Sığorta şirkətləri Mərkəzi Bankı saymadı - NƏ ETMƏLİ?

Sığorta şirkətləri Mərkəzi Bankı saymadı
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası fəaliyyəti üzrə müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Qurum bəyan edib ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Belə hallar baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və yaxud yazılı şəkildə müraciət etməklə AMB-yə şikayətlərini bildirə bilərlər, bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçının icbari sığorta şəhadətnaməsini satması təmin edilir.

Hazırda icbari avtosığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq AMB ciddi monitorinqlər həyata keçirir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparır.

Qeyd edək ki, son vaxtlar mühərrik həcmi 2000 kub/sm-dən az olan avtomobillər icbari sığorta olunmur. Bu da onların sığorta olunmamaya görə 50 manat cərimə olunması deməkdir ki, bu da reallaşır.

Sığorta şirkətlərinin bu özbaşınalığına nə vaxt son qoyulacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bununla bağlı Cebhe.info-ya bildirib ki, qanunvericilikdə bununla bağlı hər hansı bir məhdudiyyət, qadağa yoxdur:

“Sığorta şirkətlərinə elə bir səlahiyyət verilməyib ki, hansısa avtomobili sığorta etsinlər, yaxud imtina etsinlər. Qanunun tələbinə görə icbari sığorta ilə bağlı müraciət edəndə sığorta şirkəti həmin nəqliyyat vasitəsinə icbari sığorta şəhadətnaməsi verməli, qeydə almalıdır. Ancaq son vaxtlar sığorta şirkətləri özbaşına olaraq risk qrupu müəyyənləşdiriblər. Onların düşüncəsi ilə həmin maşınlar risk qrupuna aiddir, tez-tez qəzalar baş verir, taksidə daha çox istifadə olunur, təhlükəlidir. Ona görə də həmin avtomobillərin sığortasından imtina edirlər. Bu, tamamilə absurd yanaşmadır. Artıq məsələ ictimailəşəndən, bir neçə aydır ki, müzakirə olunandan sonra nəhayət ki, Mərkəzi Bank “yerindən tərpəndi”. Guya neçə ayda Mərkəzi Bankın bu məsələdən xəbəri yox idi. Hər şeydən xəbəri var idi, görürdülər, bilirdilər. Sanki gözləyirdilər ki, nə vaxta qədər uzada biləriksə, uzadaq, sonra bir tədbir görərik. Nəhayət, Mərkəzi Bank qərar verib, 10 gün ərzində sığorta şirkətlərinə tapşırıq verilib, artıq 4 gün geridə qalıb.

Tələb ondan ibarətdir ki, bütün sığorta şirkətləri öz saytları vasitəsilə icbari sığortanın qeydə alınmasına imkan yaratmalıdırlar. Yəni vətəndaş internetdə gedib hansısa sayta daxil olub, öz telefonunun balansını artıra bilirsə, internet vasitəsilə avtomobilinə aid olan məlumatları yazıb, ödəniş edəcək. Nə sığorta agenti, nə də digərləri ilə təmasda olacaq”.

Ekspert bildirib ki, bunun sosial cəhətdən bir təsiri olacaq:

“Müəyyən agentlər işsiz qalacaq. Ancaq sürücüləri də incitmək olmaz. Məhz onların məsuliyyətsizliyi nəticəsində bir çox sürücü avtomobilini sığorta etdirmədiyinə görə cərimə olunub. Bunun da kompensasiyasını ödəməlidirlər, ancaq ödəməyəcəklər. Nə qədər insanı ziyana saldılar, özbaşına, qanunda tutulmadığı halda bu addımı atıblar”.

Ekspertin sözlərinə görə, ancaq yaxın günlərdə bu məsələnin həllini tapacağı gözlənilir:

“Dünən də bir açıqlama verildi ki, sığortadan imtina etmək qanunsuzdur. Çox təəssüf ki, bu açıqlamanın ardınca bir neçə sürücü sığorta şirkətlərinə müraciət etsə də,yenə də onların avtomobilinin sığorta edilmədiyini bildiriblər. Mənim tövsiyəm odur ki, bir neçə gün gözləsinlər, bəlkə də online qaydada sığorta mümkün olacaq. Bu reallaşmazsa, nə baş verəcəyini zaman göstərəcək. Əslində bu çox pis bir yanaşmadır. Ölkə başçısının imzaladığı Dövlət Proqramına nəzər salsaq görərik ki, burada elektromobillər, hibrid avtomobillər, daha aşağı mühərrik həcmi olan, daha az yanacaq yandıran, ətraf mühiti daha az çirkləndirən avtomobillərin təşviqi, stimullaşdırılması nəzərdə tutulur.

Biz bunu reallaşdırmağa çalışsaq da, sığorta şirkətləri də bunun əksinə gedir, biz mühərrik həcmi aşağı olan avtomobilləri qeydə almırıq. Axı bu maşınların hamısı taksi deyil, əksəriyyəti şəxsi istifadədir. Sən kimsən ki, özbaşına qərar verirsən, qeydə almırsan? Buna görə həmin avtomobil dilleri, şirkətlər birləşib dövlətə qarşı iddia qaldırar ki, siz mənim brendimi gözdən salırsınız, satışına mane olursunuz. Bu zaman dövlət milyonlar itirə bilər. Həmin brendlər bizi məhkəməyə verər, beynəlxalq məhkəmələrdə süründürərlər. Onlar bunun məsuliyyətini dərk etmirlər və bu qədər özbaşınalıq olmaz”.

Qeyd edək ki, məsələ ilə bağlı bir neçə sığorta şirkətinə, o cümlədən "Amrah Sığorta", "Ata Sığorta", "Atəşgah Sığorta"ya müraciət etsək də, onlar bu suala cavab verməkdən yayındılar. Yalnız “Azərbaycan Sənaye Sığorta”dan hazırda mühərrik həcmi 2000 kub/sm-dən az olan avtomobillərin icbari sığorta olunduğunu bildirdilər, ancaq digər suallara cavab verməkdən imtina olundu.



Oxşar Xəbərlər

Xəbər lenti