Eyvaz İsmayılov ƏƏSM naziri təyin olunub? – MƏĞRUR BƏDƏLSOY YAZIR


Bəzi özbaşınalıqları nazir Sahil Babayevin adından DSMF-nin Pensiya təminatı departamentinin müdiri imzalayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və tabeliyindəki qurumların əhaliyə, əlillərə, qazilərə, şəhid ailələrinə Konstitusiyaya zidd vicdansız davranışı, özbaşınalığı son beş-altı ildə pik həddinə çatıb. Pensiyalar düz hesablanmır, mənimsəmə yeminə çevrilib, sosial xidmətlərdən reketliklə imtina edilir, mənzillər rüşvətlə satılır, məcburi köçkünlər mənzillə rüşvət hesabına təmin olunur, amma Bakı qaziləri, əlilləri hələ də mənzilsizdir. 

2007-ci ildən qüvvəyə minən “Əmək pensiyaları haqqında” qanunun heç bir maddəsi əlil, şəhid, qazi ailələrinə tətbiq olunmur. Məhkəmə təminatı hüququna da elə kobud qadağa qoyulub ki, nə ali dövlət hakimiyyəti, nə hüquq orqanları son qoya bilir. Necə son qoysun, Prezidentdən, Birinci vitse-prezidentdən, Baş nazirdən, MM rəhbərliyindən, deputatlardan, Baş prokurorluqdan, Ali Məhkəmədən, Konstitusiya Məhkəməsindən... ƏƏSMN rəhbərliyinə göndərilən şikayətlərə cavabı... DSMF-nin Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov imzalayır, ƏƏSMN və tabeliyindəki qurumlarda Konstitusiyanın qüvvədə olmadığını, rüşvət, korrupsiya özbaşınılığının ən yüksəkdə olduğunu bildirir!(?) Məgər, Eyvaz İsmayılov ƏƏSM naziri təyin olunub? Nə vaxtdan, bəs bizə niyə deyilməyib?

Olsun, Eyvaz İsmayılov hansı hüquq savadsızlığı ilə bildirir ki, qanunun geriyə qüvvəsi vardır. Zəruri bilgiləndirmə: QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR. YALNIZ ŞƏXSİN VƏZİYYƏTİNİ YÜNGÜLLƏŞDİRƏN AKTLARIN QÜVVƏSİ GERİYƏ ŞAMİL EDİLİR(Ölkənin Ana Qanununun - Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsi). DSMF-nin departament müdiri - nazir görəvini icra edən Eyvaz İsmayılov bir ildir bildirir ki, qanun dövlətin adından çıxarılan məhkəmə qərarını ləğv edib! Zəruri bilgiləndirmə: MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR VƏ İCRASI MƏCBURİDİR; MƏHKƏMƏ QƏRARLARININ İCRA OLUNMAMASI QANUNLA MÜƏYYƏN EDİLMİŞ MƏSULİYYƏTƏ SƏBƏB OLUR(Ölkənin Ana Qanununun- Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsini “yeni nazirin” diqqətinə çatdırmağa ehtiyac varmı? Özü də öyrənə bilər ki, vəzifəli şəxsin məhkəmə qərarının icrasını həyata keçirməməsi neçə il müddətinə dəmir barmaqlıqlar arxasında cavab verməyə gətirir.

Eyvaz İsmayılov 13.05.2022-ci ildə “Əmək pensiyaları haqqında” qanuna əlavə olunan 37.3.2-1 maddəsinin də qulluq stajına görə pensiya alan qazi, şəhid ailələrinə öləndən sonra (?) tətbiq ediləcəyini bildirib. Sözügedən maddəyə görə, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan qazi, şəhid ailələri İŞLƏMƏYƏ DAVAM EDƏRLƏRSƏ, əlilliyə və ya yaşa görə işləməyən KATEQORİYAYA keçəndə pensiyaları MÜRACİƏTLƏRİ ƏSASINDAyenidən yığılan pensiya kapitalına, sığorta haqqına, iş stajına uyğun yenidən hesablanır. Pensiya filialı və Eyvaz İsmayılov isə bu maddəni müraciət edən qazi, şəhid ailələrinə tətbiq etmir ki, işi davam etdirirlər. (?) Qanun elə işi davam etdirənlərin pensiyalarının yenidən hesablanmasını doğrulayır də, işi davam etdirməyənlərin axı pensiya kapitalı olmur! Rüşvət, korrupsiya, pensiya mənimsənilməsi o həddə çatıb ki, bu yekəlikdə ƏƏSMN tabeliyində DSMF, onun qurumları “işləməyən kateqoriya” anlayışını “işi dayandırmaq” kimi anlayırlar. Anlatmaq yerinə düşər ki, birincisi, heç kəs ölənəcən işi dayandırmır, belə çıxır, öləndən sonra pensiyasına işi davam etdirməsinə görə əlavə hesablanacaq? İkincisi, bəs adi pensiya alan müəllimlərin, həkimlərin və s. pensiyaları 6 ildən bir avtomatik qaydada necə yenidən hesablanır, onlara işi davam etdirmələrinin pensiyalarını yenidən hesablamağa imkan vermədiyi bildirilmir? Açıq qərəz, ayrı-seçkilik göz önündə deyilmi?

ƏƏSMN rəhbərliyinin tam heyətlə beynəlxalq hüquq doktorları olmasını bir qırağa qoyaq, DSMF-də Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN da Konstitusiyadan xəbəri yoxdur? Olduqca ritorik sualdır, olsaydı, məhkəmələrə rüşvət verib Konstitusiyanı qüvvədən salmazdı ki! Olsaydı, vəkillərin dövlət qulluqçusu olması da olmazdı ki! Hüquq korluğuna, nihilizmə, özbaşınalığa, məmur azğınlığına baxın, onlarla illərdir dövlətin adından çıxarılan, məcburi icra olunmalı olan qanunların, məhkəmə qərarlarının icrasına sıradan məmur qadağa qoyur və bu qadağanı Ombudsman, PA, NK, MM, hüquq orqanları Konstitusiya aktı kimi qəbul edir!(?) 

ƏƏSMN-in, tabeliyindəki qurumların rüşvəti, korrupsiyanı, özbaşınalığı Konstitusiyadan üstün tutması nə qədər sürəcək? Ritorik sual deyil, cavab tələb edir! 

Məğrur BƏDƏLSOY

P.S. Yazı çapa getməmiş MM Aparatının Sosial qanunvericilik şöbəsindən olduğunu deyən Həsən bəy zəng edib, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiya yox, ƏƏSMN tabeliyindəki sıradan məmurların mənimsəmə qərarı olduğunu bildirdi. 

Bəs, axı Konstitusiyanın 149-cu maddəsinin Vll hissəsi şəxsin vəziyyətini pisləşdirən qanunun geriyə qüvvəsi olmadığını doğrulayır! MM-in hüquqçusu bu maddənin əmək münasibətlərində keçərli olmadığını (?) vurğuladı. Bəs 37.3.2-1 maddəsi niyə qəbul olunub? ƏƏSMN-in təklifi ilə qəbul olunan bu maddəni kimə tətbiq etmək “hüququ” da elə ƏƏSMN-ə məxsusdur, - cavabı verildi. 

Bəs məhkəmə qərarlarının məcburi icrası haqqında Konstitusiyanın 129-cu maddəsi? Cavab “ƏƏSMN-in “hüququ” var ki, nəinki 129-cu maddəni, bütün maddələri “cibinə” uyğunlaşdırsın” (?) oldu. 

Bəs dövlətin Konstitusiyanın 12-ci maddəsi ilə təminat verilən ali məqsədi - insan vətəndaş və hüquqlarını qorumaq, layiqli həyat səviyyəsini təmin etmək ? 

Bəs 71-ci maddə ilə təminat verilən icra, qanunverici , məhkəmə hakimiyyətinin əsas vəzifəsi - insan və vətəndaş hüquqlarını qorumaq və təmin etmək? MM-in ƏƏSMN-in -mərkəzi icra hakimiyyətinin işinə qarışmaq səlahiyyətində olmadığı bildirildi. 

Bəs korrupsiya, bəs korrupsiyaya qarşı mübarizə, prokurorluq...? Cavab prokurorluğa aidliyi olmadığı oldu. 

Bəs zəngin amacı nədir ? ƏƏSMN-in özbaşınalığının ən yüksək qüvvədə olduğunu bildirmək? Həsən bəyin işlədiyi şöbənin müdiri, 3-cü dərəcəli dövlət müşaviri , hörmətli Adil Vəliyevin 26.05.2023 tarixli cavabı isə belədir: “ ...sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən MƏHKƏMƏ QƏRARLARI DÖVLƏTİN ADINDAN ÇIXARILIR və İCRASI MƏCBURİDİR. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. 

QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ AKTLARININ MƏCBURİLİYİ onların bütün DÖVLƏT ORQANLARI və VƏZİFƏLİ ŞƏXSLƏR tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı HALDAN ASILI OLMAYARAQ İCRA EDİLMƏSİNİ nəzərdə tutmaqla , eyni zamanda belə aktların QANUNSUZ və ƏSASSIZ olmaları EHTİMALLARINA söykənməklə, İCRA ilə bağlı MƏHDUDİYYƏTLƏRİN yaradılmasını və MANEƏLƏRİN TÖRƏDİLMƏSİNİ QADAĞAN EDİR. ( Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı)”

ƏƏSMN-in, tabeliyindəki qurumların sıradan məmurlarının tapşırığını icra edən MM Aparatının Sosial qanunvericilik şöbəsinin sıradan “hüquqçusu”nun (dırnaq işarəsi mütləqdir, nədən belə analoqsuz “hüquq” yalnız Azərbaycanda ola bilər), Konstitusiyanı bir yana qoyaq, uzundur, 158 maddədən ibarətdir, heç olmasa, müdirinin 5 cümləlik cavabını da oxuya bilməz?



Oxşar Xəbərlər

Xəbər lenti