"Anam görüb Fəridənin əlindəki çatlardan qan axır" - ALPİNİST QIZIN QISA ÖMRÜNÜN RƏNGARƏNG HEKAYƏTİ

"Anam görüb Fəridənin əlindəki çatlardan qan axır" - ALPİNİST QIZIN QISA ÖMRÜNÜN RƏNGARƏNG HEKAYƏTİ

 

Mərhum alpinist Fəridənin bacısı Vüsalə: "Heyvanlara qıymırdı deyə ət yeməzdi, yerə saqqız atmazdı ki, quşlar udub ölərlər..."

"Afrikada da uşaq evinə gedib çıxmışdı”

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/o_dagi-dasi_her_seyi_insan_ucun_sevirdi_-_alpinist_qizin_qisa_mrnn_rngarng_hekaysi)

Fəridənin çox sevdiyi o balaca qızın adı Mələkdir. Ona o qədər alışmışdı ki, istəyirdi özü ilə gətirsin. Ordan mənə zəng edəndə dedi ki, bilsəm anam icazə verər, burdan özümlə uşaq gətirərəm.

Qayıdandan sonra anam ondan soruşdu, sən hər şeydən iyrənənsən, yemək yeyəndə belə içərisində nəsə axtarırsan, bəs, o qara uşaqları necə öpürsən? Fəridə güldü, dedi, axı, siz onları tanımırsız, o qədər gözəldirlər ki... Yəni onlar haqda o qədər ürəklə, sevgiylə danışırdı.. Uşaqların sevinci, gülüşü onun stimulu, həyat enerjisiydi.

Bir rəfiqəsi Qubada düşərgədə müəllimə işləyirdi. Fəridəyə yazıb ki, bizə səhhətində problem olan bir uşaq gətiriblər, amma onunla dil tapa bilmirik. Nə eləyiriksə, heç kimə yovuşmur, sakitləşmir. Bu hadisəni mənə rəfiqəsi danışıb. Deyir ki, səhəri gün gördüm Fəridə mənə zəng elədi ki, Qubadayam, gəl, məni götür. 11 gün həmin düşərgədə qalıb o uşağa baxıb. Yanılmıramsa, uşaq serebral iflic idi. İndi bunları sizə deyirəm, amma düşünürəm ki, bəlkə özü onun elədiklərini danışmağımı istəməzdi. Yəni o, kimə kömək eləsəydi bunu kimsəyə bildirməyi sevməzdi. Mən sadəcə, bacımın necə insan olduğunu anlatmaq üçün bunları danışıram.

"Qırılan çiçəklərə belə həyat vermək istərdi”

Ümumiyyətlə, Fəridə təbiətinə görə çox fərqlənirdi. Bir yeri əziləndə bədəninin əzilmiş hissəsi ilə də danışardı. Yarasını əzizləməklə ağrısını səngidərdi. Gül qırılırdısa, onunla söhbətləşərdi. Heyvanlara qıymırdı deyə ət yemirdi. Mənə bərk-bərk tapşırırdı ki, uşaqları sirkə aparma. Orda heyvanlara əziyyət verirlər. Yerə saqqız atmazdı. Deyirdi ki, saqqızı quşlar udur, sonra da boğazlarında qalıb onları öldürür. Anama deyirdi ki, yerə yağlı yemək tökmə. Yağ tökülən yerdə illərlə bitki cücərmir...

"İndi anlayıram ki, nə qədər işıqlı düşüncələri varmış”

... İndi anlayıram ki, Fəridə nə qədər işıqlı düşüncələr qoyub gedib. Yanımda olanda qədrini bilməmişəm. Düzdür, onunla hər şeyi paylaşırdıq, danışırdıq. Amma bu aylar ərzində onu daha yaxşı tanıdım. Şəkillərin içərisində ha axtardım bir yerdə şəklimizi tapım, tapa bilmədim. Fəridə getməzdən əvvəl köhnə kurtkamız vardı, onu geyinib sonra mənim dolabıma asıb. O paltarlarda Fəridənin qoxusu qalıb...

Fikirləşirəm ki, axırıncı dəfə onu nə vaxt qucaqlamışdım görən? Biz iki bacı çox az bir-birimizə sarılardıq. Uzun-uzun saatlarla danışardıq, söhbətləşərdik. Bu qədər dərdləşməyin, paylaşmanın qabağında görürəm ki, balaca bacımı yetərli qədər tanımamışam. Onun ürəyində nə qədər böyük arzular, düşüncələr varmış...

"Zamanında ona "səni çox istəyirəm" deyə bilmədim”

...Əllə saysaq, bir yerdə heç iki şəklimiz yoxdur. Şəkillər çəkdirməyə belə zamanımız olmadı. Ən çox ona üzülürəm ki, yanımda olanda ona "səni çox istəyirəm” deməmişəm, doyunca sarılmamışam...

...Biz Masallıda böyümüşük. Ora bir qədər qapalı yerdir. Fəridə 11-ci sinifdə oxuyanda atam insult keçirdi deyə Bakıya köçməli olduq. Sonra o, universitetə qəbul olundu. Deməyim odur ki, biz əyalətdə böyümüşük. Amma Fəridə buna baxmayaraq, çox komplekssiz, fikirlərində sərbəst müstəqil və qərar verməyi sevən qız idi...

"Anam Fəridənin qarın altından çıxan halına tap gətirməzdi”

- Neçə uşaqsız?

- Üç uşağıq. Fəridə ailəmizin sonbeşiyidir. Qardaşımdan da, məndən də çox balacaydı. Evimizin şıltağı, nazlısıydı...

Anam ilk günlər çox pis idi. Amma qardaşımın vəziyyətini görəndən sonra özünü qismən toparladı. Fəridəgili qarın altından çıxaranda qardaşım orda olub. Onu necə görmüşdüsə, bizim Fəridəylə son dəfə vidalaşmamıza razılaşmadı. Bilirdi ki, anam Fəridəni o halda görsə, tab gətirməzdi.

"Allah onu yüksəkliklərdən yanına apardı”

Başsağlığına gələn dostlarından biri gözəl bir söz dedi. Dedi ki, Fəridə sevdiyi məkanda, ürəyincə olan bir yerdə, qəlbinin cənnətində dünyasını dəyişib. Ola bilərdi o, avtomobil qəzasında, yaxud ağır xəstəlikdən də bizi tərk eləyərdi. Amma Allah onu sevdiyi yerdən - yüksəklikdən öz yanına apardı.

"Yolçuluğun belə uzun olacağı ağlına da gəlməyib”

...Fəridə çox üşüyən idi. Baxıram qalın çəkmələri, qalın əlcəyi evdə qalıb. Ağır olmasın deyə özüylə götürməyib. Yəqin yolçuluğun belə uzun olacağı ağlına gəlməyib...

"Əlindəki çatlardan qan axır...”

Anam bir dəfə yuxuda görüb. Hələ onda onu tapmamışdılar. Görüb ki, Fəridə geri qayıdıb, amma əlləri çat-çatdır. O çatlardan da qan axır. Anam əllərinə toxunmaq istəyib, amma əli çatmayıb. Bəlkə də bu, ilahinin anama mesajıydı.

Getməzdən qabaq bizdəydi. Məndən gülə-gülə ayrıldı. Üzündəki o gülüş hələ də gözümün qabağındadır. Uşaqlara nağıl oxudu, onları yatızdırdı, sonra getdi.

"Yavaş-yavaş necə unuduluram?!”

Hərdən mənə elə gəlir ki, Fəridə bizdən tez ayrılacağını əvvəlcədən hiss eləyirmiş. 2016-cı ildə qəribə bir şəkil paylaşmışdı. Şəkildə yazıb ki, "Kresloda oturmuşam, darağa dolaşan saçlarımı ayırıram. Bəs, oralarda vəziyyət necədir? Oralar mənsiz necədir? Mən yavaş-yavaş necə unuduluram? Kimlər məni xatırlayır?” Sizcə, insan heç bir səbəb olmadan niyə belə bir şəkil paylaşsın?

- Bəs, elə gözəl, həyat dolu qızın sevdiyi yox idi?

- Bax, o haqda mənimlə danışmazdı. Amma yəqin ki, vardı...

RƏNA, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}