Məhbubə Hüseynova həbs oluna bilər - Yeyinti, səlahiyyət həddini aşma, təhqir...


“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları 3 saylı Uşaq Evində yoxlama keçirib. Ancaq onlar nəticələri elan etməyiblər, sadəcə yoxlamadan sonra direktor Məhbubə Hüseynovanı işdən çıxarıblar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib.

O təsdiqləyib ki, KİV-də yayılan məlumatlar prokurorluğa uşaq evində yoxlamaya başlamaq üçün hüquqi əsas verir. Cinayət Prosessual Məcəlləsi də bunu isbatlayır.

Baş Prokurorluq məcəlləyə istinadla yoxlama aparmalıdır. O cümlədən də Hesablama Palatası. Çünki həmin uşaq evinin xərcləri və digər maliyyə vasitələri büdcə hesabına formalaşır.

Deməli, sadalanan 2 qurum yoxlama aparılmalı və məsələyə hüquqi qiymət verilməlidir ki, doğrudan da uşaq evində yeyinti var, yoxsa yox. 

Mən o səlahiyyətə malik deyiləm ki, deyim, Məhbubə Hüseynova mütləq məsuliyyətə cəlb olunmalı, həbs edilməlidir. Bu araşdırmaların nəticəsində təsdiq edilməlidir. Əgər maliyyə pozuntusu varsa, deməli, istintaq materialları məhkəməyə göndərməlidir”.

Ə. Mustafayev əlavə edib ki, uşağın ruhi dispanserə yerləşdirilməsi məsələsi də ayrıca epizoddur:

“Məsələ bir az qəlizdir. Direktor təşəbbüskar ola bilər ki, o uşaq dəlixanaya göndərilsin. Əslində, şəxsi məcburi qaydada psixoloji dispanserə yerləşdirmə yalnız məhkəmə qərarı ilə ola bilər. Bilmirəm, orada məhkəmə qərarı olub, ya yox? Mən bilən, bu barədə KİV-də heç bir məlumat yox idi. Əgər uşaq məhkəmə qərarı olmadan, direktorun təşəbbüsü ilə ruhi dispanserə yerləşdirilibsə, ilk növbədə, həmin dispanserin rəhbərliyi məsuliyyət daşıyır”.

Vəkilin sözlərinə görə, əgər uşağın doğrudan da psixoloji xəstəliyi varsa və qeydiyyata götürülübsə, bu, ayrı məsələdir:

“Lakin bu barədə dəqiq məlumat yoxdur. Ona görə də bu, ayrıca araşdırma tələb edir.

Əgər uşaq tapşırıq əsasında, məhkəmə qərarı ilə əsassız şəkildə dəlixanaya göndərilibsə, onda qərarı çıxaran hakim haqqında icraatının başlanması üçün Məhkəmə-Hüquq Şurasına müraciət etmək olar. Yox, əgər birbaşa dispanserə yerləşdirilibsə və məhkəmə qərarı yoxdursa, artıq həmin dispanserin rəhbərliyi barədə icraat başlaya bilər. Bu zaman uşaq evi direktorunun rolu müəyyənləşməlidir.

Qısası, qanunsuz olaraq insanın psixoloji dispanserə yerləşdirilmə cinayət əməlidir. Ona görə də burada da araşdırma getməli və məsələyə hüquqi qiymət verilməlidir”.




Oxşar Xəbərlər

Xəbər lenti