Sumqayıtın kitab filantropu-Müsahibə

Sumqayıtın kitab filantropu-Müsahibə

 

Azərbaycanda təhsil, əhalinin savadlılıq dərəcəsi günü-gündən keyfiyətini itirir, bunun çox səbəbləri var, həmin səbəblərdən ikisini xüsusi vurğulamaq yerinə düşər. Bunlar kitab ticarətilə məşğul olan insanlara dövlətin lazımi qayğı göstərməməsi və əhalinin əksəriyyətinin lüzumsuz işlərə pul tapıb, kitaba gələndə bahaçılıqdan şikayətlənməsidir. Qısası Sumqayıta yol alıb, məşhur bukinist Xan Rəsuloğlu ilə söhbətləşməyə yol aldım.

-Sizə  Xan müəllim, yazıçı Xan Rəsuloğlu, kitabçı Xan Rəsuloğlu, Siqurt, ağsaqqal kitabçı, bilik xəzinədarı və s. kimi müraciət olunur. İndi sizə necə müraciət etsək ürəyinizcə olar?

-Bir beytim var: Yol adamdan başlayır, yol addımdan başlayır, yol adımdan başlayır. Qısaca Xan Rəsuloğlu və ya Xan müəllim.

-Xan müəllim qısa özünüz haqqında məlumat verərdiniz

1962-ci ildə Sumqayıt şəhərində zəhmətkeş ailəsində dünyaya gəlmişəm. Əslən Cənubi Azərbaycandanıq. Atam Qubadlıda, babam Zəngəzurun Qafan mahalında, babamın atası isə Arazın o tayında, Qaradağ mahalında dünyaya gəlib. Özüm haqqında qısaca onu deyə bilərəm ki, başı saysız bəlalar çəkmiş Azərbaycan ziyallısı.

-Kifayət qədər zəngin şəcərəniz var və səyahət edərək Sumqayıta gəlib çıxmısınız...

(gülür) Belə çıxır.

-Yazıçı olmanıza baxmayaraq, siz daha çox kitabçı kimi tanınırsınız. Bunun səbəbi nədir?

-Təbii prossesdir. Harda insanlarla daha çox ünsiyyətdə oluruqsa, o sahədə tanınırıq. Hər gün ən azından 80-100 nəfər insanla ünsiyyətdə oluruq, bu rəqəmi həftəyə, aya, ilə vursaq görün nə qədər edir.

-Hansı ixtisas sahibisiniz?, kitabçı olana qədər nə işlə məşğul olmusunuz?

-Hərbi xidmətimdən sonra uzun müddət Moskvada, Krımda, Odessada, Artekdə xüsusi kurslarda təhsil aldım, sonra müxtəlif işlərdə çalışdım. Sonda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin bitirdim.

-Xüsusi kurslar deyəndə nəyi nəzərdə tutursunuz?

-KQB və Kommunist Partiyasının xətti ilə təşkil olunan kurslar. O dövrdə bizlərə bir çox partiyanın nüfuzlu kadrları, psixoterapevtlər, xüsusi xidmət orqanlarının əməkdaşları, jurnalistləri dərs verirdi. Onlar içərisində KQB-in siyasi təbliğat aparatında çalışan tarix üzrə professor, amerikaşünas Nikolay Yakovlev, jurnalist Leonid Juxavinski eləcə də adlarını qeyd etmədiyim digər şəxslər var idi. Bizlərə kəşviyyatın, agenturanın sirlərini, eləcə də yenidən qurma siyasətinin detallarına qədər hər şeyi aşılayırdılar.

-Bəs xüsusi xidmət orqanlarında çalışmısınızmı?

-Xeyr

-Nə baş verdi ki, xüsusi kurslar keçən biri sonradan xüsusi xidmət orqanlarından soyudu?

-Tam səmimi deyim ki, SSRİ-də yaşamağın gözəl tərəfləri olduğu kimi, çatışmazlıqları da bir o qədər çox idi. Özünü sosializm-kommunizm fədaisi adlandıran vəzifəlilərin çoxu xalqı istismar edərək sərvət yığırdı. Sadə xalq isə, mövcud quruluşa inanaraq, kommunizmin bərqərar olacağına ilahitək inanır, aldanırdı. Bir misal çəkim Leonid Brejnevin yazdığı 3 kitab var idi, 3-də bir-birinə dəyməz söz yığınıydı. Bizlərə bu tip kitabları oxumağı məcbur edirdilər. O kitabları oxuyub, konspektləşdirərək, orada yaxşı aforizmlər tapmağa çalışardıq, lakin hamısı gəlişi gözəl sözlər olan saxtakarlıqlar idi. Əslində mən hal-hazır ki, kapitalizm sistemini də bəyənmirəm. O sosializmdən ki, bizlərə dəm vururdular bütün o sosial təminatlar bugün Qətərdə, Bruneydə, Səudiyyə Ərəbistanında, Norveçdə, İsveçdə var, həmçinin vaxtı ilə mərhum Qəddafinin zamanında Liviyada var idi. Mən razıyam Azərbaycanda krallıq, sultanlıq olsun, amma xalqın normal sosial təminatı olsun. Bəlkə, 50 ildə keçsə biz Qəddafi zamanındakı Liviyada hökm sürən layiqli sosial tərəqqilərə çata bilməyəcəyik.

-Belə başa düşdüm ki, siz demokrat, vətənpərvər, milliyətçi yox, sosialist təşəbbüskeşliyi olan insansınız?

-Mən başdan ayağa özümü türk saysam da, mənim mahiyyətim tüklüyümdə yox, insanlığımdadı. Bunu hər zaman, hər yerdə açıq demişəm. Əgər pislik, əyrintilər varsa öz qövmümə də qarşı çıxan biriyəm.

-Sovetlər dönəmində ailənizə qarşı hər hansı fiziki-mənəvi terror olubmu?

-Əvvəldə qeyd etdiyim kimi, əslən Cənubi Azərbaycanın Qaradağ mahalındanıq və bəy nəsli olmuşuq. Azərbaycanda sovet rejimi qurulanda nəslimizdən bir çox insanlar fiziki, mənəvi represiyalara məruz qaldı. Elə atam Rəsul Quliyevdə donoslar əsasında həbs edilib. Atam ali təhsilli olmasa da, savadlı, zəhmətkeş insan idi. Sürücülük məktəbində dərs deyirdi, həmin müəssisədə rüşvəti açıq bazara çevirən şəxslərin ayaqlarına dolaşdığı üçün atamın torbasını tikməyə başladılar. Bu tikilən torbanın banisi həmin məktəbin rəisi ilə Daxili İşlər orqanlarının əməkdaşı Oqtay Əliyev idi. Sonralar atamı hüquq-mühavizə orqanlarına çağrılaraq, sorğu-suala başladılar. Bu prossesdə atamı təhqir etməyə başlayırlar, nəticədə atam Oqtay Əliyevlə əlbəyaxa çıxaraq, onun qollarını sıxır. Bundan sonra Oqtay Əliyev atama deyir ki, "səni türmələrdə çürütməsəm kişi deyiləm”. 6 ay sonra daha dəqiq desək 1980-ci ildə atam həbs edildi. Səbəb kimi də rüşvət alması və vəzifəli şəxsə müqavimət göstərməyi göstərdilər. 7 uşağı olan atama 9 il iş oxunur, kişi günbəgün bu cəzasını  çəkdi.

-Adını qeyd etdiyiniz Oqtay Əliyev kimlərə və nəyə əsaslanaraq, atanıza böhtan ataraq həbsə saldıra bildi?

-Oqtay Əliyev o vaxt ki, Sumqayıt şəhərinin I katibi, oliqarx Şənlik Əliyevin qohumu olduğu deyilirdi. Atam həbs ediləndən 6 ay sonra həmin Oqtay Əliyev avtomobil qəzasına düşərək, xırt-xəşil oldu. Ən maraqlı məqamda odur ki, onun meyidini çıxaran kiçik qardaşım ilə dayım oğlu oldu. Bilmirəm bu Allahın cəzası idi, yoxsa bumeranq qanunu? Amma fakt o idi ki, atama qarşı haqsızlıq edən şəxs cəzasına çatdı. Hətta atamın donoslar əsasında həbs olunması ilə bağlı vəzifəli şəxslərdən biri olan Akif Rəfiyev də bunun "hazırlanmış iş” olduğunu bilə-bilə  atama kömək etmədi. Adını çəkdiyim Akif Rəfiyev yazıçı Anarın qohumlarından idi.

-Bu hadisə həmin dövrdə ölkəyə rəhbərlik edən mərhum prezidentimiz Heydər Əliyev zamanı baş verib, şəxsən ona şikayət bildirdinizmi?

-Heydər Əliyevin özünə yox, amma bir çox vəzifəli şəxslərə, hətta o zamanlar bütün ittifaqda hörmətli ictimai xadim olan kosmonavt xanım Valentina Tereşkovaya belə məktublar yazdıq. Hansı qapıları döyməyimizə baxmayaraq, hamısı bağlı oldu.

-Siz Azərbaycanın sovet dövründə yaşamısız, amma buna baxmayaraq, həmin dövrü kəskin tənqid edirsiniz. Bəs o dövrdə Azərbaycanın suverenliyini və xalqı qoruyan Nəriman Nərimanov, Mir Cəfər Bağırov, Şıxəli Qurbanov, Heydər Əliyev və adlarını çəkmədiyim digər şəxsiyyətlər olub. Onların fəaliyyətlərini necə qiymətləndirirsiniz?

-Adlarını çəkdiyiniz şəxsiyyətlərin hər biri öz bacardıqları qədər Azərbaycanı, azərbaycanları qoruyub, ölkəni inkişaf etdirib. Lakin bir şeyi unutmayaq ki, onların başı üzərində Moskvanın qanlı qılıncı var idi. Odur ki, onlar sərbəst, açıq-açığa nəsə edə bilməzdilər. Məsələn I Katib olan İmam Mustafayev, eləcə də Mirzə İbrahimov başda olmaqla bir çox yazıçılar Moskvadan xəbərsiz Azərbaycan dilini Respublikanın rəsmi dövlət dili statusu verməyə çalışdıqlarına görə millətçi damğasıyla vəzifələrdən vurularaq, təqiblərə məruz qaldılar. Şıxəli Qurbanov milli dəyərlərimizi yaşatmağa çalışdığına görə, hətta Novruz bayramını xalqa yenidən yaşatdığına və dil məsələsini yenidən qaldırdığına görə 1967-ci ildə öldürüldü. Başda Mikoyan olmaqla bir çox qüvvələr Qafqazda türkün izini itirmək, Azərbaycanı dövlət kimi ləğv etmək istəyirdilər. Lakin Bağırov çox çətinliklə və böyük itkilər hesabına bunun qarşısını ala bildi. Bağırovun çox xidmətləri olub. Onlardan birini xüsusi vurğulamaq istəyirəm. Müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycana digər respublikalarla müqayisədə mərkəzdən daha az pul ayrılırdı. Bunun qarşısını almaq üçün M.C.Bağırov "Mingəçevir Su Elektrik Stansiyasının” layihəsini hazırlatdıraraq, Moskvaya göndərir ki, ölkəyə təyin olunan məbləğdən 3 dəfə artıq pul vəsaiti tələb olunur, eyni zamndan bu stansiyanın tikilməsiylə yalnız Azərbaycan deyil, Dağıstan, Ermənistan, Gürcüstan kimi qonşu respublikalar da elektrik enerjisiylə təmin ediləcək. Bununlada Bağırov istədiyi məbləği ala bilir, amma bunu hamısını stansiyanın tikilməsi üçün yox xalqın rifahının yaxşılaşdırılması, mənzillərin tikilməsi, yeni iş yerlərinin açılmasına sərf etdi, həmçinin stansiyada tikildi. Heydər Əliyevə gəlincə o, dövlət təhlükəsizlik xidmətində çalışaraq general-mayor rütbəsinə qədər qalxmışdı. Etdiyi fəaliyyətləri son dərəcə ehtiyyatlı olmalı idi, ən azından ona görə ki, Bağırovun, İ.Mustafayevin, Ş.Qurbanovun başına gətirilənlər onun gözü qabağında olmuşdu. Həmçinin Azərbaycanda yaşayan ermənilər azərbaycanlılar adından Moskvaya durmadan H.Əliyevdən donoslar yazırdılar. Bütün bu çətinliklərə baxmayaraq, o, Azərbaycanı inkişaf etdirə və 1978-ci ildə Azərbaycan dilini rəsmi dil statusu verdirə bildi.

-BDU-un filologia fakultəsini bitirdiyinizi qeyd etdiniz. Bəs pedaqoji fəaliyyətiniz olubmu?

-1 il Qubadlının Qayalı kəndində, sonra Sumqayıtın 2, 28, 40 saylı məktəblərində 7 ilə yaxın, 1 ildə Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında müəllim kimi çalışmışam. Bundan başqa 90-cı illərdən "Jurnalistlər birliyinin”, 2001-ci ildən "Yazıçılar birliyinin” üzvüyəm 10 dan çox kitab, onlarla məqalələr müəllifiyəm. 2001-2004-cü illərdə "Yeni Azərbaycan” qəzetinin "Ədəbiyyat” əlavəsini mən ilə Xanəmir Telmanoğlu birgə işləyib hazırlayırdı. Elə həmin illərdə "Diaspora” jurnalının redaktoru, 2004-2007-ci illərdə "Ədalətin səsi” qəzetində baş redaktor olmuşam. Sonralar təhsil sahasində maaşların həddindən artıq az olması və əksər şərəfsiz müəllimlər kimi rüşvət ala bilmədiyimdən təhsildən uzaqlaşaraq, kitabçılıqla məşğul oldum. Amma bu işin özü belə alternativ pedaqoji prossesdi. Hətta intelektual insanlar və gənc yazarlara dəstək üçün kitab mağazamın nəzdində "Yumruq ədəbi birliyi” yaratmışdım. Sonralar hərə bir tərəfə çəkildi. Amma buna baxmayaraq yenə də istedadlı gənclərə əlimdən gələni əsirgəmirəm.

-Kitablara sevginiz nədən qaynaqlanır?

-Uşaqlıqda 2 şeyə maraq göstərmişəm – idman və kitablar. Kitabları dostlarımda adlandırardım. Kitabları mənə sevdirən rəhmətlik atam olub. 7 uşaq olmamıza baxmayaraq, xaraktercə atama bənzəməyim, onun mənə xüsusi qayğı göstərməsinə səbəb oldu. Böyük ailə olmağımıza baxmayaraq cəmi 3 otaqlı evdə yaşayırdıq, sağolsun digər qardaş-bacılarımda mən kitab oxuyanda heç vaxt maneçilik etməyiblər, əksinə mən hansı otaqda kitab oxumuşamsa qapını döyərək içəri daxil olardılar.

Antik filosoflardan tutmuş, ən müasir yazıçıların əsərlərini, hətta çoxunun gündəliklərinə qədər təkrar-təkrar oxumuşam. Oxumaqdan zövq aldığımdan çox həqiqət axtarışında olmuşam. Hətta bugün dinlərə baş vurmaqlarımız, sonralar onu yaşamağımız belə həqiqət axtarışından başqa bir şey deyil. Təbii ki, qorxudan dinə baş vuranlar, təsir altına düşənlər də var.

-Ən çox sevdiyiniz kitablar hansıdı?

-Çoxdu, amma onlar içərisində ən çox mənə təsir edən Suzukinin "Zem buddizmin əsasları” və Oşonun əsərləridir. Zem Buddizmi oxumuyanlar bir cür bədbəxtdi, oxuyub başa düşməyən bir başqa cür. Bu kitabı oxuyanda dinlərin əslində bir-birlərini təkrarladığını görürsən, sadəcə ayin fərqləriylə.

-Sevdiyiniz yazıçılar kimdi?

-Mən sevdiyim yazıçıları iki qrupa bölürəm – filosof yazıçılar və ədəbiyyat ədibləri. Filosoflardan Mişel Fukonu, Şopenhaueri, yazıçılardan ədəbiyyatçıların müəllimi hesab edilən Borxesi, üslüblarını həddindən çox xoşuma gələn Herman Hesseni, Ştefan Zvayqı. Çox sevimli yazıçım olmasa da Cek Londonun "Martin İdeni” həyatımı dəyişdirərək məni ədəbiyyatçı olmama gətirib çıxardı. Azərbaycan ədəbiyyatına gəlincə mənə görə 3 böyük zirvəmiz var: Nizami-Füzuli-Nəsimi, amma onlarla yanaşı Şəhriyarımızı da unutmaq olmaz. Nəsrə gəlincə Yusif Səmədoğlunun "Qətl günü”, İsa Muğannanın "Məhşər”romanlarınıin mükəmməl əsərlər hesab edirəm. Həmçinin ədəbi dil baxımından Bayram Bayramovun, Əli Vəliyevin, İlyas Əfəndiyevin, İsmayıl Qarayevin, Süleyman Rəhimovun, İsi Məlikzadənin əsərlərinə heyranam.

-Bugünə kimi nə qədər kitablar oxumusunuz?

-Sırf oxuduğum 50-60 min arasıdı, amma gözdən keçirdiklərim bəlkə 100 mindən çoxdu.

-Bu hansı üslüb və sürətdi ki, 50 min kitab oxuya bilmisiniz?

-Əsgərliyə qədər çox kitablar oxumuşdum, elə əsgərlik zamanı da boş vaxt tapan kimi oxuyurdum. Oxuma sürətim yüksək idi. Sonralar yuxarıda qeyd etdiyim xüsusi kurslarda təhsil aldığımdan bizə sürətli oxuma və foto yaddaş kursları da keçdilər, nəticədə sürətim daha da artdı. Hal-hazırda oxuma sürətim adi oxuculardan ən azı 10 dəfə çoxdu. Həmçinin neçə illərdi kitablar içindəyəm, artıq kitabı vərəqləyəndə çoxunun bir-birini təkrarladığını görürəm. Təkrarçılıq bizim gənc yazarlarımızın çoxunda da var.

-Hərdən düşünürsünüzmü ki, oxuduğum bu qədər kitablar içərisində eləsi var  ki, ona vaxt sərf etdiyimi başqa kitaba sərf edərdim?

-Tam səmimi etiraf edim ki, oxuduqlarımın 90% -i oxumasam heç nə itirməzdim.  Heyran qaldıqlarımı isə təkrar-təkrar oxuyardım.

-Həqiqət axtarışınıza Herman Hessenin "Siddhartxa” povesti səbəb olmayıb?

-Xeyr, qeyd etdiyiniz əsəri həqiqət axtarışına çıxandan sonra oxumuşam. Şəxsən mənim nəzərimə görə Budda, Qaumata, Siddhartxa, Zərdüşt, Musa, İsa, Məhəmməd peyğəmbər bir-birlərinə daha yaxındılar nəyinki İslamı parçalayan təriqətlər. "Siddhartxanı” oxuyub düzgün dərk etməyənlər nə İslamı dini, nə də digər dinləri düzgün dərk edər. Bu gün Quranı hərfi mənada dərk edən insanlar Avropada meydan oxuduqları halda, Quranı 180 dərəcə tərsinə dərk edənlər Nəsimi kimi haqq deyən ədibimizi şaqqaladılar. Şadam ki, artıq bu cür halları çəkinmədən ictimai mətbuatda dilə gətirən Fəxrəddin Salim kimi yazarlarımız var. O, Elşad Miri ilə debatda çox gözəl qeyd etdi ki, "mən sizin kimi müsəlmanlarla cənnətdə olmaqdansa, Nəsimi ilə cəhənnəmdə qır qazanında yanmağı üstün tutaram. Şəxsən mən Məhəmməd peyğəmbəri də sufi hesab edirəm. Vaxtı ilə Quranı ərəbcədən ruscaya tərcümə edənlərdən biri, həmçinin bir çox din haqqında kitablar yazan Valeriya Poroxova o qədər İslam dininə heyran olur ki, sonradan suriyalı birinə ərə gedərək müsəlman olur. Doğrudur bəzi məlumatlar var ki, necə ingilislər Lourens Araviyskini Osmanlı dövlətini çökdürmək üçün onların içinə atdığı kimi, o qadını da, KQB ərəb dünyasının içinə atıb kimi düşünən tarixçilər də var. Amma o xanımın maraqlı bir ifadəsi var: "Allahın bir dini var, peyğəmbərlər isə o dini çatdırmaq üçün göndərilib. Bunu tərsinə başa düşənlər isə özlərindən yeni dinlər, cərəyanlar, sektalar yaradıblar ki, nəticədə bir-birlərini qırırlar”.Mən çox istərdim ki, dövlətlərarası beynəlxalq münasibətləri tənzimləyən BMT kimi, dinlər arası münaqişələrə qarşısını almağa çalışan, onları əməkdaşlığa çağıraraq, münasibətləri tənzimləyən bir təşkilat yaradılsın. Eyni zamanda insanların hər hansı radikal sektaların təsiri altına düşməmək üçün yaxşı olar ki, universitetlərimizdə dinlər tarixi, ilahiyyət haqqında dərslər keçirilsin.

-Sizin İslam dininə və digər dinlərə fərqli baxışınız var bu nədən qaynaqlanır?

-Bugün özlərini Allahın haqq dinində görərək, "Allahu əkbər” deyib baş kəsən, elmlənmək əvəzinə baş yarıb, sinə döyün, zəncir vuranlar var. Bütün bunların hamısı insanlığı məhvə aparır, əgər din budursa mən bu dini qəbul etmirəm. Mən dinə mənəviyyat, əxlaq elmi kimi baxıram. Yaxşı olar ki, dinin bu tərəfindən faydalanıb, insanlara xidmət edək. Unutmayaq ki, hamımız insanıq.

Ardı var...

Abdulla İsmayıloğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti