Azərbaycanda ər SPİD xəstəsi olduğunu gizlədən arvadını məhkəməyə verdi – Qərar nə olacaq?

Azərbaycanda ər SPİD xəstəsi olduğunu gizlədən arvadını məhkəməyə verdi –

 

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291431 nəfər keçib.

Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın Modern.az-a verdiyi məlumata görə, 1 iyun 2015-ci il – 30 iyun 2017-cı il tarixindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxşdir: "Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar edilib. 2017-ci il ərzində 63137 nəfər müayinələrə cəlb edilib, 1853 şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19 da hər iki cütlük olmaqla daşıyıcılıq qeydə alınıb. 259 nəfərdə sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS qeydə alınıb”.

Direktor deyib ki, müəyyən olunan rəqəmlər o qədər də qorxulu deyil: "Bəziləri nə vaxtsa bu xəstəliyi keçirib indi sadəcə daşıyıcıdır. Bu o qədər həssas analizdir ki, qanda qalan antitelləri də göstərir. Amma nəticələrdəki rəqəmlər qorxulu deyil. Biz desək ki, belə xəstəliklə Azərbaycanda yoxdur, yalan demiş olarıq. Bu elə bir şeydir ki, bütün dünyada mövcuddur. Hətta xəstəlik aşkarlanan şəxslər yenidən aidiyyatı qurumlarda müayinədən keçir. Sifilis aşkarlanırsa, dəri-zöhrəvi xəstəlikləri xəstəxanasına, SPİD aşkarlanıbsa, QİÇS-lə Mübarizə Mərkəzinə yönləndiririk. Həmin xəstələr orada yenidən müayinədən keçir və lazımi müalicə kursu təyin olunur. Bu müayinələrə qədər də xəstələrin sayı bilinirdi. Sadəcə indi xəstəliklər daha erkən müəyyən edilir ki, bu da müalicə prosedurlarını asanlaşdırır. Bəzən olub ki, müayinəyə gələnlər əvvəlcədən özlərində olan xəstəliklər barədə məlumatlı olublar. İki QİÇS xəstəsi vardı, bizə müraciət etdilər. Xəstəlikləri olmasına baxmayaraq, evlənmək istədiklərini bildirdilər. Əlbəttə xəstəlik aşkarlanan yeni cütlüklər də olur”.

Z. Əlimirzəyeva qeyd edib ki, bu yaxınlarda ailə qurmaq istəyən cütlük müyainə üçün müraciət etmişdi.

"Qızda SPİD aşkarlansa da, bunu qarşı tərəfdən gizlədib. Onlar ailə qurduqdan təxminən 2 ay sonra oğlan həyat yoldaşının xəstəliyindən xəbərdar olub. Hazırda onlar boşanma ərəfəsindədirlər. Kişi bizdən xanımının analiz cavablarını istədi. Amma biz bildirdik ki, hər şəxsin analizləri həkim sirridir və yalnız onun özünə verilə bilər. Onlar bu barədə razılıq əsasında bir-birilərinə deyə bilərlər. Ailə qurulursa, sağlam təməl üzərində qurulmalıdır. Oğlan da, qız da bilməlidir ki, ailə qurduğu şəxsdə hansı xəstəliklər var. Həyat yoldaşının SPİD-ə yoluxduğunu bilən kişi onu məhkəməyə verir. Əslində xanıma qanun qarşısında bilərəkdən yoluxucu xəstəliyə yoluxdurma, qəsdən sağlamlığa zərər vurma ilə iş açıla bilər. Məhkəmədə oğlan qazanacaq, çünki qarşı tərəf bilərəkdən onu yoluxdurmaq istəyib. Bu cütlüyün 30-dan yuxarı yaşı olmasına baxmayaraq, ilk evlilikləridir. Bu elə şeydir ki, gec-tez aşkarlanır. SPİD xəstələrinin özü nəzarətdə olur".

Z.Əlimirzəyeva bildirib ki, kişi evlilikdən sonra yenidən müayinəyə cəlb olunub və o, sağlamdır.

 Qeyd edək ki, Ailə Məcəlləsinə dəyişikliklərin edilməsindən sonra bəzi normativ hüquqi aktların təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti