Məktəb, yoxsa ailə müəssisəsi

Məktəb, yoxsa ailə müəssisəsi

Təhsil Nazirliyi tərəfindən Ağdam Rayon Təhsil Şöbəsinin 2016-2017-ci dərs illərini əhatə edən dövr üzrə fəaliyyətinin yoxlanılması zamanı çox ciddi neqativ hallar aşkara çıxarılmışdı. Məlum olmuşdu ki, qanun pozuntuları sırasına 2016-cı il ildə Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən rəsmiləşdirilmiş ezamiyyə vərəqələrinin qanunvericiliyin tələblərinə zidd olaraq möhürlənməməsi, ezamiyyə əmrinin olmaması, mövcud olan əmrlərdə ezamiyyə müddətinin göstərilməməsi, bir neçə şəxsin adına yalnız bir ezamiyyə vərəqinin verilməsi, xərclərin düzgün hesablanmaması, tələblərə uyğun olmayan formada tərtib olunmuş, mehmanxana qəbzləri əsasında ezamiyyə xərclərinin ödənilməsi kimi hallar daxil idi. Bundan başqa, Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələri də seçmə üsulu ilə yoxlanarkən bəzi məktəblərin icarə müqaviləsinin bağlanmadığı, qeyri-rəsmi fəaliyyət göstərən bufetlərdə sanitariya qaydalarına və məhsulların saxlanma şəraiti normalarına riayət edilmədiyi, həmin bufetlərdə tibbi müayinələrdən keçməmiş şəxslərin çalışdığı kimi faktlar da aşkar olunmuşdu. Ancaq bunlar da aşkar olunan neqativ halların hamısı deyildi. Belə ki, təhsil müəssisələrində laboratoriyalar avadanlıqla təhciz edilmədiyi, meyvə bağı və bəzək ağacları olmadığı halda 84.5 tədris yardımçısı (laborant, bağban, gözətçi) və 57 kiçik xidmətedici (xadimə) ştat vahidləri mövcud olmuşdur.Burada söhbətin "Ölü canlar”dan getdiyi də hər kəsə aydındır və korrupsiyanın mövcudluğunu təsdiq edir.

 

Redaksiyamıza daxil olan məlumata görə, oxşar hallar Sədi Nəzərovun direktor olduğu 96 saylı köçkün orta məktəbdə də baş verir. Məlumatlı mənbə bildirir ki, məktəb direktoru Sədi Nəzərov Ağdam rayon icra hakimiyyəti başçısının Ağdam şəhəri üzrə Ərazi İcra Nümayəndəliyinin rəhbəri Xaqani Nəzərovun qardaşıdır. Xaqani Nəzərov Ağdam şəhəri üzrə Ərazi İcra Nümayəndəliyinin rəhbəri təyin edilənə qədər 96 saylı köçkün orta məktəbin direktoru olub. Vaqif Həsənov Ağdam rayon icra hakimiyyətinin başçısı təyin ediləndən sonra Xaqani Nəzərov da Ağdam şəhəri üzrə Ərazi İcra Nümayəndəliyinin rəhbəri təyin olunub. Bu təyinatda ilginc məqamlarla bağlı məlumatlara hələlik toxunmuruq. Xaqani Nəzərov də Ağdam şəhəri üzrə Ərazi İcra Nümayəndəliyinin rəhbəri təyin olunduqdan sonra qardaşı Sədi Nəzərovu da öz yerinə 96 saylı köçkün orta məktəbinə direktor təyin olunmasına nail olub. Bununla bu məktəb bir təhsil müəssisəsi olmaqdan bir ailə müəssisəsinə çevrilib. Məlumata görə, Sədi Nəzərovun 96 saylı köçkün orta məktəbin direktoru təyin olunması asan olmayıb. Belə ki, Sədi Nəzərov məktəb direktoru təyin olunmaq üçün tələb olunan imtahandan yüksək bal toplaya bilməyib və beləliklə qardaşı Xaqani Nəzərovun planın baş tutması şübhə altına düşüb. Məlumata görə, bundan sonra onların köməyinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov çatıb. Ümumiyyətlə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun adı Ağdam rayonun bir neçə məktəbinə qanunsuz direktor təyinatına əsas şəxs olaraq çəkilir. Bütün bu iddialara 96 saylı köçkün orta məktəbin direktoru Sədi Nəzərovun mövqeyini öyrəndikdən sonra araşdırmalarımızı davam etdirəcəyik.

P.S. Kütləvi İnformasiya Vasitələri haqqında Qanuna və peşə etikasına uyğun olaraq yazı dərc edilməzdən öncə 96 saylı köçkün orta məktəbin direktoru Sədi Nəzərovun münasibətini öyrənmək istədik. İxtisasca pedaqoq olan bir şəxs haqqındakı iddiaları dinləmədən, "nə yazırsınız, yazın”-dedi. İndi isə mövqe bildirmək növbəsi Təhsil Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin rəsmi şəxslərindir. Onların deyiləcək sözü varmı?

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti