YAP fərdlər arasında münasibətlərə qarışmırsa, nəyə qarışır?

 


 

Xızı Rayon İcra Hakimiyyətinin keçmiş və hazırkı icra başçılarının arasındakı ziddiyət nələri üzə çıxara bilər

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov sələfi Maksim Musayevin Altıağac kəndindəki obyektini sökdürüb və bu prosesə şəxsən rəhbərlik edib. Sabiq icra başçısının bu məsələ ilə bağlı bir zamanlar müxalifət qəzeti hesab etdiyi "Yeni Müsavat” qəzetinə açıqlama verməsi bəlkə də tarixin ironiyası deyil. Ancaq Maksim Musayevin üzvü olduğu Yeni Azərbaycan Partiyasının rəsmisi Hüseyn Paşayevin "YAP fərdlər arasında münasibətlərə qarışmır” kimi heç bir məntiqə sığmayan açıqlama verməsi, yəqin ki, tarixin ironiyasıdır. 15 il YAP-ın deputatı olmuş bir şəxs bir icra başçısını qanunsuz addımda, onun obyektini uçurmaqda suçlayır. YAP rəsmisi isə bildirir ki, hakim partiya iki şəxs arasında məsələyə qarışmır.  Belə görünür ki, Hüseyn Paşayev məsələnin nədən ibarət olmasının fərqində deyil. Maksim Musayevin YAP-ın qurulmasında fövqəladə rolunun olmaması da Xəzər Aslanovun onun obyektini uçurmasına əsas vermir. Ümumiyyətlə, YAP üzvü-olub-olmamasından asılı olmayaraq hansısa bir vətəndaşa aid mülkün, obyektin sökülməsi qanunla, məhkəmə qərarı əsasında həyata keçirilməlidir. Heç bir məmurun bir şəxsin obyektini sökdürməsi yolverilməzdir. Hüseyn Paşayev isə bu qədər sadə məntiqdən çıxış edib, yaranmış vəziyyətə aydınlıq gətirmək əvəzinə tamamilə absurd münasibət açıqlayır. YAP rəsmisinin bu açıqlamasında diqqət çəkən əsas məqamlardan biri də hakim partiyanın yalnız vəzifə başında olanların mövqeyindən çıxış etmək ənənəsini davam etdirməsidir. Halbuki, ən azından Eldar Mahmudov, Cahangir Hacıyev, Füzuli Ələkbərov, Əli İnsanov, Fərhad Əliyev və onlarla başqa məmurla bağlı olaylardan sonra hakim partiya birmənalı şəkildə vəzifə başında olanları müdafiə etmək ənənəsinə son qoymalı idi. Ancaq hakim partiya bu ənənəsini da davam etdirir. Bu isə heç şübhəsiz ictimai rəydə hakim partiyanın əleyhinə işləyir. Xızı rayonunun sabiq və indiki icra başçısı arasında yaranmış qalmaqal bu rayonda baş verən olayları da diqqət mərkəzinə gətirib. Redaksiyamıza daxil olan məlumatda Xızı rayonuna ayrılan vəsaitlərin istifadə olunmasında qanun pozuntularına yol verilməsi haqqında məlumatlar var. Bu məlumatlar arasında xüsusilə də büdcə vəsaitləri hesabına həyata keçirilən alqı-satqı əməliyyatlarına diqqət çəkilir. Məlumatlı mənbə Xəzər Aslanovun Xızı rayon icra hakimiyyətinə başçı təyin edildiyi 10 aprel 2012-ci il tarixdən bu günə kimi büdcə vəsaitləri hesabına həyata keçirilən əməliyyatlarla bağlı şok məlumatlar açıqlayır. Biz həmin məlumatları dəqiqləşdirmədiyimizüçün hələlik açıqlamırıq. Ancaq Azərbaycanın ən səfalı güşələrindən biri olan Xızı rayonunda baş verənləri araşdırmağa da çalışacağıq. Məlumatlı mənbə Xəzər Aslanovun Xızı rayonunbaşçılıq etdiyi 2013-cü ildə yenidən qurulan Xızı-Altıağac yolunun indiki vəziyyəti ilə tanış olmağı və bu işə sərf olunan 20 milyon və yaxud da o dövr üçün 25 milyon dollardan büdcə vəsaitinin taleyinə aydınlıq gətirməmizi xahiş edir. Mənbə eyni zamanda Xızı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin həyata keçirdiyi maliyyə əməliyyatlarına diqqət yönətməmizi xahiş edir. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda Xızı rayon Təhsil və Səhiyyə Şöbələrində büdcə vəsaitlərinin necə istifadə olunması haqqında qeydlər var. Biz bütün bu məlumatlara aydınlıq gətirməyə çalışacağıq. Bu yazı ilə bağlı YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin münasibətini öyrənməyə çalışacağıq.

A. Nəbiyev



Oxşar Xəbərlər

Xəbər lenti