BDU-da Xocalı soyqırımı qurbanları anılıb

BDU-da Xocalı soyqırımı qurbanları anılıb

 

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı qətliamının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa sığmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb.

Bu soyqırıma ilk dəfə olaraq hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edən F.Qurbanov Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” beynəlxalq kampaniyasından bəhs edib.

F.Qurbanov Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edəcəyini və işğalçıların layiqli cavablarını alacaqlarını vurğulayaraq Azərbaycan Ordusunun gücü və qələbə çalmaq əzmindən, uğurlu aprel döyüşlərindən danışıb.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Fəzail İbrahimli Xocalı soyqırımının xalqımızın nisgili, dərdi olduğunu vurğulayıb. O, erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, yaşlı insanlara işgəncələr verildiyini qeyd edərək soyqırımı nəticəsində yüzlərlə insanın məhv edildiyini, dövlətimiz tərəfindən faciənin dünyada tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii proqramla başa çatıb.

BDU-nun Mətbuat və informasiya şöbəsi


 BDU-da Xocalı soyqırımı qurbanları anılıb



Oxşar Xəbərlər

Xəbər lenti