Rza Rzayev yazır:"ADAMA OXŞAMIRLAR..."

Rza Rzayev yazır:"ADAMA OXŞAMIRLAR..."

 

Rza RZAYEV

Rejissor-aktyor

 

Şəkil məsələsi bizdə çox qəlizdi, daha doğrusu, özümüz qəlizə salırıq.Hər şeyin bir şəkli var, lap elə forması deyək. Bəzən çoxları formalarını gizlətmək üçün müxtəlif bucaqlardan şəkil çəkdirirlər ki, tam, olduqları kimi görünməsinlər – kimisinin boyu yoxdu, oturub çəkdirir; kimisinin boyu var – ayaq üstə…

Həm də, şəkil bir az da can qutaran məsələdi. Lazım olan adamların hamısının səni görməsi üçün belə sürətli keçən zamanda çatdırmaq olmur – gedəsən, real görə; hamıya şəklini göndərirsən, sonra cavabları yığırsan.

Şəkil üzdə olmayan çox faktları üzə çıxarır, hərəkətdə itəni, görünməyəni şəkil gözə soxur. Şəkil bəzən fakt kimi də istifadə olunur. Sonradan görənlərə keçmiş şəklini fakt kimi göstərirlər…

Nə isə, şəklin çıxardığı çox işlər var.

Bizim dərsimiz bir az şəklin başqa tərəfindəndi. Keçmişin şəklindən danışacam – indi belə şey yoxdu. "Onlar bir-birlərini görməlidirlər”,kimlərsə düz-qoş edib, iki gənci bir görmək istəyirlər. Bir çox səbəblərdən real görüş mümkün deyil. Qız deyir: "Gündə bir oğlanla görüşəcəm, gündə bir oğlanı yoxlayacam, sonra da deyəcəm xoşum gəlmədi, daha nə oldu ki?!” Oğlan deyir: "Yox, mən qıza baxıb sonra deyə bilmərəm, "səndən xoşum gəlmir, mümkün deyil”, kişilikdən deyil bu”… Yenə ümid qalır şəklə, gənclərə bir-birinin şəklini göstərmək lazımdır. Hər iki tərəf şəkilləri tökür qabağına, harada qəşəng düşüb, o şəkli tapır, verir şəkil aparana…

Şəkildə də düşməyin öz əngəlləri var. Adam var, şəkildə qəşəng düşür – fotoqrafdan da çox şey asılıdır və ya geyindiyin geyimdən; durduğun yer də şəkildə necə düşməyinə təsir edir, baxanın gözündən düşməyəsən deyə. Bir də baxırsan, şəkil kimi bir oğlanı qız şəkildə bəyənməyib. Deyib: "Belə duran oğlanlardan xoşum gəlmir”. Ha başa salırlar ki, "Şəkildi, insanın bir anıdı, həmişə belə durmur, bir də durmağın nə fərqi var ki… Sən də söz tapdın danışmağa”. 

Bir də baxırsan, bu yolda əmək vermis birisi o tərəfdən deyir: "Sən kiri… Fərqi çoxdu, hələ sən belə şeyləri bilməzsən – kişinin duruşuğundan çox şey asılıdı”.

Biz gözəlliyi sevən millətik – daha çox da xarici gözəlliyi. Çünki xarici gözəlliyi göstərmək çox asandı və səndən də çox asılı məsələ deyil, Allah verəndi.

Ya da ki, gözəllik ondu, doqquzu dondu. Yaxşı geyimlərin xarici görünüşə təsiri olur.

Qısası, biz xarici tərəfimizlə oynamağı, xarici tərəfi tutmağı çox sevirik, bir xarici vətəndaş görəndə əldən-ayaqdan gedirik, adam heç ölkəsində adam siyahısında yoxdur. Bizə elə gəlir ki, xaricdə hər şey bizdəkindən yaxşıdı, bizdə baş verənlər oralarda baş vermir, onların başı bizimkindən yaxşı işləyir, xaricə getsə bunun da başı işləyəcək və bütün problemlərini həll edəcək. Hətta işləməsə belə, dövlət soyuducusunu dolduracaq, aylıq cib xərcliyi də verəcək.

Xaricin şəkillərinə, ya da televiziyalarda gözəl yerlərinə baxıb, ağzımızın suyunu axıdırıq, amma dəqiq bilirik ki, onlar pak olmaq üçün sudan istifadə etmirlər. Küçələri, şəhərləri isə çox təmizdi, çünki onlar küçələrini tez-tez təmizləməklə yox, çirkləndirməməklə, əllərində olanı ora-bura atmamaqla belə gözəl, təmiz, səliqəli edirlər, yoxsa dəqiqəbaşı təmizlik işi görmürlər. Bilirlər ki, tüpürcək udmaq üçündür, yerə tüpürmək üçün yox və yaxud öz işini yetərincə görməyən adamın üzünə tüpürmək üçündür.

…Biz tərəflərdə bir nənə təzə gəlini ilə gedirmiş. Qarşısına tanış bir xala çıxır, dərdləşirlər, sonra xala soruşur:

– Yanındakı qız kimdi?

– Təzə gəlinimdi. 

– Nə gözəl gəlinin var? 

– Sən hələ onun şəklini görməmisən, şəkildə daha gözəldi!

Adamlar kimi, şəkildə qəşəng düşən şəhərlər də var. Reklamda gözəl düşən şəhərləri görüb, ucuz bilet alıb baş götürüb bir neçə günlüyə gedirsən… Qiymətləri görəndə isə biletin niyə ucuz olduğunu anlayırsan. Şəkildə qəşəng düşən şəhərlərin çoxu elə də qəşəng deyil, amma xarici görünüşü gözəl olan şəhərləri görəndə, düşünürsən ki, üz belədisə, gör, burada yaşamağın zövqü nədi? Par-par yanan bir pivəxanaya girib yanğını söndürmək istəyirsən, hesab gələndə pivəxanadan tüstüləyə-tüstüləyə çıxırsan, tüstü dolur gözlərinə, gözlərini ovuşdura-ovuşdura Sumqayıt yolundakı palatka kababxanalar, pivəxanalar gözünün qabağına gəlir: verdiyin sifarişin yarısını sahibsiz itlər, pişiklər qaçırsa da, ya da stolun yanından əl çəksinlər deyə, özün atsan da, ayağa qalxanda kəmərini boşaldırsan, hesabın da qalığını alırsan…

Görülən işlər göz qabağında, danışılan, doğru olan və atılan böhtanlar da göz qabağında… Bunlar ancaq hakimiyyəti qorumaq üçün və hakimiyyətə gəlmək üçün edilir, adam yetişdirmək, adam kimi yaşana bilən ölkə haqda heç kim düşünmür. 

Nə hakimiyyəti qorumaq üçün çox şeydən keçmək lazımdı, nə də hakimiyyətə gəlmək üçün. Adam kimi yaşamaq üçün çox az şey lazımdı, sizdən o az şeyi istəyirik.

Adamları çox olan ölkədə yox, adam olan çoxluqda yaşamaq istəyirik. Biz adam kimi yaşayacağımız ölkə, dövlət istəyirik, qalanları olmasa da olar.

Adam yetişdirin, adam münasibətlərini yeniləyin, insanların bir-birinə inamını qaytarın, "hakimiyyət üçün hər şeydən keçməzlər”i, vəzifənin, pulun o qədər də önəmli olmadığını anladın… Necə? Rüşvətin qarşısını alın! Vətəndaş görsün ki, pul ilə daha işini aşıra bilmir! Məmura imkan yaratmayın vəzifəsindən istifadə etsin, görsün ki, bundan da daha yaxşı işlər var, iş adamı kimi daha çox pul qazana bilər!

…Hamı axıra qədər eyni sürətlə qaça bilmir. Ona görə ümid yoxdu ki, arxada qalanlar ən irəlidə gedənləri nə vaxtsa keçə bilməz, həm də çox qabaqda getmək, hələ çox qabağa düşmək anlamına gəlməməlidir. Ömür çox azdı, yaxşı yaşama ayrılan ömürsə lap az. Gəlin, yaxşı yaşamaq vaxtını uzadaq, yaşımızı yox, çox yaşamağı yox – əl-ələ verək, bir-birimizi görəndə sevinək, üzümüzü çevirməyək, onsuz da bu dünyada bizim üzümüzə yaxşı baxan yoxdu.

Biz öz maşınımızın ehtiyat təkərini yolda qalana verib, gedəcəyimiz yerə sağ-salamat çatacağımıza əmin olmalıyıq – bu addımdan sonra bizə yolda ehtiyat təkəri lazım olmayacaq. Yoxsa "təkərimi ona versəm, özüm yolda qalaram” düşüncəsi ilə çox uzağa gedə bilməyəcəyik, elə ehtiyat təkəri olmayan maşının getdiyi yol qədər gedə bilərik … Bu yol isə bizi yarı yolda qoya bilər.

Gəlin, hamımız düşünək: bəlkə, olanları, baş verənləri pozaq, hər şeyi yenidən yazaq, adam olaq?!

Gəlin, elə edək ki, bizi tanıyanlar, ölkəmizə gələnlər, şəklimizi çəkənlər, şəkil çəkdirdiklərimiz, ölkələrinə dönəndə deməsinlər, "Şəkildə qəşəng düşürlər, amma adama oxşamırlar, adam deyillər”.

Şəkildə olduğundan qəşəng düşən adama bənzəyir cəmiyyətimiz.

Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti