Peşəni peşəkara tapşırarlar


 

Peşəni peşəkara tapşırarlar

Molla Nəsrəddin demiş, ha yazırıq, ha deyirik, xeyri yoxdur ki, yoxdur. Buradan da belə nəticə çıxır ki, ya söz kəsərdən düşüb, ya da sözqananlar azalıb. Ona görə də hər kəs bildiyi, ağlı kəsdiyi kimi hərəkət eləyirlər, ya öz eybini görmürlər, ya bu əgər-əskikliklər barədə yazılanlara gözlərinin ucu ilə də baxmırlar və ya da deyilənləri bir qulağından alıb, o biri qulağından püfləyir bayıra. Üstəlik də xalqımızın əksər çoxluğunun sabunlu kəndir kimi boğazına keçib boğan min bir kəm-kəsirləri, ağrı-acıları veclərinə də almırlar, yuxarıda oturub Tanrının tale çarxını özlərinin nəfinə işlədiblər.

 

Neynək, biz yazmağımızda olaq, onlar xalqdan oğurladıqlarını yeməkdə. Amma bu acgözlər, acnəfslər bilmirlər ki, dünyada yazan-yazılan qalacaq, yeyən-yeyilən yox! Bu yeyənlər, xalqa gecə-gündüz hey yalan deyənlər və düzləri düzdə qoyub, doğru yazanları söylənlər, "bacarıqsızlığı”, "işbilməzliyi” ilə xalqı qara günə qoyanlar illərlə vəzifə kürsülərinə yayxanmaqda, üstəlik də çinədanlarını doldurmaqdadırlar. Belələri bir, ikidir ki, barmaq hesabı verəsən?!

Məsələn, elə götürək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin başbiləni cənab Əbülfəs Qarayevi. Kişi düz 16 ildir ki, nazirliyin baş kürsüsünə yiyələnib və bir əlində də, əvvəl üç, indi isə iki "Şaban” qarpızı tutub. Amma işi, vəzifəsi bir yana, o, bu 16 ildə bilməyib ki, "bir əldə iki qarpız tutmaq olmaz”. Bizim Əbülfəs müəllim öz istedadı ilə 16 ildə sübut edib ki, bir əldə iki yox, üç qarpız da tutmaq olar. Kişi belə deməkdə haqlıdır. Bir əlində iki yepyekə "Şaban” qarpızı tutduğuna görədir ki, həm mədəniyyətimiz, həm də turizmimiz bataqlığa düşmüş vağ quşu kimi çabalayır.

Mədəniyyətimizin, incəsənətimizin və turizmimizin acınacaqlı durumu haqqında çox deyilib, çox yazılıb. Amma bu deyilənlərdən və yazılanlardan cənab Qarayevin nə qanı qaralıb, nə də tükü səyriyib. Maraqlıdır ki, 16 ildə onun üzünə "puff” eləyib, işinin tozunu alan da olmayıb.

Bağışlayın, deyəsən, bir balaca səhv etdim. Neçə il əvvəl onun yükünü yüngülləşdirib, "Şaban” qarpızının birini əlindən almışdılar. Yəni idmanımızı mədəniyyətimizdən və turizmimizdən ayırıb, yeni İdman və Gənclər Nazirliyi qayırmışdılar və həmin nazirliyi də vermişdilər daha ağır çəkili Azad Rəhimov cənablarına (İnşallah, sağlıq olsun, onun da fəaliyyətini qələmə alarıq).

İndi qayıdaq mədəniyyət və turizm fəaliyyətinin qazandığı dahiyanə fəaliyyətinin qaranlıq yerlərinə işıq salmağa. Əvvəla, başlayaq bu cənabın sayeyi-kəraməti sayəsində Alp çəmənləri sayaq çiçəklənən mədəniyyətimizdən və incəsənətimizdən. Əgər bu sahədəki nailiyyətləri Sovet dönəminin eyni zaman kəsiyi ilə müqayisə etsək, uca dağlarla dərin dərələrin fərqi kimi fərq bir məsafə görərik. Həmin zaman kəsiyində Azərbycan mədəniyyətinə gündə söyüb yamanladığımız Sovetlər Birliyi Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi dünya şöhrətli şairlər, Süleyman Rəhimov, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Əli Vəliyev kimi yazarlar, İlyas Əfəndiyev, İmran Qasımov və digərləri kimi möhtəşəm dramaturqlar, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov... kimi bəstəkarlar, Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev kimi müğənnilər, Gülağa Məmmədov, Mirzə Babayev kimi istedadlı estrada ulduzları, Ələsgər Ələkbərov, Rza Əfqanlı, İsmayıl Osmanlı, Adil İsgəndərov sayaq səhnə korifeyləri, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Əliağa Ağayev, Səyavuş Aslan kimi komik incəsənət xadimləri yetişmiş və ən böyük dünya salonlarından, möhtəşəm teatr səhnələrindən onların əsərlərinin səsi-sədası, yaratdıqları obrazların avazı eşidilirdi. Onların yazdıqları və oynadıqları səhnə əsərləri yüz dəfələrlə oynanılsa da, teatrda tamaşaçı əlindən "iynə atsan, yerə düşməzdi”. Çəkilən kinolarımız dünyanın bütün kinoteatrlarında nümayiş etdirilirdi. Buna məşhur "Arşın mal alan” filmi bariz nümunədir. Eşitdiyimə görə, həmin film dünyanın 120-dən çox dilinə tərcümə olunub, nümayiş etdirilmişdir.

Cənab Qarayev və indi dəbdə olan mədəniyyət və incəsənət xadimləri! Bəsdir, ya yenə də sayım-sadalayaım? Bilirəm, bir ağızdan deyəcəksiniz: - Bizdə də var belə ədəbiyyat dahiləri, incəsənət ustadları, səhnə korifeyləri, üstəlik də xalq şairlərinin, xalq yazıçılarının, xalq artistlərinin də sayı yetərincədir. İstəyirsiniz, onları bircə-bircə barmaq hesabı verək. Aygün Kazımovanın, Faiq Ağayevin, Səməd Səmədovun, Ədalət Şükürovun, "bozbaş suyu” qaynadanların, dallarında bir batman yastıq oynadanların – rəfaellərin, coşqunların, şöşülərin, moşolərin və digər mütrüblərin Azərbaycan milli mədəniyyətinə yamaq olub, mənəviyyatına ləkə vuranların adlarından uzun bir sicilləmə düzəldək.

Həmin o mədəniyyət və incəsənət xadimlərindən bircə dəfə soruşan olmayıb ki, ay canım-gözüm, o boyda "dahilərdən” bircəciyinin xalq arasında bir çınqı hörməti var? Və yaxud, həmin "nəhənglərin” səsi-sorağı hansı mədəni xalqların azman konsert salonlarından eşidilir? Olsa-olsa, onlar itə-pişiyə konsert verməklə və ya əndirəbadi hərəkətlə bir para harınların köpünü səngidib, hırıltılarını çoxaltmaqla şöhrətlənib, bəlləniblər. Həmin harınların müftəxor əyalı külfəti arvad paltarı geyən və ağıllarına gələn hərcayi sözləri eşidib, əttökən hoqqalarına baxaraq, gözləri yaşarıncaya qədər gülürlər. Amma o binəvalar bilmirlər ki, Rəfaelə, Coquna, Şöşüyə, Moşuyə gülürlər, yoxsa özlərinə...

Bütün bunlar mədəniyyət və turizm nazirimizin bir əlində iki "Şaban” qarpızı tutmasının ən bariz nümunəsidir ki, bunlara da şöhrət çələngi verən həmin mədəniyyət nazirimizdir. Mədəniyyətimizin, incəsənətimizin ağır durumu barədə ürək ağrısı ilə dedik. İndi baxaq dünyada ən gəlirli sahə olan turizmdə vəziyyət necədir?

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bu gəlirli sahənin inkişafı üçün illərlə çalışır. Şəhərlərimizi gözəlləşdirir, yollarımızı yenidən qurur, yeni-yeni yay və qış turizm bazaları yaradır, Şahdağın, Tufandağın yol-yamacına kanat yollar çəkdirir, neçə-neçə idman və sağlamlıq bazaları qurdurur, turist düşərgələri saldırır ki, ölkəmizə daha çox əcnəbi turist gəlsin və müstəqil inkişafımızı, mədəni, iqtisadi və sosial tərəqqimizi görüb, bu barədə, xüsusilə də Bakımızın gözəlliyindən, Dənizkənarı Milli Parkımızın böyüklüyündən, bərəkətli çöllərimizdən, qonaqsevər ellərimizdən, bar-bəhəri aşıb-daşan bağlarımızdan, "şiş ucları buludlarla döyüşən” dağlarımızdan, ceyranlı-cüyürlü ovlaqlarımızdan və daha nələrimizdən, görüb-duyduqları zövq-səfalar barədə öz ölkələrində ağızdolusu danışsınlar.

Mən hələ təbiət gözəlliklərinə güzgü tutan göllərimizi, qızıl qumlu dənizimizi, nəğməli çaylarımızı, ayna bulaqlarımızı, bəyaz telli şəlalələrimizi, zümrüd meşələrimizi, hər daşında min illərin tarixini yaşadan qədim qalalarımızı, məbədlərimizi və digər nəsnələrimizi demirəm.

Bir sözlə, bizdə ildə neçə milyon xarici turisti özünə cəlb edən çox şeylərimiz var. Bəs, nədəndir gözəllik, rahatlıq görmək, duymaq istəyən xarici turistlər belə gözəl, bərəkətli və zövq-səfalı ölkəmizdən keçib, Gürcüstana, Ermənistana, Türküstana və daha hansı "stana” gedirlər? Ermənistanı bilmirəm və bilmək də istəmirəm. Amma təkcə 2016-cı ildə Gürcüstana 6,8 milyon xarici turist gəlib. Gürcüstan dövləti isə bu gəlişdən nə az, nə də azacıq - düz 2 milyard dollar xalis gəlir əldə edib. Qardaş Türkiyə isə baxmayaraq ki, orada terrorla çox ciddi mübarizə aparılır, bundan azı dörd-beş dəfə çox turist qəbul edib və dövlət xəzinəsinə on milyardlarla dollar – xarici valyuta daxil olub.

Bizdə isə tamam əksinədir. Hər cür rahatlıq, gözəllik, qonaqpərvərlik, tolerantlıq... bizdə, ən az turist qəbul etmək də bizdə. Görəsən, nədir bunun səbəbi? Qəsdən bu sualla hörmətli turizm nazirimizə müraciət etmədim. Bildim ki, bu bircə suala min bir "amma”, bir o qədər də "müəmma” çıxaracaq və axırda da günahı yıxacaq Qarabağ münaqişəsinin üstünə.

Axırda turizm sahəsində uzun illər çalışan qocaman bir dostuma üz tutdum. Sualımı dinləyib dərindən ah çəkdi və bu ahın alovunda yana-yana dedi:

-Turizm elmlə yanaşı, yüksək peşəkarlıq, bacarıq, qabiliyyət, incə zövq, fitri istedad, vərdiş və əla biznes məharəti tələb edir. Kimlər buna vərdiş edir, kimlər peşəkardır və bu sahədə geniş dünyagörüşünə malikdir, çoxsaylı qonaqlarına əla xidmət göstərir, onlar da turizm sahəsində qaz vurub, qazan doldururlar. Biz pambıq əkib, üzüm becərəndə gürcülər və ermənilər Moskvanın qılığına girib, ölkələrini dünya turizm marşrutuna saldırmışdılar, beynəlxalq aeroportlar tikib, dünyanın hər yerindən xarici turistlər qəbul edirdilər.

Həmin ənənə Gürcüstanda yenə də, özü də daha böyük vüsətlə davam edir. Qəzetlərin yazdığına görə, eks Gürcüstan prezidenti Saakaşvili Rusiyaya daha çox turist qəbul etmək məqsədilə Batum şəhərində gündə qaynağından on beş dəqiqə "Caca” arağı axan fəvvarə quraşdırdıbmış. Bütün gürcü maddi və mədəniyyət abidələrini əcnəbilərə göstərmək üçün onları bərpa etdirib, həndəvərinə geniş yollar çəkdirmiş, müasir turist bazaları, motellər, kempinglər tikdirmişdir.

Bizdə də bu sayaq tarixi abidələrimiz, milli mədəniyyət nümunələrimiz yetərincədir. Mən bilən, Balakəndən ta Qusara qədər on iki tarixi və neçə-neçə təbiət abidələrimiz var. "Pəri-qala”, "Gələsən-görəsən”, "Cavanşir”, Qaley-qurd, "Beşbarmaq”, "Gilgil-çay”, "Çıraqqala” belə abidələrdəndir. Respublikamızın cənub-qərb rayonlarında – Qazaxda, Tovuzda, Şəmkirdə, Gədəbəydə, Daşkəsəndə, hətta cənub bölgəmiz olan Lənkəranda, Lerikdə bu sayaq qüllələr, məbədlər yetərincədir. Təəssüf ki, onların çoxu baxımsızlıq və laqeydlik ucundan dağılıb. Birinin də həndəvərinə turist ayağı dəymir. Çünki ora nə yol çəkilib, nə də babat bir turist bazası tikilib. Bu hələ harasıdır... Bakının qucağında, buxtanın sahilə yaxın yerində neçə illərdir "Səbail qalas” suda boğulan adam kimi dalğalar qoynunda gah batır, gah da üzə çıxıb - "Məni xilas edin” - deyə haray çəkir. Bircə nəfər mötəbərimiz yoxdur ki, onun hörgüsünü bir-iki metr sudan qaldırsın və şəhərimizə gələn əcnəbi turistlərə onu göstərib desin:

- Baxın, Böyük Bakımızın ilk təməl daşı burada qoyulub.

Bu hələ harasıdır... Zamanın küləkləri və millətin naşıları "Çıraqqala”nın divarlarını o qədər ovublar ki, o boyda möhtəşəm tarixi abidə kiçicik bir təkana bənddir ki, dağılıb, daşları dərələrə tökülsün. Buna rəğmən Ulu Öndərimiz hələ 1997-ci ildə "Çıraqqala”nın təcili bərpa edilməsi və qalaya turist marşrutunun açılması barədə fərman imzalamışdı. Aradan 20 il keçməsinə baxmayaraq, həmin fərman hələ də kağız üstündə qalmaqdadır. Bax, budur turist işimizin keyfiyyəti və mahiyyəti.

Xarici turistlər Şamaxıdan ta Qubaya, Qusara, Balakənə qədər hər ağac kölgəsində tüstülənən və hər tikəsi qanuni dəyərindən üç qat bahasına satılan kabab qoxusuna gəlmir. Onlar yeni yerlər, gözəl məkanlar, tarixi abidələr görmək, milli adət-ənənələrlə tanış olmaq üçün ölkələr basa-basa gəlirlər Azərbaycana. Gəlirlər və arzuladıqlarını, istədiklərini görməyəndə dabanlarına tüpürüb qaçırlar. Üstəlik, yerli əhalimizin müəyyən qismi də ya Gürcüstana, ya da Türkiyəyə və Avropa ölkələrinə gedirlər. Niyə? Çünki o yerlərdə istirahətin təşkili, mükəmməl istirahət yerləri nümunəvi, qiymətlər ucuz, göstərilən xidmətlər isə əladan da əladır. Qonaqlar bu qayğı-sayğıdan daim razılıq edirlər. Evlərinə dönəndə isə həmin ölkənin milli suvenirlərindən birini və bir neçəsini alıb, özləri ilə vətənlərinə aparır ki, onlara baxanda həmin ölkədə keçirdikləri xoş günləri dönə-dönə xatırlasınlar.

Mən hələ respublikamızda büsbütün unudulan "Kənd turizmi”ni demirəm. Turizmin bu növü Avropa ölkələrində çox geniş yayılıb. İtaliyanın, İspaniyanın, Fransanın, Almaniyanın və qeyri ölkələrin şəhər əhalisinin çox hissəsi yay istirahətlərini kəndlərdə, füsunkar məkanlarda turistlər üçün ayrılmış kənd evlərində keçirirlər. Çünki onlar yaxşı bilirlər ki, əsrarəngiz təbiət qoynunda, hər cür şəraiti olan kənd evlərində rahat dincəlməyin, təzə və ekoloji cəhətdən sağlam ərzaq məhsulları ilə qidalanmağın ayrı ləzzəti var. Həm də bu cür asudə istirahət onlar üçün daha sərfəlidir - puluna qənaət edir, kəndlinin-ev sahibinin əlavə gəlir mənbəyidir. Dövlət də bu gəlirdən vergi almaqla qazanır.

Vaxtı ilə - 40-50 il əvvəl bu ənənə Gəncəbasarda geniş yayılmışdı. İsti yay günlərində Qazax, Tovuz, Şəmkir şəhərlərinin sakinləri "Dilican” dərəsinin, "Əskipara” və İncə” dərələrinin, habelə, Əsrik, Zəyəm çaylarının yaxalarındakı kənd evlərini doldurardılar. İndi həmin kəndlər suyu soğulan dəyirmana bənzəyir. Nə gələn var, nə gedən. Nə də bu mədəni və maraqlı istirahət növünü təşkil edən...

Elimizdə, dilimizdə bir misal var, deyərlər: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik!”. Çünki mahir çörəkçinin bişirdiyi çörəklər heç zaman küt getmir, daha dadlı, daha şirin olur.

Bizdə isə peşəni peşəkara, işi iş bacarana, çörəyi də çörəkçiyə vermirlər deyə, işimiz baş-ayaq olur, kündəmiz də küt gedir.

Məncə, bunları Mədəniyyət və Turizm Nazirliyində bilənlər də az deyil...

Məmməd ƏFŞAN,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti