Azad söz üçün səfərbər olaq! Mətbuat Şurasının üzvləri çağırış etdi- FOTOLAR


Azərbaycan Mətbuat Şurasının Medianın İnkişafı Agentliyi birgə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş "Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək" mövzusunda konfrans keçirilib.

Musavat.com xəbər verir ki, konfransda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Kütləvi İnformasiya Vasitələrinin rəhbərləri, tanınmış media nümayəndələri iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında qeyd etdi ki, Azərbaycanda 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi söz və ifadə azadlığı, medianın sərbəst fəaliyyəti ilə bağlı məqamlara nəzər salınmasına, mövcud istiqamətdəki çətinliklərin aradan qaldırılması yollarını müəyyənləşdirməyə imkan verir: "Bugünkü konfransımız ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsinə təsadüf edir. Ulu öndəri hörmətlə anır və hesab edirik ki, Heydər Əliyevin müstəqil Azərbaycanda mətbuat azadlığının təmin edilməsi sahəsində gördüyü işlər misilsizdir. Ulu öndər bütün varlığı ilə cəmiyyətdə plüralist fikrin inkişafına böyük dəyər verir, eyni zamanda, bu dəyəri dövlət idarəçiliyində də tətbiq edirdi. Bu baxımdan Prezident Heydər Əliyevin 6 avqust 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasınada söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı xüsusi vurğulanmalıdır. Məlum olduğu kimi, həmin Fərman kifayət qədər əhatəli idi. Sənəddə ölkəmizin söz, fikir və məlumat azadlığının qorunması sahəsində müvafiq beynəlxalq sazişlərə qoşulmasından tutmuş, jurnalist kadrların peşə hazırlığının və təhsilinin yüksəldilməsinə, onlara vətəndaşlıq məsuliyyətinin və mənəvi dəyərlərin aşılanmasınadək, bir sıra məqamlar dolğun şəkildə əksini tapmışdı. Ölkəmizdə dövlətin informasiya siyasəti Konstitusiyamızda əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. Bu fikirlər Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına kütləvi informasiya vasitələrinin inkişafına dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapıb. Sənəd medianın dövlətin və cəmiyyətin prioritet saydığı istiqamətlər üzrə stimullaşdırılmasını rəhbər tutur. Burada da şübhəsiz söz və ifadə azadlığı, jurnalistlərin sərbəstliyinin təminatı mühüm məqamdır.

R. Məcid “Media haqqında” Qanuna diqqət çəkərək qeyd etdi ki, Medianın İnkişafı Agentliyi sənədin icrası istiqamətində mühüm addımlar atmaqdadır. Bu addımlar, həm media fəaliyyəti ilə bağlı qanunvericilik bazasının

təkmilləşdirilməsini, həm də mövcud sahədə nizam-intizam mühitinin formalaşdırılmasını rəhbər tutmaqdadır.

Agentliyin təklifi ilə Vergilər Məcəlləsinə dəyişiklik oldu. Media fəaliyyəti üçün əlavə dəyər vergisi aradan qaldırıldı ki, bu, KİV-lərin gəlirlərinin artmasına təkan verəcək. İnzibati Xətalar Məcəlləsinə bu günlərdə edilmiş dəyişikliklər də yüksək qiymətləndirirlməlidir".

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov xatırlatdı ki, ötən il Milli Mətbuat Günündə Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumda cənab Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə müraciətində qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdlərini doğuran səbəblər və çıxış yolları barədə tövsiyələr öz əksini tapıb: "Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətə çevrildiyi üçün müxtəlif səviyyələrdə dezinformasiya savaşının hədəfinə çevrilib. Çıxış yolu isə Azərbaycan mediasının güclü olması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində sayıqlığımızı və fəallığımızı artırmaqdır. Ölkəmizdə dövlətin media sferasına hər hansı inzibati müdaxiləsi mövcud deyil. Əksinə media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin Nizamnaməsi ilə tanış olduqda onun yalnız medianın inkişafı yönümlü səlahiyyətlərinin olduğunu müəyyənləşdirmək çətin deyil.
“Media haqqında” Qanun beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla hazırlanıb. Qanunun ayrı-ayrı normaları işlənərkən müxtəlif dövlətlərin analoji qanunları araşdırılıb, ictimaiyyətin sosial sifarişinə, beynəlxalq hüquqi aktların yanaşmasına, xarici dövlətlərin təcrübəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun olaraq qabaqcıl standartlara cavab verən normalar formalaşdırılıb. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub".

Daha sonra MŞ-nin İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli, Ceyhun Musaoğlu, Azər Həsrət, Aqil Ələsgər, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxış edərək mediadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, təkliflər səsləndiriblər.

MŞ-nin üzvü, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, əməkdar jurnalist Səadət Məmmədova "Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusunda kofransın iştirakçılarının 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bəyanatını səsləndirib:

"Əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının qayəsində cəmiyyətin inkişafına və tərəqqisinə xidmət amalı dayanır. Müstəqillik illərində Azərbaycan mediası bu amalı rəhbər tutaraq fəaliyyət göstərmişdir. Mediamız ötən müddətdəki inkişaf yolunda 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün təsisi ilə bağlı prinsiplərə də sadiqlik xətti götürmüş, çalışmışdır ki, plüralist fikir cəmiyyətin müxtəlif qütblərinin maraqlarının ifadəçisinə çevrilsin.
Azad sözə müstəsna dəyərin verildiyi ölkəmizdə bu baxışın təminatçısı qismində çıxış edən Azərbaycan dövlətidir. Ulu öndər Heydər Əliyevin media siyasətini, onun jurnalistikaya diqqət və qayğı ənənəsindəki varislik prinsipini qoruyan, bu kursu fundamental əsaslarla zənginləşdirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, eləcə də reallaşdırdığı islahat proqramları onu deməyə əsas verir ki, ölkəmizdə müstəqil fikrin inkişafı üçün möhkəm təməl var.

Dövlətimizin başçısının Ulu öndər Heydər Əliyevin senzuranın aradan qaldırılması iradəsinə söykənmiş islahatlarının tərkib hissəsi olaraq, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsini, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsini və digər təşilati dəstək mexanizmlərinin tətbiqini yüksək qiymətləndiririk. Sevindirici haldır ki, islahatçılıq ənənəsi məntiqi davamını çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsində, jurnalistika fəaliyyəti ilə bağlı məsuliyyətin artırılmasına yönələn qanunvericilik təşəbbüsləridə də tapır. Azərbaycan jurnalistləri isə genişlənən informasiya məkanının tələblərinə adekvat fəaliyyət əzmini bəyan edərək, inkişafın müasirləşmə xəttini hədəf seçirlər.

Medianın özünütənzimləmə qurumu olan Mətbuat Şurası, həmçinin, Medianın İnkişafı Agentliyi və bu konfransın iştirakçıları hesab edirlər ki, həm milli mətbuatımızın ənənələrinə sadiqlik, həm də Azərbaycan dövlətinin gözləntilərini doğrultmaq peşəkarlığın daha da artırılmasını, mətbu sözün təəssübünü çəkməyi, sanbalını qorumağı mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. Biz, Azərbaycan jurnalistlərini fəaliyyətlərində bu meyarları nəzərə almağa, milli və ictimai maraqlar naminə jurnalist peşəsinin prinsiplərini ardıcıl surətdə yerinə yetirməyə, hadisə və proseslərə münasibətdə obyektivliyə, həssas davranışa, daim ümumvətəndaş mövqeyi prizmasından çıxış etməyə çağırırıq.

Biz bu qənaətdəyik ki, azad sözün nüfuz dairəsinin genişlənməsində, ona ictimai münasibətlərin katalizatoru kimi hörmətlə yanaşılmasında davamlılığı təmin etmək üçün media sahəsindəki neqativ meyillərin və jurnalist adından sui-istifadələrin aradan qalxması son dərəcə vacibdir. Əmin olmaq istərdik ki, həqiqi jurnalistlər, əsil qələm sahibləri, özünü cəmiyyətə informasiya verilməsinə məsul sayan peşəkarlar bu məqama ciddi diqqət yetirəcək, mətbu məkanımızdakı neqativ tendensiyalara qarşı barışmaz mövqe tutacaqlar.

Biz, eyni zamanda, dövlət qurumlarının təmsilçilərini, ayrı-ayrı məmurları, ictimai şəxsləri və vəzifə sahiblərini medianın məlumatlandırma missiyasına hörmətlə yanaşmağa, jurnalistlərin cəmiyyəti obyektiv və operativ informasiyalarla təminatı ilə bağlı məsuliyyətini nəzərə almağa, bununla da azad sözün imkanlarının dövlətimiz və xalqımız naminə daimi səfərbər olmasına dəstək göstərməyə çağırırıq.
Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və “Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusundakı konfransın iştirakçıları Azərbaycan jurnalistlərini 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır".

 

Nigar HƏSƏNLİ,
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti