8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
SOCAR-ın əməkdaşlarının şəhid ailəsinin evini dağıtması ilə bağlı xəbər yayımlandıqdan sonra sayta giriş məhdudlaşdırılıb
Bu, qanunazidd hərəkət, kiber cinayətkarlıq kimi qiymətləndirilməlidir
Ölkəmiz müstəqillik əldə etdikdən sonra söz və mətbuat azadlığı sahəsində bir çox önəmli addımlar atılıb ki, onlardan biri də senzuranın ləğvidir. Məhz bundan sonra qəzet və jurnal təsisçiliyi sərbəst buraxılıb, kütləvi informasiya vasitələri (KİV) haqqında yeni qanun qəbul edilib. Dövlət səviyyəsində mətbuatın azad və sərbəst fəaliyyət göstərməsi istiqamətində bir sıra zəruri tədbirlər görülsə də, nədənsə son zamanlar ayrı-ayrı məmurlar tərəfindən KİV-lərə qarşı növbəti təzyiq dalğası başlayıb. Belə ki, bu gün məmurların, müxtəlif vəzifə sahiblərinin sırasında elə şəxslər var ki, onlar bu və digər formada söz və mətbuat azadlığına qarşı çıxmağa, onun inkişafına mane olmağa, ölkəmizin bu sahədə əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar.
Daha dəqiq desək, ayrı-ayrı kütləvi informasiya vasitələrində həmin şəxslər barəsində tənqidi yazılar işıqlandırıldıqda, qarşı tərəf dərhal əsassız ittihamlara, təzyiq və təsirlərə əl atmağa başlayır. Halbuki bu və digər mətbuat orqanı sadəcə öz vəzifə borcunu yerinə yetirib. Lakin buna baxmayaraq, hansısa mövzuda tərəf kimi çıxış etməmiş, hər hansı məmurun özünü, yaxınlarını və onun tabeçiliyində çalışan şəxsləri təhqir etməmiş media mənsubları belə, bəzi səlahiyyət sahibləri tərəfindən konkret hədəfə çevrilirlər. Unutmaq lazım deyil ki, biz mətbuat nümayəndələri sadəcə neqativ halları cəmiyyətə çatdırır və üzərinə düşən vəzifələri icra etməyən aidiyyəti qurumları tutarlı arqumentlərlə tənqid edirik. Ki, bu da bizim işimizdir. Odur ki, məmurlar kütləvi informasiya vasitələrinə qarşı hücuma keçmək, onları məhkəmələrlə hədələmək və ya digər üsullarla fəaliyyətlərinə mane olmaq əvəzinə qeyd olunan nöqsanlara aydınlıq gətirməlidirlər. Ancaq nədənsə vəzifə sahiblərinin, dövlət qulluqçularının böyük əksəriyyəti tamam fərqli yol tutaraq media orqanlarına təzyiq göstərməyə çalışırlar. Bu isə birbaşa söz və mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atılmış addım, kütləvi informasiya vasitələrinə qılınc çəkmək kimi qiymətləndirilməlidir.
Yeri gəlmişkən qeyd edək ki, bu gün mediaya qarşı dözümsüzlük nümayiş etdirən məmurlardan biri də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevdir. Bu həmin Rövnəq Abdullayevdir ki, barəsində və ya rəhbərlik etdiyi qurumla bağlı xəbər portalları, saytlarda tənqidi bir məqalə dərc olunduqda dərhal SOCAR-ın hakerləri həmin saytın fəaliyyətini iflic edirlər.
Qeyd etdiyimiz kimi, SOCAR-ın əməkdaşlarının şəhid ailəsinin evini dağıtması ilə bağlı xəbər Hurriyyet.org-da yayımlandıqdan sonra saytın fəaliyyətində ciddi əngəl yaranıb. Daha dəqiq desək, saytımız Rövnəq Abdullayevin hakerlərinin DDOS hücumuna məruz qalıb. Bu səbəbdən də Hurriyyet.org, o cümlədən sözügedən xəbəri yayımlayan Muxalifet.az və Turaninfo.org saytlarına giriş müvəqqəti məhdudlaşıb.
Məlumat üçün bildirək ki, paylanmış xidmətdən imtina hücumu kimi xarakterizə olunan DDoS (Distributed Denial of Service) şəbəkə hücumunun bir növü olmaqla yanaşı, veb-saytın, ver-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Ekspertlərin sözlərinə görə, bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə tab gətirə bilmir. Sadə dillə desək, DDoS hücumu zamanı hədəfdə olan saytlara eyni vaxtda 100 mindən artıq İP-dən giriş təşkil olunur. Bildirilir ki, əksər hallarda bu hücumlar zamanı provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur.
Mütəxəssislər qeyd edirlər ki, DDoS hücumu müxtəlif üsullarla həyata keçirilir və bu zaman serverin resursları sorğuların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumda şəbəkə resurslarına bir deyil, çox sayda kompyuterdən sorğular göndərilir. Yoluxdurulmuş kompyuterlərdən biri "idarəetmə mərkəzi" kimi istifadə edilir, o "zombi" adlandırılan digər komptuyetərdən edilən hücumları idarə edir.
Beləliklə, görünən odur ki, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Hurriyyet.org-da SOCAR-ın əməkdaşlarının şəhid ailəsinin evini dağıtması ilə bağlı xəbər yayımlandıqdan sonra həm bizim, həm də həmin xəbəri yerləşdirən Muxalifet.az və Turaninfo.org saytlarına haker hücumunun təşkil edilməsi ilə bağlı göstəriş verib. Əslində, SOCAR birinci dəfə deyil ki, mətbuata qarşı bu cür təzyiq üsullarından istifadə edir. Belə ki, bu ilin yanvar ayında "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun müsahibəsini dərc etmiş afn.az. bakupost.az, qafqazinfo.az və yenicag.az saytları da haker hücumlarına məruz qalmışdılar. Həmin vaxt məsələ ilə bağlı mətbuata açıqlama verən afn.az saytının rəhbəri Səbuhi Qafarov ehtimal əsasında bunun SOCAR-ın məşhur haker qrupunun işi olduğunu qeyd edib.
Bu arada, Hurriyyet.org, o cümlədən Muxalifet.az və Turaninfo.org saytları ilə bağlı məsələyə gəlincə, adıçəkilən internet resurslarının fəaliyyətinin eyni anda əngəllənməsi heç cür təsadüf ola bilməz. Görünən odur ki, məhz hakerlərin qanunsuz müdaxiləsi nəticəsində Hurriyyet.org və digər saytlara giriş məhdudlaşdırılıb. Bu isə birbaşa qanunazidd hərəkət, kiber cinayətkarlıq kimi qiymətləndirilməlidir. Hurriyyet.org, Muxalifet.az və Turaninfo.org saytlarına olan haker hucümları həmçinin, onu deməyə əsas verir ki, bu gün ölkəmizdə informasiya təhlükəsizliyi, söz və mətbuat azadlığı ilə bağlı ciddi problemlər mövcuddur.
Xülasə, sonda mediaya qarşı açıq savaş açan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin diqqətinə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Qanundan bəzi maddələri çatdırmaq istərdik. Çünki həmin maddələrdə məmurların əhalilə, həmçinin mətbuatla ünsiyyət qurma və xalqın dəstəyini qazanma yolları açıq şəkildə göstərilib. Beləliklə, sözügedən qanunun 1-ci maddəsində qeyd olunur ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. 4-cü maddədə isə bildirilir ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 6-cı maddədə deyilir ki, dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Odur ki, cənab Rövnəq Abdullayev, Hurriyyet.org-u və digər kütləvi informasiya vasitələrini hədəf seçib müxtəlif yollarla onların işinə maneçilik yaratmaqdansa, fəaliyyətinizdə əsaslı dönüş yaradın, rəhbərlik etdiyiniz sahədə mövcud olan neqativ halları aradan qaldırın. Əmin ola bilərsiniz ki, bu halda nə sizi, nə də SOCAR-ı tənqid edən olmayacaq.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Valeh TÜRKSOY, Hurriyyet.org