Həmzəli İlyas: Daim özünü axtaran adam -Nəriman Əbdülrəhmanlı yazır

Sozcu.info Nəriman Əbdülrəhmanlının Həmzəli İlyas haqqında yazısını təqdim edir.


...O, yaddaşımda həmişə Özünü Axtaran Adam kimi qaldı...

Uşaqlıq çağlarında gələcək məşğuliyyətiylə bağlı arzularını dilə gətirməmişdi, orta məktəbi bitirəndən sonrasa rejissor olmaq istəmiş, bundan ötrü illərini sərf eləmiş, amma ömründə bircə tamaşaya belə quruluş verə bilmədi...

Yazıçı olmağa can atır, yazıb-pozur, amma ayda-ildə bir kiçik yazı üzə çıxarır, düşündüklərini, danışdıqlarını, uydurduqlarını kağıza köçürməkdə çətinlik çəkirdi, elə bu səbəbdən də Haqqa qovuşandan sonra əl boyda kitabı belə, qalmadı...

Tərcüməçi olmaq arzusundaydı, gürcü və rus dillərindən tərcümələr eləyirdi, amma sanki peşəkar tərcüməçi olmağa can atmır, irihəcmli əsərləri çevirməyə girişmirdi, nəticədə də bu yolu da axıracan getmədi...

Övladının dediyinə görə, bir ümumi dəftər dolusu şeirləri qalıb, o şeirləri də, güman ki, ömrünün son illərində, təqaüdə çıxandan sonra qələmə alıbmış, çünki yaxın ünsiyyətdə olduğumuz vaxtlarda bir-iki zarafatyana şeirini nəzərə almasaq, bu “əməlindən” heç xəbər tutmamışdım...

Beləcə, bütün ömrü özünü axtarmaqla keçdi...

Tapdımı, tapmadımı – bunu bir Allah bilir...

1. Beş ilin qazanclarından biri

Həmzəli İlyasla bir mahalda (Qaraçöpdə), bitişik, bir-biriylə qaynayıb-qarışmış kəndlərdə (o – Əyrəmdə, mən – Qarabağlıda) doğulub-böyümüşük, eyni məktəbi bitirmişik, eyni yoldan keçib böyük dünyaya çıxmışıq, amma həyat yollarımız xeyli gec – ötən əsrin səksəninci illərinin əvvəllərində - kəsişib, sonra az qala otuz beş il yanaşı addımlamıəşıq...

Əlbəttə, o vaxtacan arabir üz-üzə gəlirdik, amma hələ aramızda yaxın ünsiyyət yaranmamışdı. Həmzəli Bakıda Mədəni-Maarif Texnikumuni birtirib M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun qiyabi şöbəsinə daxil olmuşdu, kütləvi tamaşalar rejissorluğu ixtisasını öyrənirdi. Amma Bakıda qalmağa imkanı yox idi, atası dünyadan köçmüşdü, anasına-bacısına həyan olmaq lazımıydı, bu səbəbdən də sənət eşqiylə çıxdığı yolla geri qayıdıb bir müddət məktəbdə müəllim işləmiş, sonra da sovxozda komsomol-partiya işinə keçmiş, üstəlik də irili-xırdalı məclislərin tamadası kimi ad çıxarmışdı.

Onda mən də çıxdığım sənət yolunda ilk məğlubiyyətin acısını dadmışdım, təyinatla göndərildiyim Daşkəsən rayonunda kök sala, karyera qazana, göndərişlə imtahan verdiyim Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna da taleyin gərdişi üzündən düşə bilməyib kəndə qayıtmışdım. İşsizliyin ağrılarını yaşaya-yaşaya fəhlə də oldum, idman təlimatçısı (!) kimi də çalışdım, qəzetə ştatdankənar müxbirlik də elədim.

Onda Fərhad Xubanlı, Səməd Qaraçöp, Həmzəli İlyas, Tofiq Mirzə kimi ziyalılarlarla ünsiyyətim sayəsində beş ilin dözülməz mənəvi yaşantılarına tab gətirdim, həyatımda dönüş eləmək üçün hazırlaşdım...

2. Qaraçöpün ilk nasiri və tərcüməçisi

O illərin ağrı-acısı və qazancını müqayisə eləyəndə, hər halda, qazancının daha çox olduğu qənaətindəyəm...

Onda Fərhad Xubanlı Qaraçöpdə ilk dəfə pedaqoji sahə üzrə aspirantura bitirmişdi, dissertasiya müdafiə eləməyə hazırlaşırdı; Səməd Qaraçöp Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini atıb müəllim işləyə-işləyə elə univbersitetdə də qiyabi filologiya təhsili alırdı, mətbuatda işq üzü görən ilk şeirləri ədəbi aləmi əməlli-başlı silkələmişdi; Həmzəli İlyas Qaraçöpdə sənət təhsili alan ilk qaranquşlardan sayılırdı, harda səhnəyə çıxmasının xalq üçün o qədər də mənası yox idi, çünki tamadalığı da sanballı sənət sayırdılar; Tofiq Mirzə orta məktəbi və Tbilisi Dövlət Universitetinin tarix fakültəsini gürcü dilində bitirmiş, hələ təhsil səviyyəsinə layiq iş tapmamışdı.

Baxmayaraq ki, sanballı vəzifəmiz yox idi, qazancımız cüziydi, xalq arasında deyildiyi kimi, “quru bəylər” sayılırdıq, qəlbimizdə yazıb-yaratmaq, faydalı bir iş görmək, övladı olduğumuz yurdun mənəvi yatırını toplamaq, təbliğ eləmək, xalqa çatdırmaq eşqi vardı. Bu eşqlə də folklorumuz, ədəbiyyatımız, tariximizlə bağlı tədbirlər keçirir, qapı-qapı düşüb ağız ədəbiyyatı nümunələrini toplayır, əlimiz çatan yerlərdə çap etdirirdik.

Onda Həmzəli İlyas Qaraçöpün ilk nasiri və tərcüməçisi kimi tanınırdı. Üzü Miskin Vəlidən, Aşıq Musadan bəri Ağabala Mahmudova, Şair Mədədə, Həsən Sadıqlıyacan poetik məcrada yazıb-yaradan adlı-sanlı söz adamları olsa da, ilk nəsr əsərləri qələmə almaq onun qismətinə düşmüşdü: mənsur şeirləri, minatürləri, kiçik hekayələri artıq qəzetlərdə, almanaxlarda çap olunurdu. Sonralar şair Xaqani Qayıblı onun üslubunu dəqiq şəkildə bu cür dəyərləndirəcəkdi: “Həmzəli İlyas sözə çox həssaslıqla yanaşardı, çox qısa yazardı, amma məna tutumu hədsiz olardı”...
Üstəlik də gürcü ədəbiyyatından tərcüməylə məşğul olur, çevirdiyi kiçikhəcmli bədii mətnləri mətbuatda dərc etdirirdi...

3. Ədəbi aləmə çıxışımın səbəbkarı oldu...

Haqqını danmaq olmaz, elə mənim də qolumdan tutub o vaxt ədəbi mühitin mərkəzi sayılan “Sovet Gürcüstanı” (“indiki Gürcüstan”) qəzetinin redaksiyasına apardı, tanınmış söz xiridarlarıyla tanış elədi, sözün əsl mənasında, ədəbi mühitə çıxardı...

Onda hər görüşümüzdə ortaya maraqlı yaradıcılıq ideyaları çıxırdı: Fərhad Xubanlıyla Qaraçöpün folkor yatırını, el şairlərinin yaradıcılığını toplamağa başladıq; Səməd Qaraçöpün yazıya köçürdüyü materialları nizama saldıq; Həmzəli İlyasın nüfuzundan istifadə eləyib hələ həyatda olan söz adamlarının yaradıcılığını qələmə aldıq; Tofiq Mirzənin dil biliyindən faydalanıb gürcü ədəbiyyatından Revaz Unanişvili, Naira Gelaşvili, Laşa Tabukaşvili, Qoderzi Çoxeli... kimi yazıçıları Azərbaycan oxucusuna tanıtmağa başladıq...

Həmzəli İlyas komsomol-partiya vəzifəsini yerinə yetirə-yetirə gürcü dilini öyrənmişdi, tərcümələr eləyir, qəzetdə, almanaxda üzə çıxarırdı. Onun öz müəllifləri vardı. Vladimir Torduanın üslub cəhətdən yaxın saydığı yaradıcılığını çox sevir, minatürlərini tez-tez çevirirdi. Laşa Tabukaşvilinin məşhur “Terangi”, İrina Taliaşvilinin “Həvvanın ölümü” hekayələrini də Azərbaycan oxucusuna o vaxt çatdırdı.

Həmzəli İlyasın yaxşı mütaliəsi vardı. Partkom kimi dövlətin hesabına qəzet-jurnallara abunə yazdırmaq səlahiyyətindən “səmərəli şəkildə” faydalanırdı: ictimai-siyasi nəşrlər əvəzinə ədəbi qəzet-jurnallar (“Azərbaycan” “Ulduz”, , “Qobustan”, “İnostrannaya litertura”, “Drujba narodov”, “Yunost”, “Mnatobi”, “Siskari”... jurnalları, “Ədəbiyyat və incəsənət”, “Literaturnaya qazeta”, “Lideraduruli Sakartvelo”... qəzetləri) yazdırırdı. Bu “ədəbi sərvəti”ni özünəməxsus qısqanclıqla paylaşsa da, ölkədə gedən ədəbi prosesdən xəbər tutmağımıza yetərincə imkan vardı. Abunə kitablar sarıdan da “partkom səlahiyyətləri”ndən məharətlə yararlanır, ictimai-siyasi mövzuda kitablar əvəzinə rus dilində nəşr olunmuş dünya ədəbiyyatı nümunələri alırdı, növbəylə oxuyur, uzun-uzadı müzakirə eləyirdik.

Onunla birgə ədəbi-mədəni mühitdə təşkil olunan tədbirlərə - yubileylərə, kitab təqdimatlarına, şənliklərə - gedir, teatr tamaşalarına, yeni filmlərə baxırdıq. Arif Mustafazadə, Zəlimxan Yaqub, Səməd Qaraçöp, Yunus Novruz, Məmməd Həsənli, Eyvaz Əlləzoğlu, Lətif Mustafaoğlu, Allahverdi Təhləli, İmir Məmmədli... yaradıcılığı söz-söhbətimizin əsas mövzularından idi. Elə o vaxtlar da Vəli Əliyevin nəşrə hazırladığı “Çeşmə”, Əzim İsmayıllının tərtib elədiyi, bir neçə sayı işıq üzü görən “Dan ulduzu” almanaxlarında həm hekayə və minatürləri, tərcümələri çap edildi, həm də Qaraçöpdən olan digər müəlliflərin də o toplulara düşməsinə səbəb oldu...

4. O, yaxşı məsləhətçi və ilhamvericiydi...

1988-ci ildə işsizliyim (sovxozdakı işim daha çox formal, maaşı cüziydi, “Sovet Gürcüstanı” qəzetindəsə yazılarım çox bəyənilsə də, “fəxri ştatdankənar”lıqdan irəli buraxmadılar) dözülməz həddə çatanda Bakıya üz tutmalı oldum.

Amma bu dəfə əliboş deyildim, çiyinlərimdə son beş ilin təcrübəsi və sanballı yükü vardı - Fərhad Xubanlı, Həmzəli İlyas və Tofiq Mirzəylə araya-ərsəyə gətirdiklərimizi üzə çıxarmalıydım. Əlbəttə ki, hər dəfə də Qaraçöpə gedəndə Fərhada, Səmədə, Həmzəliyə, Tofiqə baş çəkirdim, bəzən birimizin evində xudmani məclislər (təbii ki, Səməd adəti üzrə bu cür xudmani məclislərə meyil göstərmirdi) qurur, danışır, məsləhətləşir, yeni-yeni ideyalar ortaya çıxarırdıq. Həmişə də Həmzəli və Tofiq, əsasən, məsləhətçi funksiyasını yerinə yetirirdilər, Fərhad və mənsə o ideyaları gerçəkləşdirməyi öz üzərimizə götürürdük.

1991-ci illərin əvvəllərində Konstantin Qamsaxurdiya rejimi Gürcüstanda hakimiyyəti ələ alanda, milli münasibətlər kəskinləşəndə Həmzəli İlyas da əsl ziyalı kimi, Fərhad Xubanlı, Səməd Qaraçöp və Tofiq Mirzəylə birgə xalqın yanında oldu, araqarışdıran şovinistlərə layiqli cavab vermək üçün bütün imkanlardan istifadə elədi.

Həmin illərdə də o dörd nəfər ziyalının – fikir və qələm adamının – həyat, yaşam qayğılarıyla əlləşə-əlləşə nə qədər əziyyət çəkdiklərini hiss eləyirdim. Üstəlik, Həmzəli İlyasın ailə qayğıları daha böyük idi, hansı əzablarla əlbəyaxa olduğunu yaxşı bilirdim, üstəlik də ürəyindən daim şikayətlənirdi. Bu səbəbdən də 1992-ci ildə Bakıya köçməklə bağlı qərarını anlayışla qarşıladım, həm də imkanlarına münasib ev almasına yardım göstərdim.

Amma Bakıda yaşamağın da ondan ötrü asan başa gəlməyəcəyini yaxşı bilirdim...

5. Axtardığını yox, bəxtinə çıxanı tapdı...

Bakıda məskunlaşdığının ilk ilində Həmzəli İlyasın çəkdiyi əziyyətlərin şahidiyəm. O qarışıq dövrdə sənət aləmində ailənin dolanışığını az-çox təmin eləyəcək qədər gəliri olan iş tapmaq asan deyildi. Bu səbəbdən, bir müddət tələbəlik dostu, Gənclər Teatrının direktoru Həsən Həsənov sayəsində bir müddət inzibatçı işlədi, sonra İftixar Piriyevin açdığı özəl “Dastan” Teatrının icraçı direktoru oldu. Amma qazancı ailəsinin ehtiyaclarını ödəmədiyinə görə, fasiləsiz çətinliklərlə üzləşdi.

1993-cü ildə Azərbaycan Müdafiə Nazirliyinin Sənədli Filmlər Tele-kino Studiyası yaradılanda baş redaktor kimi hərbi xidmətə keçməyim Həmzəli İlyasın da taleyini dəyişdi. İdarənin rəisi polkovnik Çingiz Məmmədov (sonralar general-leytenant məqamınacan yüksəldi) təsis etdiyi “Hərbi bilik” jurnalı üçün redaktor axtaranda mənim və Həmzəlini yaxşı tanıyan rejissor-operator Nizami Abbasın (indi Əməkdar incəsənət xadimidi) tövsiyəsini qəbul elədi. Bu təsadüf onun həyatının xeyli dərəcədə nizama düşməsinə səbəb oldu.

İki il sonra studiyada yaranmış vəziyyət üzündən jurnalın redaktor müavini vəzifəsinə keçməyim də onun yükünü xeyli azaltdı. Rütbəcə böyük olsam da, bunu hiss etdirməmək üçün əlimdən gələni eləyir, yazı-pozu işlərində hövsələsizliyinə yaxşı bələd olduğuma görə, jurnalın əsas yükünü üzərimə götürürdüm.

O illərdə Həmzəli İlyas, demək olar, fəal bədii yaradıcılıqla məşğul olmurdu, ara-sıra üzə çıxardığını, gürcü ədəbiyyatından tərcümələrini də “Xəzər” dərgisində, “Yol” qəzetində dərc etdirirdim...

Elə o illərdə də Fərhad Xubanlıyla tərtib elədiyimiz, ilk nəşrini gerçəkləşdirdiyim “Qaraçöp” ədəbi-etnoqrafik toplusunun araya-ərsəyə gəlməsində Həmzəli İlyas da müəyyən xidmətlər göstərdi – bunu danmaq insafsızlıq olardı...

6. Hərbi təqaüdçü oldu...

Həyatda elə şeylər olur ki, adam unutmaq istəyir, qəlbinin dərinliklərinə gömür, bir daha xatırlamaq istəmir...

2003-cü ildə Həmzəli İlyasla yollarımız gözlənilmədən ayrıldı, hərbi təqaüd yaşımı tamamlamağa iki ildən də az (1993-1998-ci illərdə hərbi xidmətimizin bir ili üç il sayılırdı) müddət qalmış məni tərxis üçün raport yazmağa məcbur elədilər. O, xidmətini davam etdirdi, sonrakı həyatının təminatı olan hərbi təqaüdlə tərxis olundu, mülki həyatına davam elədi...

O illər ərzində əlaqələrimiz zəiflədi, ara-sıra çayxanada, tədbirdə, xeyirdə-şərdə üz-üzə gəldik, araya düşən məsafəni xatirələrlə dəf eləməyə çalışdıq, buna nə qədər nail olduğumuzu da bir Allah bilir...

O illərdə Həmzəli İlyas yaşam qayğılarından imkan tapıb ara-sıra qəzet-jurnallarda tərcümələrini dərc etdirirdi, Qalaktion Tabidze, İsabel Alyende, Mixail Bulqakov, Atol Fuqardın əsərlərini dilimizə çevirmişdi...

O illərdə ən çox oturub-durduğu qələm adamları Vaqif Nəsib Sarıhüseynoğlu, Əlisəmid Kür, Eyvaz Əlləzoğlu, Murad Köhnəqala, Ayaz Arabaçı, Mübariz Məsimoğlu, Vəli Qaraçaylı, Etibar Qərib, fotoqraf Şahinyüksəl Sərkarov idi. “Ağ işıq” (Eyvaz Əlləzoğlunun xatirəsinə), “İşartı göz çəkəndi...” (Etibar Qəribin şeirləri haqqında) kimi sanballı məqalələrini də o vaxtlar qələmə almışdı...

Sonralar Vəli Qaraçaylı yazacaqdı: “Hamımızın “Dədə Qorqud” çağırdığımız Həmzəli İlyaslı, biz səni itirməklə, köhnə kişilərin ədəb-ərkanını, folklorumuzun və ədəbiyyatımızın kamil bilicisini, gözəl tərcüməçini, hərbiçi jurnalistini, Qaraçöpün adət-ənənəsini, kişilərin məclisdə özünü necə aparmağını, necə sağlıq deməyini, məclisdə əyləşən hər bir kəsə xoş ovqat bəxş etməyini itirdik...

Yaxan qurtarmadı, dünya bacından,
Zəkası qızıldan zərgər itirdik.
Səni itirməklə dünya tacından,
Ay Dədə Həmzəli, biz zər itirdik”.


7. Elə “Dədə Qorqud” qəbirstanlığı da son mənzili oldu...

2020-ci iyunun 5-iydi, 68 yaşını tamamlamağa 1 ay 2 gün qalmışdı...

Acı xəbəri eşidəndə həyatımda çox doğma və əziz bir insanın azaldığını, yerində dözülməz boşluq qaldığını hiss elədim...

“APA” İnformasiya Agentliyindən zəng vurdular, ancaq bu sözləri deyə bildim: “Çox kədərli xəbər oldu. Gözəl insan və ziyalı, tərcüməçi Həmzəli İlyası itirdik... Məkanı cənnət olsun...”

Dəfnində dilim-ağzım qurumuşdu, dillənib bir kəlmə söz deyə bilmədim, gücüm ancaq xatirələrimlə əlləşməyə yetdi...

Sonra Nurafiz yanğısını bu cür dilə gətirdi: “Həmzəli İlyaslı uşaq saflığıyla, duruluğuyla, bir az da ağayanalığıyla hamımızın qəlbinə yol salmışdı. O yolla da günlərin birində çıxıb getdi...”

Ayaz Arabaçı illər boyu tanıdığı dostunun xarakrerik cizgilərini bu cür ifadə elədi: “İçimizdəki ağrıları-acıları bircə bığaltı təbəssümüylə yerlə-yeksan eləyərdi. Ədəbli-ərkanlı, savadlı, düşüncəli adamıydı. Bir gün qəfil qəlbimizin tağlarını söküb gedəcəyinə inanmazdım. İndi onu bizdən yüngül bir duman pərdəsi ayırır...”

Həmid Ormanlı onun cismani yoxluğunu belə ifadə elədi: “Olduqca doğma yapısı varıydı. O, olan məclisin özgə ovqatı duyulardı. Lap elə birinci görüşümüzdə yüz ilin tanışı kimi görüşmüşdük. Akif Səmədə bənzərliyi varıydı Həmzəli İlyasın. Hər görüşəndə Akif Səmədlə bağlı sevgi ilə qoruduğu bir xatirəsini danışardı...”

Beləcə, ömrü boyu özünü axtara-axtara Haqqa qovuşdu, işıqlı xatirələrə köçdü...

2023, oktyabr



Oxşar Xəbərlər

Xəbər lenti