BİZ VƏ AVROPALILAR VƏ YA BİZİ AVROPAYA BAĞLAYAN NƏDİR?

 

BİZ VƏ AVROPALILAR VƏ YA BİZİ AVROPAYA BAĞLAYAN NƏDİR?



 

 

Bayaqdan bəri oturmuşam bir kətildə və papağımı da qoymuşam dizimin üstünə. Nə vaxtdır Avropa deyilən bir məkan barədə düşünürəm. Fikirləşirəm ki, ayə, o Avropada nə var ki, əli-ayağı tutanlar ya özü təkcə, ya da əyalı-külfətilə birlikdə köç edirlər İngiltərəyə, Fransaya, İtaliyaya, ya da onun ayrı-ayrı ölkələrinə. Köçə bilməyənlər də səhərdən axşama qədər alacəhrə güsü kimi «Avropa, Avropa» deyərək təbil döyürlər.

Mən də qalıram mat-məətəl. İntellgent Həsən bəy kimi bu hazaratdan sorğu-sual edirəm: -Deyin, nəyi artıqdır bizdən Avropa şoğəribin? Varı-dövləti? Pulu-sərvəti? Nefti, qazı? İsti günəş deyirsən bizdə, münbit torpaq deyirsən bizdə. Su, çay, göl, dəniz, balıq, ikra deyirsən, onlar da bizdə. Mən hələ dünyanın on bir rüzgarından doqquzunun Azərbaycanda olmasını demirəm.

Say-seçmə tarixi qəhrəmanlarımızın hünəri, adı dünyaya bəllidir. Və yaxud Avropanın hansı vurub-tutan oğlu, bizim igidlərə babdır. Onların Roben Qutu, Kral Arturu, Janna Darkı varsa, bizim də Qaçaq Kərəmimiz, Dəli Alımız, Qaçaq Nəbimiz, Həcərimiz, Nigarımız, Ərəbzəngimiz var.

Olsa-olsa, bircə boylarının uzunluğu bizdən artıqdır. Bu da heç. Deyirlər, boyu uzun olan adamın ağlı topuğundan aşağıdır. Məsələn ingilislərin, şotlandların, islandların, finlərin, isveçlərin, norveçlərin boyu şalban kimidir. Amma bizdə elə gödək boylu, alıb-aldatmaqda, bir mənzili beş nəfərə satmaqda, Avropanın ən uzun adamı Velingtondur, nədi, lap onun özünü suya aparıb, susuz qaytararlar.

Avropalıların varı-dövləti, pulu-sərvəti çoxdur, yoxsa bizim pullularımızdan? Əsla! Vallahi bizdə elə pullu kişilər var ki, Avropanı pulu ilə basdırar, mən ölüm. Hərəsi bir papaq altında yatır hələ ki. Üstəlik də bizim pulunu ovxarlı balta kəsməyən, elə qurdağızlı məmurlarımız var, dəvəni lingi ilə udarlar və doydum deməzlər.

Bəs bel olduğu halda necə olur ki, bəzi adamlar doğma Azərbaycanı bəyənməyib, çatısını qırmış, ya bö görmüş dana kimi hansı vasitələrlə, yollarla küllü-külfətli köçür Avropaya.

Burada əli yağlı aşa çatmayanlar isə gecə-gündüz ləbbe döyərək «Avropa, Avropa» deməkdən dilləri qabar olub. Day bilməyirlər ki, Avropaya yel əsib, qoz tökülməyib. Barı, onlara deyən yoxdur ki, qaxılın oturun evinizdə, torpaqlarımızın bərəkətindən yeyə-yeyə işləyin, qazanın. Yoxsa siz də, bəzi soydaşlarınız kimi veyil-veyil Avropa şəhərlərinin küçələrini ölçmək istəyirsiniz? Bəlkə burada işiniz, ya iş yeriniz yoxdur? Dolanışığınız zəifdir? Əsla!

Möhtərəm Prezidentimiz həmin o gözü qapılarda, əlləri özgələrinin cibində olmaq istəyənlərə bir milyon altı yüz mindən çox iş yeri açdırıb. Pambıq əkinlərinin qədrini və qiymətini artırıb, barama yetişdirmək üçün Çindən bir milyon, bəlkə də lap iki milyon tut tingi gətirdib, Dövlət hesabına minlərlə cins mal-qara alıb həmin Avropadan. Tikilən yolların, əkilən torpağın, verilən yardımların - subsiyaların da qədəri-hesabı bilinmir. Dövlətin əli də həmişə sizin üstünüzdədir.

Respublikamızın birinci vitse-prezidenti və Birinci xanımı, çox hörmətli Mehriban xanım Əliyeva millətimizin mədəniyyətinə, incəsənətinə, elminə, təhsilinə daim qayğı-sayğı göstərir, aztəminatlı və ehtiyacı olan ailələrin dolanışıq və mənzil şəraitini yaxşılaşdırmaq üçün sosial evlər tikdirir.

Daha nə istəyirsiniz? Oturun evinizdə, ailənizin içində yaşayın özünüz üçün. Nə itiyiniz itib Avropada?!

Belə şərait, filan olan yerdə bəs səbəb nədir ki, öz evini, elini, vətənini, yurdunu qoyub yad yerlərdə iş, dolanışıq axtarırsınız?

Nə isə, çox fikirləşib, düşünüb, daşındıqdan sonra bu müəmmanın sirrini öyrəndim. Sən demə, Avropalıların bəzi-bəzi hal-hərəkətləri düzüb-qoşduqları bizdən fərqlənirmiş. İndi bəyan edim ki, bizi avropalılardan ayıran fərqlər hansılardır? Həmin fərqləri Hacı Hətəmxan ağa sayaq, barmaq hesabı verdim.

Əvvəla, onların, xüsusilə də ingilislərin, islandların, şotlandların, Norveç, İsveç, Fin əhlinin boyları bizdən bir-iki çərək böyükdür. Biz isə ortaboylu və ya onları nisbətən balaca boyluyuq. Amma dünya aləm bilir ki, balaca boylular uzun boylulardan daha civrig, açıqgöz və iti əllidir. (Qalanını yuxarıda saymışdım). Ona görə də biz onlardan üstünük.

İkincisi, onlar mühafizəkardırlar, biz isə xatakar. Yəni onlar dədə-babalarından nə qalıb, hamısını göz-bəbəyi kimi qoruyurlar və üstəlik də cırıq-sökük yerlərini yamayıb, necə olubdusa, eləcə də saxlayırlar gələcək nəsillərinə. Biz isə köhnədən bu günümüzə miras qalan nə var, dağıdıb məhv edirik, necə ki, yeni müasirlik eşqinə düşən məmurlarımız qabaqlarına nə keçir, heç nəyə fikir vermədən söküb-dağıdırlar. Necə ki, «Sovetski» deyilən ərazidə «yenidənqurma» əvəzinə yenidənqırma əməliyyatı keçirilən zaman - yaxşı nə var, ucdantutma - qədim hamam, məscid, tarixi bina - buldozerin qabağına verib uçururuq. Necə ki, bu günlərdə «Ovçular evi» deyilən 40-50 il əvvəl ucaldılmış möhtəşəm bir binanı, onun yerləşdiyi ərazi hansı haramxor tikinti mafiyasının xoşuna gəlib deyə, ikicə günə yerlə yeksan eləyib ki, onun yerində 18-20 mərtəbəli yaşayış binası tikir və onun da hər kvadrat metrini azı 1500-2000 manatdan satsın camaata.

Üçüncü, Avropadakı kişilər onlara müraciət edən xanımlara, xüsusi də gənc qızlara ehtiramla salam verib, hətta hamilə qadın görəndə şlyapalarını da başından götürürlər. Bizdə isə bəzi harın məmurlar qadınlarımıza, qızlarımıza sayğı əvəzinə zor göstərirlər. Necə ki, bu günlərdə Yasamal rayonunun Mətbuat prospektində sökülən binanın həndəvərindəki yüzə qədər əlli illik ağacların qanunsuz kəsilməsinin səbəbini soruşan müxbir xanımın haqlı suallarına haqsızlıq göstərib, qolunun gücünü o binəvanın başında sınamışdı.

Hə! Ağac dedim, yadıma Avropa ölkələrində yaşıllığa göstərilən qayğı düşdü. Avropada ağac kəsmirlər. Məcburi kəsiləndə də birinin yerinə beşini əkirlər. Bizdə isə ağac kəsməkdə, yaşıllıq məhv etməkdə mahirik. Onsuz da az olan yaşıllıqları qırıb, yerində villalar ucaldırıq. Bu səbəbdən də bu neçə ildə neçə yüz, bəlkə də min hektar zeytun bağlarını vermişik balta ağzına. Halbuki həmin zeytun bağları Bakı şəhərini Şimal küləklərindən və toz-torpaqdan qorumaq üçün 1948-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə salınmışdı və sonralar Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə onun sahəsi dəfələrlə artırılmışdır. Bu hələ harasıdır. Mərhum Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi zaman Şıxov çimərliyindən başlayaraq ta Bilgəh sahillərinə qədər Bakının və Abşeron yarımadasının belinə yaşıl kəmər bağlamışdı. İndi eni azə iki kilometr, uzunu isə 60 kilometr olan o yaşıl kəmərdən əsər-əlamət yoxdur. Kəmərin yerində möhtəşəm villalar boy atıb.

Dördüncü: Avropa məmurları və pulu kişiləri bircə rahat binada və ya mənzildə yaşayırlar. Bizim məmurların isə Bakıda ən azı beş-altı və daha çox sarayları, imarətləri, villaları, bağ evləri, üstəlik də şəhərin təzə tikililərində 15-20, bəzən də daha çox mənzilləri var. Bunlarla gözləri doymayaraq Azərbaycanın ən gözəl güşələrində neçə-neçə möhtəşəm imarət tikdirib və dövrəsinə də Narın qala divarından daha möhkəm hasar çəkərək, hektarlarla dövlət torpağını və meşəsini salıblar o divarların içərisinə. Vallah-billah mən məmur tanıyıram ki, bir rayonda özünün üç, oğlunun, qızının, qardaşının, atasının və digər qohum-əqrəbasının ondan çox möhtəşəm - Şah sarayından ötə sarayları var.

Beşincisi: Qarabağlı Hətəmxan ağa dediyi olmasın, Avropa məmurlarının bircə arvadı, el demiş baş yoldaşı olur. Amma bizim pulu varlı-hallı, cəh-cəlallı məmurlarımızın aşkarda bir arvadı, gizlində də neçə-neçə cariyəsi olur, özü də hər cariyənin də qiyməti 60-70 min manat və daha baha olan «CİP»ləri var. Və kasıb-kusubu ayda on dəfə cərimə eləsələr də, həmin cariyələrin yol qaydalarını dönə-dönə pozduqlarını görməməzliyə vururlar.

Deyilənə görə, yol polisəlrindən biri həmin cariyələrdən biri yol qaydalarını pozduğuna görə saxlayıb protokol yazmaq istəyib. Protokol sözünü eşidən xanım, «bilmirsən mən kimin adamuşkasıyam» deyərək sağ əli ilə biçarə polisə elə bir zərbə vurub ki, gözü pırt eləyib düşüb ovcuna. İndi xəbər yayılıb ki, həmin polis də Avropaya getməyə hazırlaşır. Orada tökülmüş sol gözünə bir şüşə protez qoydursun deyə…

Altıncı: Avropa məmurları boğazına kəmsik salar, amma dövlət büdcəsinə əl uzatmaz. Üstəlik də, bal arısı sayaq harada bir balaca şirəçəkən şey görsələr, tezcə sormuqlayıb doldurarlar büdcə dedikləri arı şanlarına. Niyə? Ona görə ki, bugün yığdıqlarını sabah yemək üçün.

Bizdəki məmurlar isə vecsiz eşşək arısı kimi cumurlar həmin dolu şanların üstünə, hərəsi bir tərəfdən başlayırlar onu sorub-sümürməyə, sonra da kef edib ləzzət çəkməyə. Day onlara deyən yoxdur ki, ay qarınqulu sümürücülər, büdcəni lazımi yerlərə, dövlətin və millətin rifahı naminə xərcləyərlər. Sizin nə qədər yesəniz də yenə də ac oğlu acsınız.

Hə, lap yadımdan çıxmışdı. Elə bilməyin təkcə bizik Avropaya meyl edən? Əsla! Hərdən olur, Avropa ölkələrindən də Respublikamıza, ya gəzib görməyə, ya da istirahət etməyə, qızıl qumlu, mavi gözlü Xəzərin ilıq suyunda çimməyə gələnlər də olur. Amma həmin müsafirlər bir-iki gün  keçməmiş tüpürürlər dabanlarına, gəldikləri yolla da qaçırlar buradan.

Arzusu gözündə qalan həmin qaçaraq müsafirlərdən biri ilə yol yoldaşı oldum. Keçib qıçını sındıran bir «turist»dən soruşdum:

- Sən də turistsən, mister?

- Xeyr, - dedi, - turist kimi bir şeyəm.

- Ölkəmiz xoşuna gəldimi?

- Yatdım ki, yuxuda görəm, gəlmişdim Bakıya. Bu gün də gedirəm Bakıdan Bodruma. Deyirlər orada dəniz daha yaxşıdır.

- Bizim dənizi bəyənmədin məyər?

- Sizin dənizi gördüm ki, bəyənəydim. Əslində mən Bakıya Xəzər dənizinin ilıq suyunda çimib, qızıl qumunda «günəş vannası» qəbul etməyə gəlmişdim. Arzum ürəyimdə qaldı.

- Niyə? - dedim. - Nə mane oldu bolluca çimib «zaqar» almağına?

- Dənizin sahilinə çəkilmiş daş hasarlar. Sahil boyu bütün Abşeron yarımadasını dolandım, amma hasarlanmamış beş metr yer görmədim, - dedi o mister və əlavə etdi: - Görünür sizin çox qonaqpərvər xalqınızın arasında acgöz-acgödənlər də az deyil. Belə olmasaydı onlar Allah verən Xəzəri öz millətinin və qonaqların üzünə bağlamazdılar!

Ona görə gedirəm Bodruma. Deyillər orada gözəl çimərliklər var. İstirahətimi orada keçirəcəyəm.

- Bakıya Təyyarə ilə gəlmişdiniz?

- Tbilisiyə qədər təyyarə ilə, oradan ad Bakıya qatarla gəldim. Kaş gəlməyəydim.

- Niyə?

- Düşündüm ki, bizdəki sayaq sürət qatarları sizdə də var. Tbilisidən Bakıya iki-üç saata çatdırar məni. Amma beş yüz kilometri 15 saata çatdırdı, - deyib qəribə tərzdə üzümə baxdı. Bu sürətlə siz harayacan gedə bilərsiniz, cənablar? İndi sürət əsridir. Texnika, elektronika zamanıdır. Fransada, Almaniyada, İspaniyada, hətta Çində qatarların sürəti 250-300 və daha çoxdur. Sizin qatarlar isə 500 kilometr yolu 14 saata gəlir.

Bilmədim cənaba nə deyim. Qaldım gözümü döyə-döyə.

Həə, əzizlərim! İndii gördünüzmü Avropa bizdən hansı nəsnələrə görə ayrıdır və bizim binəvalar da Avropaya niyə qaçırlar?

 

Məmməd Əfşan



Oxşar Xəbərlər

Xəbər lenti