni dünya düzəninin formalaşması prosesinə təsir göstərib və neokolonializm, iqlim dəyişikliyi kimi qlobal problemlərlə mübarizəyə fəal şəkildə qoşulmaqla müsbət dəyişikliyə bundan sonra öz töhfəsini verəcək.
Hülya Məmmədli
Politoloq

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti