Kəmaləddin Heydərovun biznes imperiyası çökür

 

"MKT İK” MMC-də həbslər davam edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə biznes imperiyasının tərkibinə daxil olan  "MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətində həbslərin olacağı ilə bağlı məlumat "Yeni Sözçü” qəzetinin redaksiyasına həftənin ikinci günü, avqustun 8-də daxil oldu. Redaksiya əməkdaşlarının iştirakı ilə keçirilən müzakirədə redaksiya heyyətinin bəziləri tərəfindən xəbrin səhihliyinin şübhə altına alması səbəbindən məlumatı ictimailəşdirməkdən vaz keçdik. Qəzetin növbəti sayına kimi "MKT İK” MMC-də həbslərin olacağı ilə bağlı məlumatın səhihliyinin araşdırılmasına qərar verdi.

Bu məlumatın səhih olduğunu isə Baş Prokurorluğunun yaydığı məlumat təsdiq etdi. Həmin məlumatda deyilir ki, cari ilin iyun ayında respubilkanın Saatlı, Tərtər, İmişli və dgər rayonlarında ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus pambıq tarlalarında çalışan şəxslərin kimyəvi zəhərlənmələrə məruz qalmaları faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlamış cinayət işi ilə bağlı Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin məsul əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə hadisələrin baş vermə səbəbləri, təqsirli şəxslərin dairəsi və sair sübut edilməli hallar tam araşdırılmışdır.

Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə, müayinə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, hadisə yerlərindən, zərərçəkmiş şəxslərdən, tədarükçü hüquqi şəxslərin anbarlarından götürülmüş 200-dən artıq nümunə və bitki mühafizə vasitələrinin, o cümlədən tarlalarda tətbiq olunmuş pestisidlərin xarici istehsalçı şirkətlər tərəfindən təqdim olunmuş etalon nümunələrinin ixtisaslı toksikoloji, kimyəvi müayinələri və ekspertiza tədqiqatları həyata keçirilmişdir.

Kimyəvi zəhərlənmələrə məruz qalmış bütün şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla, onların sağlamlıqlarına dəymiş zərərin aradan qaldırılması üçün zəruri tibbi və sair təminatlarla əhatə olunmuşlar.

Cinayət təqibi üzrə kifayət qədər sübutlar toplandığından xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozma əməllərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş "MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli İnnovasiya filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, "CTS Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov, baş aqronomu Elxan Quliyev, köməkçi aqronomu Habil Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Saatlı rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Mirasim Talıbov, İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov və Tərtər rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Fizuli Əzimov barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanaraq müvafiq olaraq Saatlı, İmişli və Tərtər rayon məhkəmələrinə göndərilmişdir.

 Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, bu "MKT İK” MMC-də baş verəcək həbslərin sonu deyil. Belə ki, vətəndaşların müraciətləri əsasında "MKT İK” MMC-nin faəliyyəti ilə bağlı araşdırmalar davam edir. Vətəndaşların müraciətlərində isə söhbət "MKT İK” MMC-də subsidiyalarla bağlı saxtakarlıqlardan gedir. İddialara görə, "MKT İK” MMC-nin yerli müssisələrində güzəştli kübrələrlə bağlı rəqəmlər də ciddi şəkildə şişirdilib. Bu məlumatla bağlı araşdırmalarımızı davam etdircəyik. "MKT İK” MMC-nin rəhbər şəxslərinin də mövqeyini dinləməyə hazırıq.

İlqar Əsgərov,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti