25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Ola bilsin 2019-cu ildə parlament seçkiləri keçirilsin”.Sozcu.info bildirir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı musavat.com-a müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, artıq neçə vaxtdır bu məsələ mətbuata çıxır: "Bilmirəm, apreldə və yaxud payızda olacaq. Ancaq gəldiyim nəticə budur ki, bir xalq mahnısı var: "Elin sözü əvvəl-axır düz olur”.Bu qədər söhbətlər gedir, artıq mən də istisna etmirəm ki, ola bilsin 2019-cu ildə parlament seçkiləri keçirilsin”.
F.Ağamalı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışını tam dəstəklədiklərini bildirib.
Deputat qeyd edib ki, ölkə prezidenti xüsusi olaraq büdcənin maliyyə vəsaiti ilə təmin olunmasında, büdcə yığımında çox mühüm rol oynayan ilk sahənin adını çəkib: "Bunlardan biri Vergilər Nazirliyi, digəri isə Dövlət Gömrük Komitəsi oldu. Həmçinin köhnə rəhbərlik haqqında tamamilə doğru olaraq çox sərt fikirlər söylədi. Biz də cənab prezidentin bu fikirlərini həmişə dəstəkləmişik və bu gün də o fikirləri müdafiə edirik, zamanında ölkə prezidentinin siyasətinə uyğun olaraq sözümüzü demişik. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində yeni təyinatlar özünün artıq doğrudan da ciddi və əhəmiyyətli nəticələrini göstərməkdədir. Əgər Gömrük Komitəsində ixrac-idxal əməliyyatlarında toplanan vergilərin həcmi xeyli dərəcədə artırsa… Vaxtilə orda toplanan vergilər heç 1 milyarda çatmırdı. Ancaq keçən il ancaq 3 milyarddan yuxarı vəsaiti Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarından vəsait toplayıb”. F.Ağamalının sözlərinə görə, bununla büdcəyə geniş imkanlar yaradıbsa, o da dövlətimizin ciddi layihələrinin həyata keçirilməsinə xərclənibsə, bu, ancaq alqışa layiqdir: "Artıq orda şəffaflıq təmin olunur, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli və ciddi mübarizə gedir, biz mətbuatdan oxuyuruq. Belələri həbs olunur, işdən çıxarılır və s. Vergi sistemində çox ciddi islahatlar gedir, şəffaflıq var, heç bir əyinti yoxdur, sahibkarlar incidilmir, sahibkarlarla vergi məmurları arasında normal, sivil əməkdaşlıq mövcuddur. Mənə belə gəlir ki, yaxın zaman kəsiyində qanunlar çərçivəsində tam əsaslı münasibətlər olacaq. Hər bir ölkədə vergidən yayınmağa çalışanlar olur. Təbii bunun da qarşısı alınmalıdır, necə ki, alınır”.
Deputatın fikrincə, artıq "kölgə iqtisadiyyatı”na son qoymaq üçün ölkə prezidentinin ciddi çağırışları var: "Həm də "kölgə iqtisadiyyatı”nı yarada bilən iqtisadi və maliyyə məsələləri də, yəni vergi sistemində aparılmaqda olan islahatlar elə bir elə bir istiqamətə yönələcək ki, mən düşünürəm ki, artıq sahibkar "kölgə iqtisadiyyatı” ilə məşğul olmağa ehtiyac duymayacaq. Bu da ölkə prezidenti tərəfindən çox vacib bir məqam kimi deyildi. Bu sahəyə önəm verilməsinin səbəbi budur ki, ölkə büdcəsini formalaşdıran Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsidir. Əgər bu iki qurumda sağlam mühit mövcuddursa, şəffaflıq varsa, rüşvətxorluq və korrupsiyaya qarşı çox ciddi mübarizə gedirsə, idxal-ixrac əməliyyatlarında yayınmalar yoxdursa, sahibkar Vergilər Nazirliyi tərəfindən sıxışdırılmır, əksinə, həvəsləndirilirsə, hökmən bu, Azərbaycan büdcəsinə nəzərdə tutduğumuzdan daha böyük üstünlüklər gətirəcək ki, bu da hər bir vətəndaşın maraqlarına uyğundur”.