Rövşən Rzayevə qarşı “qiyam”ı kimlər təşkil edib?

Komitə sədrinin korrupsiyaya qarşı mübarizəsinin qarşısı alınmağa çalışılır

Bir qrup məcburi köçkünün mayın 15-də Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb illərdir həll olunmayan problemlərinin həll edilməməsini tələb etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Əlbəttə, məcburi köçkünlərin öz haqqlarını tələb etmələri tamamilə normal haldır. Ancaq bəzi nüanslar olmasa.

Birincisi, mayın 15-də Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin qarşısında illərdir həll olunmayan problemlərini indi kəskin formada tələb edilməsi diqqətlərdən qaçmadı. Çox maraqlıdır ki, bu insanlar son 20 il ərzində Qaçqınların və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinə rəbərlik edən şəxsdən bu şəkildə tələb etmirdilər. Halbuki, məcburi köçkünlərin mənzil probleminin bu günə kimi qalmasının əsas günahkarı Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin sabiq rəhbərliyidir. "Yeni Sözçü” qəzetində  məcburi köçkünlər üçün inşa edilən fərdi ev və mənzillərin bir çox hallarda alver predmeti olması haqqında dəfələrlə yazılar dərc olunub. Məcburi köçkünlər üçün inşa edilən ev və mənzillərin ehtiyacı olanlara deyil, imkanlı şəxslərə satılması, məmurlara verilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Rövşən Rzayevə qarşı “qiyam”ı kimlər təşkil edib?

 Qeyd edək ki, bir müddət əvvəl Ağdam rayonundan olan bir qrup məcburi köçkün o zaman Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənovun istefasını və məcburi köçkünlər üçün inşa edilən ev və mənzillərin kimlərə verilməsi ilə bağlı geniş araşdırılma aparılması tələbini nəzərdə tutan müraciətlə çıxış etdi. Qısa zamanda bu müraciətə Laçın, Kəlbəçər, Xoçalı və Şuşadan olan çoxsaylı məcburi köçkün ordusu qoşuldu. Ancaq həmin günlərdə heç kim Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin qarşısında kəskin formada aksiya keçirmədi. Həmin günlərdə bir qrup imtiyazlı məcburi köçkünün imzası ilə Əli Həsənovun istefasını tələb edənlərə qarşı bəyanatlar verildi. Məlumata görə, mayın 15-də Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin qarşısındakı aksiyanın təşkilində həmin imtiyazlı məcburi köçkünlərin əsas rol oynayıblar.

 

Mayın 15-də Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin qarşısında baş verənləri nüfuzlu media qurumlarından biri "Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı” başlığı ilə təqdim etdi. Bu versiyanın nə qədər həqiqət olduğunu təsdiq etmək imkanımız olmasa da, təkzib üçün səslənən fikirləri də inandırıcı hesab etmək mümkün deyil. Ancaq normal məntiq bu proseslərin təsadüfi olmadığı, birilərinin Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevin kadr islahatlarından narahat olduğunu deməyə əsas verir. Digər tərəfdən fəal vətəndaşlar Rövşən Rzayevə müraciət edərək məcburi köçkünlər üçün inşa edilmiş ev və mənzillərlə bağlı geniş araşdırma aparılmaısnı təmin etməyi xahiş edirlər. Əgər bu baş verərsə, məcburi köçkünlər üçün ev və mənzillərin inşaasında ciddi korrupsiya hallarının baş verdiyi üzə çıxa bilər. Çünki, bir neçə il əvvəl məcburi köçkünlər üçün inşa edilmiş evlər indi çox pis vəziyyətədir. Eləcə də, həmin illərdə məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdəki inziabati binalar da acınacaqlı durumdadır. Bütün bunlar isə həmin inşaat işləri zamanı korrupsiya hallarına yol verildiyini aydın göstərir. Rövşən Rzayevə müraciət edən fəal insanlar da həmin məsələlərin araşdırılmaısnı tələb edirlər. Məsələn, Ağdam rayonundan olan Yavər Nəsirov Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə ünvanladığı məktubda Ağdam rayonu ərazsində məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki ev və inzibati binaların hazırkı vəziyyətini, həmin evlərin sahibinin neçə dəfə dəyişməsini və bu zaman korrupsiyaya yol verilib-verilməməsini araşdırmaq üçün xüsusi komissiya yaradılmasını xahiş edir. Əli Həsənov Komitə sədri olanda onun istefası tələbi və məcburi köçkünlər üçün inşa edilmiş ev və mənzillər, məcburi köçkün qəsəbələrindəki inzibati binaların inşaası zamanı korrupsiya hallarının araşdırılmaısı ilə bağlı çoxsaylı müraciətlərin müəllifi kimi tanınan Yavər Nəsirov hesab edir ki, məcburi köçkün qəsəbələrindəki ev və binaların hazırkı vəziyyəvəti araşdırılsa ciddi korrupsiya halları üzə çıxacaq.

Komitə sədrinin belə bir araşdırma aparılması ilə bağlı qərar verəcəyindən qorxanlar onun diqqətini başqa istiqamətə yayındırmaq, hətta qarşısını almağa cəhd edə bilərlər. Buna görə bəzi məcburi köçkünlərin məhz indi kəskin tələblə aksiya keçirmələri təsadüfi hesab olunmur və bunun arxasında Rövşən Rzayevin Qaçqınlar və Məcburi Köçkünlərin İş Üzrə Dövlət Komitəsində başlatdığı islahatlardan qorxanların dayanmasına şübhə ola bilməz. Rövşən Rzayevin islahatlarından kimlərin qorxduğunu isə müəyyən etmək çətin deyil. Mövzunun aktuallığını nəzərə alıb, diqqətdə saxlamağa çalışacağıq.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti

P.S. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron, Tərtər, Göygöl və , Göyçay  rayonlarında məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binalarındakı mənzillər ətrafında korrupsiya faktı olub. Bu evlərdən mənzil almaq vədi ilə əllərindən pulları alınmış məcburi köçkünlərin də etirazı gözlənilir. Bununla bağlı araşdırmamız olacaq. Eyni zamanda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron və Tərtər rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisində korrupsiya hallarının olub-olmaması araşdırma mövzumuzdur.



Oxşar Xəbərlər

Xəbər lenti