8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini, baş nazirin müavini Əli Əhmədov Trend-ə müsahibəsində bildirib ki, bəzi ölkələrdə səhiyyə daha çox dövlətin nəzarətindədir: "Məsələn, İngiltərədə səhiyyə xidmətinin göstərilməsi və maliyyələşdirilməsi bütünlüklə dövlətin nəzarətindədir. Xəstəxanalar da dövlət xəstəxanalarıdır, amma başqa ölkələrdə səhiyyə müəssisələri ya bütünlüklə özəlləşdirilib, ya da hər iki forma var. Hesab edirəm ki, Azərbaycanda da müəyyən müddət qarışıq forma fəaliyyət göstərəcək".
Baş nazirin müavini qeyd edib ki, son illərdə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə dövlət müəssisələri ciddi şəkildə yenidən qurulub, təmir edilib, ən müasir avadanlıqlarla təmin edilib: "Həmçinin burada yüksək hazırlıq keçmiş, Azərbaycandan kənarda - Avropada, Türkiyədə təhsil almış və yaxşı həkimlik dərəcəsinə sahib olmuş tibb işçiləri çalışırlar. Ona görə də müəyyən müddət, əhəmiyyətli bir dövrdə Azərbaycanda qarışıq forma istifadə olunacaq".
Ə.Əhmədov deyib ki, Azərbaycan bu dövlət müəssisələrinə həddindən artıq çox maliyyə vəsaiti sərf etdiyindən onların satışa çıxarılması o qədər real görünmür. Baş nazirin müavini qeyd edib ki, müəssisələrin əksəriyyəti təmir edildiyindən, yeni avadanlıqlarla təchiz edildiyindən onlar kifayət qədər baha qiymətə satılmalıdırlar. Buna görə də bu müəssisələr ən azından amortizasiya dövrü keçənə qədər dövlət müəssisəsi olaraq qalacaqlar: "Güman edirəm ki, gələcəkdə bu müəssisələrin yenidən qurulması məsələsi ortaya çıxanda Azərbaycan dövləti də bir çox ölkələrin, o cümlədən qonşu ölkələrin praktikasına uyğun şəkildə - əlbəttə, bütün dövlət tibb müəssisələri olmasa da, əhəmiyyətli bir hissəsini özəl sektora vermək haqqında qərar çıxaracaq. Amma bu, gələcəyin işidir".
Ə.Əhmədov onu da bildirib ki, Azərbaycanda kifayət qədər özəl müəssisələr var: "Əlbəttə, mən bu özəl müəssisələrin xidmət keyfiyyətlərinin yüksəlməsini çox arzulayardım. İndi çoxlu sayda xidmət keyfiyyəti yüksək olmayan özəl səhiyyə müəssisələri var. Hesab edirəm ki, Səhiyyə Nazirliyi bu səhiyyə müəssisələrinə diqqət ayıracaq və onların göstərdiyi xidmətlərin keyfiyyətini daha ciddi şəkildə araşdıracaq. Çünki bu, insanların sağlamlığı ilə bilavasitə əlaqəli olan məsələdir".