8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən gün Nazirlər Kabineti Bakının "Sovetski” məhəlləsinin taleyini həll edən qərar çıxarıb.
"Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərara əsasən, Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınacaq. Alan orqan isə Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Nazirlər Kabinetinin sözügedən qərarı ilə bağlı bəzi suallar meydana çıxır.
Belə ki, qərar Bakının Baş Planına əsaslanır, lakin paytaxtın Baş Planı ətrafında müzakirələr uzun müddətdir gedir. Ötən ilin may ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin hazır olduğu bildirmişdi. Amma bu layihənin hüquqi sənəd statusu alıb-almadığı məlum deyil. Nəticədə istinad edilən Baş Plana əsasən "Sovetski”də söküləcək evlərin yerində gələcəkdə nələrin inşa ediləcəyini ancaq təxmin etmək qalır.
İkinci məqam isə qərarda "Sovetski” ərazisindəki obyektlərin "dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi” məqsədilə dövlət ehtiyacları üçün satın alınacağı barədə deyilənlərdir. Bəs sökülən evlərin yerindən hansı kommunikasiya xətlərinin keçirilməsi planlaşdırılır?
Digər məqam isə bundan ibarətdir ki, hökumətin qərarına qədər həmin ərazidəki bəzi yaşayış yerləri özəl tikinti şirkətləri, biznesmenlər tərəfindən əsasən bazar qiymətlərinə yaxın qiymətlərə alınmışdı. Və müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən sahibkarlar orada çoxmərtəbəli binaların inşasına hazırlaşırdılar. O zaman söküntü qərarı, yaxud tikililərin dövlət ehtiyacları üçün satın alınmasına biznesmenlərin aldıqları həmin mülklər də daxil ediləcəkmi? Ümumiyyətlə, onların layihələrinin taleyi necə olacaq?
Bu məqamlara aydınlıq gətirmək üçün Nazirlər Kabinetinə müraciət etdik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli virtualaz.org-a açıqlamasında bildirdi ki, Bakının hansı Baş Planından söhbət getdiyini aydınlaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmalıdır. Çünki bu sənəd onlarda var.
Nazirlər Kabinetinin rəsmisi həmçinin "Sovetski”də hansı dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilə biləcəyi haqda da danışıb. Onun sözlərinə görə, dövlət əhəmiyyətli kommunikasiya xətləri dedikdə, bura tunellər, körpülər, müxtəlif qurğular, telefon şəbəkəsi, qaz boruları, çirklənmiş suları təmizləmək üçün olan qurğular, yüksək gərginlikli ötürücülər və s. daxil ola bilər.
"Bunlar böyük miqyas daşıdıqda dövlət əhəmiyyətli hesab olunur. Məsələn, 110 kilovoltdan yüksək gərginlikli xətlər dövlət əhəmiyyətli sayılır. Ola bilər ki, "Sovetski” ərazisində gələcəkdə binalar və ya digər obyektlər tikilsin. İndiki mərhələdə ərazi obyektlərin su-kanalizasiya şəbəkəsinin, kommunikasiya xətlərinin qurulması üçün boşaldılır”-Akif Əli deyib.
"Sovetski”də əvvəlcədən sahibkarlar tərəfindən alınan obyektlərə gəlincə isə, A. Əli bildirib ki, əgər belə sahibkarlar varsa, onlarla bağlı məsələ Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tənzimlənəcək.
"Qərarda Yasamal Rayon İcra hakimiyyətinə tapşırılıb ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini həyata keçirsin. Məndə belə sahibkarların olması ilə bağlı məlumat yoxdur. Əgər belə sahiblarlar varsa, bu məsələlər icra hakimiyyəti tərəfindən tənzimlənəcək. İcra hakimiyyəti Nazirlər Kabinetinə təkliflərini təqdim edəcək”-mətbuat xidmətinin rəhbəri bildirib.
"Sovetski” məhəlləsinin sökülməsinin birinci mərhələsi 2014-cü ildən başlanılıb və birinci mərhələ 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailəköçürülüb. Onlara mənzillərinin hər kvadratmetrinə görə 1500 manat kompensasiya ödənilib. Mənzil sahəsi az olan bir qrup sakin isə yeni mənzillərlə təmin olunub.