8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Adil Qeybulla: "Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə görə kuratora ayda 20 manat əlavə haqq ödənilməsi olduqca gülünc rəqəmdir"
"Həm həkimə, həm də rezidentə verilən əmək haqqı normal standartlara uyğun olmalı, tibb işçilərinin maaş sisteminə yenidən baxılmalı, bu məsələlər optimallaşdırılmalıdır"
Etiraf etmək lazımdır ki, ölkəmizdə icbari tibbi sığorta tətbiq edildikdən sonra vətəndaşların tibb müəssisələrinə müraciətləri zamanı əvvəllər üzləşdikləri problemlər nəzərəçarpacaq dərəcədə azalıb. Lakin buna baxmayaraq, ümumi səhiyyə sistemində hələ də həll edilməsi olduqca vacib olan məsələlər mövcuddur ki, onlardan biri də rezidentura təhsilinin təşkilindəki problemlərdir.
Mətləbə keçməzdən öncə, nəzərinizə çatdıraq ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır. Rezidenturaya qəbul planı isə hər bir ixtisas üzrə həkim- mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında deyilir ki, rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müəyyən edilir. Rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza (müasir maddi-texniki bazası olan, təşkilati-metodiki, tədris, müalicə-diaqnostika və elmi tədqiqat işlərinin müasir metodları əsasında rezidentlərin hazırlığını həyata keçirən tibb müəssisəsi) tərəfindən hər təhsil ili müddətinə əmək müqaviləsi bağlanılır. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir. Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun (rezidentin müvafiq ixtisas üzrə zəruri olan nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini təmin edən, elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan, praktiki təcrübəsi 10 ildən çox olan mütəxəssis) vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 manat əlavə haqq ödənilir. Bu vəsait rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir. Rezidenturada hazırlığın təşkilinə nəzarət və metodik rəhbərlik isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Beləliklə, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarından da aydın şəkildə görünür ki, 6 il tibb təhsili alan şəxs həkim-mütəxəssis ixtisasına yiyələnmək üçün əlavə 2 ildən 5 ilədək rezidentura təhsili almalıdır. Deməli, belə çəxər ki, 17 yaşında ali məktəbə daxil olan şəxs 23 yaşında universiteti bitirsə də əlavə 2-5 il təhsil almalı və 25-28 yaşlarında həkim-mütəxəssis ixtisasına yiyələnə, həmkarları qədər əmək haqqı ala bilər. Rezidentura dövründə isə o, həkimlərdən az maaş alır və az qala 30 yaşınadək həmin kiçik əmək haqqı ilə dolanmalıdır. Bu halda təbii ki, onun ailə qurması, hətta normal həyat sürməsi kimi önəmli məsələ də maaş azlığı ucbatından arxa plana keçir. Qeyd edək ki, rezidentura təhsili ilə bağlı özünü qabarıq şəkildə büruzə verən digər problem isə rezidentlərin hazırlıq prosesində birbaşa iştirak edən kuratorlara verilən ödənişlə bağlıdır. Nazirlər Kabinetinin qərarından da göründüyü kimi, onların vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 manat əlavə haqq ödənilir. Bu isə olduqca kiçik, hətta belə demək olarsa, gülməli məbləğdir. Görəsən səhiyyə naziri Teymur Musayev özü aylıq 20 manata rezident hazırlamağa razı olarmı?.. Böyük ehtimalla, yox. Odur ki, rezidentura təhsilinin təşkilindəki mövcud problemlərin aradan qaldırılması üçün mütləq təsirli addımlar atmaq lazımdır.
"Xəstəyə gəlir mənbəyi kimi baxılan yerdə - özəl tibb məntəqəsində və ya icbari tibbi sığorta olmayan digər yerlərdə rezidenturadan söhbət gedə bilməz"
Rezidenturanın tibb təhsilinin ən yüksək mərhələsi olduğunu deyən tibb üzrə ekspert, professor Adil Qeybulla da mövzu ilə bağlı Hurriyyet.az-a açıqlamasında bu sahədəki problemlərə toxundu və onların tez bir zamanda həllinin vacibliyini vurğuladı: "Rezidentura praktiki, öyrənmə mərhələsidir. Odur ki, rezidentura da təhsilin mərhələsi sayılır. Bir sözlə, bu, tibbdən kənar sahədə masterə uyğun gəlir. Sadəcə olaraq, burda ixtisas, yəni praktiki vərdişləri qazanmaq üçün tələbə oxuduğuna görə təhsil rezidentura müddəti 2 ildən 5 ilə qədər dəyiçir. Xaricdə hətta bu müddət 9 ilə qədərdir. Bütün bunlar hamısı tibb təhsilinin son mərhələsini başa vurmaq üçün nəzərdə tutulub. Azərbaycan da Qərb standartlarına keçdiyinə görə, rezidentura təhsili yaradılıb, amma bu rezidentura təhsili yalnız bu işin təşkilindən asılı deyil. Tibb Universiteti və Səhiyyə Nazirliyi bu sistemi qaydaya salmaq üçün demək olar ki, bütün imkanları görüb. Yəni, bununla bağlı tibbi korpuslar var, müəllimlər ayrılıb, lakin problem də var. Məsələn, nə qədər ki, rezidentura təhsili icbari tibbi sığorta ilə təchiz olunmuş klinikalarda deyil, rezidentura təhsili effektif ola bilməyəcək. Yəni, xəstəyə gəlir mənbəyi, özəl subyekt kimi baxılan yerdə - özəl tibb məntəqəsində və ya icbari tibbi sığorta olmayan digər yerlərdə rezidenturadan söhbət gedə bilməz".
Professor hesab edir ki, rezidentura təhsili ancaq icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində aparılmalıdır: "Düşünürəm ki, rezidentura təhsilinin ən böyük yanlışlığı məhz bundadır. Ona görə də çalışmaq lazımdır ki, harda rezidentura təhsili alan tələbə varsa, həmin tibb müəssisəsi icbari tibbi sığorta paketinə daxil olsun. Yalnız bu halda rezidentlər təhsil müddətində kifayət qədər xəstə görmək, əməliyyatlarda iştirak etmək, təcrübə toplamaq imkanı əldə edə bilər. Çünki hər bir rezident təhsil müddətində öz sahəsində bir neçə xəstəni başdan-ayağa müayinə və müalicə edib yola salmalıdır. Əgər bunlar olmasa, o zaman rezidentura təhsilinin effektindən danışmaq yersizdir".
"Rezidentin hazırlanmasında iştirak edən kuratorlar, müəllimlər müəyyən imtiyazlara sahib olmalıdırlar"
Rezidentura təhsilinin təşkilində problemlərin mövcud olduğunu vurğulayan Adil Qeybulla qeyd etdi ki, rezidentlərin əmək haqqları həkimlər qədər deyil: "Belə ki, onların əmək haqqları öyrəncilər kimidir. Əslində, xaricdə də rezidentlərin əmək haqqları həkimlər qədər deyil. Məsələn, Almaniyada da rezidentlə uzman həkimin maaşı eyni deyil, fərqlidir".
Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 manat əlavə haqq ödənilməsinə gəlincə, professorun fikrincə, bu, olduqca gülünc rəqəmdir: "Bir rezidentin hazırlanması üçün kuratora - müəllimə verilən aylıq haqq olduqca gülünc rəqəmdir. Gərək biz də bu sistemi xaricdəki kimi quraq. Məsələn, Azərbaycanda rezidentura sistemi qurularkən heç olmasa hansısa xarici ölkənin nümunəsi götürülməli idi. Düşünürəm ki, ən yaxşısı qardaş Türkiyə nümunəsidir. Çünki bizim məişətimiz, sosial həyatımız bir-birinə olduqca yaxındır. Bu baxımdan, rezidentura təhsilinin təşkilində Türkiyə nümunəsindən istifadə edilsə daha yaxşı olardı. Hesab edirəm ki, biz bu məsələdə Türkiyə modelinə istinad etsəydik daha məqsədəuyğun olardı. Fikrimcə, rezidentin hazırlanmasında iştirak edən kuratorlar, müəllimlər müəyyən imtiyazlara sahib olmalıdırlar".
"Bu gün rezidentlə yanaşı, həkimin də maaşı heç də arzuolunan səviyyədə deyil"
"Sizcə, 6 il universitetdə təhsil aldıqdan sonra əlavə 5 il də rezidentura təhsili alan şəxsin kiçik məbləğli əmək haqqı ilə dolanması real və doğrudurmu?" sualını cavablandıran Adil Qeybulla bunun da ədalətsiz olduğunu dedi: "Bu sahədə mövcud olan problemlərdən biri də məhz bununla bağlıdır. Əslində, bu gün rezidentlə yanaşı, həkimin də maaşı heç də arzuolunan səviyyədə deyil. Halbuki, həm həkimə, həm də rezidentə verilən əmək haqqı normal standartlara uyğun olmalıdır. Bu səbəbdən də hesab edirəm ki, tibb işçilərinin maaş sisteminə yenidən baxılmalı, bu məsələlər optimallaşdırılmalıdır".
Vazeh BƏHRAMOĞLU