Mehdiyevin deputat olmağa qoymadığı Anarın “ədalət axtarışı”


“Gələcəkdə Yazıçılar Birliyinin sədri kim olacaqsa, o, mütləq deputat olmalıdır. Deputat nüfuzdur, deputat(lıq) imkandır ki, orada öz sözünü desin...” Bunu Yazıçılar Birliyinin(YB) sədri Anar “Reaksiya.tv”-yə müsahibəsində deyib.

Anar həmin müsahibədə hələ 1995-ci ildə “Prezident Aparatının çox məsul bir işçisinin” zəngindən və onun “namizədliyinizi Göyçaydan verməlisiniz” tapşırığından sonra öz namizədliyini verdiyini və deputat olduğunu etiraf edib. Lakin 2005-ci ildə növbəti dəfə deputat ola bilməməsindən gileylənən Anar ona qarşı Göyçayda “oyun qurulduğunu”, səslərinin azaldıldığını iddia edib, hətta göyçaylılardan incikliyini də gizlətməyib. Baxmayaraq ki, əslində, göyçaylıların Anardan deputat kimi inciməyə daha çox haqqı var...

Bütün bunların “bir nəfərin” onun deputat olmasını istəməməsilə əlaqələndirən yazıçı həmin “bir nəfərin” ad çəkmədən Ramiz Mehdiyev olduğuna eyham vurub. Həmçinin baş verənləri özünə qarşı “ədalətsizlik” adlandıran Anar “ədalətin (özünə qarşı-C.M.) bərpa olunması üçün yenə deputat olmaq istəyərəm”, - deyə bildirib.

Burada yəqin ki, 85 yaşlı YB sədrini deputat olmaq istədiyinə görə qınayacaq bir şey yoxdur. Anar yaşının çoxluğuna baxmayaraq, hazırda Milli Məclisdəki deputatların heç birindən nə əskikdir, nə də artıq. Parlamentdə Anardan yaşca iki-üç dəfə (!) kiçik olan “lal deputatlar” var. Digər yandan, bu xalq çoxdan parlament institutundan əlini üzüb, Anar orada olsa nə olacaq, olmasa nə...

Lakin məsələ Anarın özünəməxsus “ədalət axtarışına” çıxmasındadır. Deputat “seçilmədiyi” üçün özünə qarşı böyük ədalətsizlik edildiyini bildirən Anarın onu “öz seçiciləri” də daxil olmaqla, bu məmləkətdəki sıravi vətəndaşlara qarşı məmurların, nazirlərin, hüquq-mühafizə orqanlarının və s. aydın, gözlə görünən ədalətsizliklərinə etiraz etdiyini bir dəfə də olsa, görən olubmu?

Elə təkcə YB-dəki son ev bölgüsünə diqqət yetirmək kifayətdir ki, Anarın “ədalət kriteriyaları”nı anlayasan. Öz sürücüsünə, texniki işçilərinə ev payladığı, eləcə də eyni adamlara ikinci dəfə ev verdiyi halda, mənzilə gerçək ehtiyacı olan evsiz-eşiksiz yazıçılar, şairlər kənarda qalıb. Belə bir qısır ədalət anlayışı olan şəxsin yenidən deputat təyin olunmamasını ədalətsizlik kimi qələmə verməsi ikrah hissindən başqa heç nə doğurmur...

Yeri gəlmişkən, jurnalistlərin ev bölgüsündə 

yol verdiyi əməllərə görə hazırda həbsdə yatan keçmiş KİVDF sədri Vüqar Səfərli Anarla müqayisədə daha “şükürlü” görünür. Hər halda, Səfərlinin siyahısındakı adamların hamısı olmasa da, böyük hissəsi doğrudan da bu mənzillərə layiq olan jurnalistlər idi. İnsafən onu da nəzərə almaq lazımdır ki, jurnalistlər üçün ev bölgüsündə son söz Səfərlidən daha çox Əli Həsənova məxsus idi. Yazıçıların ev bölgüsündə isə Anara Prezident Administrasiyasından kimlərinsə göstəriş verməsi inandırıcı deyil. Deməli, bu “ədalətli bölgü” elə Anarın öz “əsəridir”. Belə bir bölgü və ədalət “prinsipləri” olan adamın deputat mandatsız qaldığına görə gileylənməyə mənəvi haqqı varmı?

Anar müsahibələrinin birində onu da deyib ki, “mənə dünya şöhrətli yazıçı deyəndə ətim tökülür”. Doğrusu, Anarla bağlı səslənən bu ifadədən təkcə onun özü yox, onun oxucuları və onu tanıyanlar da ət tökür. Ən azından ona görə ki, heç bir dünya şöhrətli yazıçı Prezident Administrasiyasının korrupsioner reputasiyalı başçısından gələn zənglə deputat olmağı özünə yaraşdırmazdı...

Təəssüf ki, Yazıçılar Birliyi hər nə qədər ictimai qurum statusu daşısa da, faktiki olaraq onun rəhbərliyi, Anar başda olmaqla, daha çox məmur statusunda görünür. Son və bundan əvvəlki ev bölgüləri, ümumilikdə YB rəhbərliyində baş verənlər, həmin şəxslərin bu və ya digər açıqalmaları onların “məmurlaşdıqlarına” dair qənaəti daha da gücləndirir.

Yaradıcı insan xüsusilə də Azərbaycan kimi ölkələrdə məmura çevriləndə istər-istəməz öz yaradıcılığını, yazıçılığını itirir. Anarın timsalında isə görünür ki, itirilən təkcə yaradıcılıq və yazıçılıq olmur...

Azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti