Qarabağ qaytarıldı, Qazaxın 7 kəndi nə vaxt qaytarılacaq?


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın işğalı altında olan Qazaxın 7 və Naxçıvanın Kərkinin Azərbaycana necə qaytarılacağına dair fikir bildirib.

Yenisabah.az-a açıqlamasında o, Qarabağın dağlıq hissəsində Azərbaycanın yurisdiksiyasını bərpa etməsindən sonra həmin ərazlərin də hərbi yolla azad edilməsi rəyinə münasibətini açıqlayıb.

T. Zülfüqarovun fikrincə, sülh sazişi kimi, bu məsələ də danışıqlar mövzusudur:

“Burada kommunikasiyaların bərpası, sərhədlərin delimitasiya və demarkasiyası, kontribusiya mövzusu yer almalıdır. Çünki Azərbaycana dəymiş ziyanın ödənilməsi məsələsində təkcə dövlət yox, eləcə də sıravi vətəndaşların iddia irəli sürməsi beynəlxalq qanunlara uyğundur və belə bir məsələlə artıq məhkəmədə baxılıb. Buna nümunə “Çıraqovlar və başqaları Ermənistana qarşı” işini misal göstərmək olar. Fikrimcə, buna bənzər digər iddialar da qaldırılacaq”.

Sabiq nazir əlavə edib: “Sərhədlərin təyin edilməsinə başlamaq üçün digər bir prinsipial məsələ həllini tapmalıdır. 

Bilirik ki, postsovet məkanında sərhədlərin müəyyən olunması 1991-ci ilin Almatı Bəyannaməsi əsasında baş verib. Azərbaycan bu öhdəliyə əməl edir. Bunun əsasında Azərbaycan-Gürcüstan sərhədində delimitasiya və demarkasiya prosesi davam edir, Azərbaycan-Rusiya sərhədində məlum proses başa çatıb, o cümlədən İranla sovet dövründən qalan sərhədlər əsas kimi götürülüb. Lakin Ermənistan Almatı Bəyannaməsi Azərbaycana münasibətdə tətbiqindən rəsmən imtina edib. İrəvan buraya xüsusi bir düzəliş əlavə edib ki, Ermənistanın Azərbaycanla sərhədi İrəvanın “Dağlıq Qarabağ”la birləşməsi əsasında müəyyən olunub”.

Müsahibimiz aydınlaşdırıb ki, Ermənistan sovet inzibati sərhədlərindən birtərəfli imtina edərkən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb:

“Müxtəlif dövrlərdə İrəvan müxtəlif sərhədləri təklif edirdi. Hətta Nikol Paşinyan hakimiyyətə yeni gələndə demişdi ki, “Artsax Ermənistandır”. Deməli, o nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsini nəzərdə tutur, eləcə də DQMV ətrafındakı 7 rayonu qondarma “Artsax”ın əraziləri sayır, onu da Ermənistana qatırdı. Onlar Ermənistanın ən ucqar sərhədlərini Beyləqan tərəfdən təsəvvür edirdilər.

Mən ermənilərin digər ekzotik təkliflərini bir kənara qoyuram. Lakin Paşinyan Praqada Almatı prinsiplərinin tanınması ilə bağlı öhdəliyi qəbul etdiyini söyləsə də, daha sonra 1975-ci ilin xəritələrinin əsas götürülməsini təklif edib. Amma erməni baş nazir artıq başa düşür ki, Ermənistan-Azərbaycan sərhədinin təyin edilməsi hələ də müzakirə mövzusudur. Əgər ermənilər 1975-ci il xəritələrini irəli sürürlərsə, onda nəyə görə Azərbaycan 1920-ci ilin sərhədlərinə iddia etməsin?! Əslinə qalsa, 1920-ci ildə bolşeviklər Azərbaycan xalqının rəyini soruşmadan Zəngəzur və Göyçə mahalını Ermənistan SSR-ə verib. Bu cür qərarlar çoxdur. Yəni bu mövzu hələ də aktualdır və danışıqlar göstərəcək ki, hansı xəritələr əsas götürüləcək”.

T. Zülfüqarov vurğulayıb ki, ola bilsin ki, müxtəlif sərhəd hissələrinə aid müxtəlif illərin xəritələri əsas götürüləcək:

“Ona görə də bundan sonra sülh sazişində daha konkret məsələlərin müzakirə ediləcəyini istisna etmirəm. Çünki Qarabağ mövzusu artıq bağlansa da, digər mövzular qalmaqda davam edir. Son döyüşlər zamanı Ermənistan hadisələrə müdaxilə etmədi, amma bəyan ediblər ki, separatçı hərbçilər Ermənistan ordusuna əlavə ediləcək. Halbuki “Artsax Müdafiə Ordusu” adlanan silahlı qruplar illərcə Ermənistan büdcəsindən maliyyələşib.

İrəvan bu gün sülhlə bağlı imitasiya yaratmağa çalışır, reallıqda görürük ki, onların siyasəti hələ də münaqişəni davam etməyə yönəlib. Fikrimcə, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi böyük bir problemin bir hissəsidir. Danışıqlarda Zəngəzur və Göyçə mahalı haqqında məsələlərin də müzakirəsi istisna edilmir”



Oxşar Xəbərlər

Xəbər lenti