8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları ilə yanaşı ərzaq məhsullarının da qiyməti 3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiyməti 2,4 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, qiyməti bahalaşan ərzaqların siyahısında düyü, mal və toyuq əti, yumurta, zeytun, günəbaxan və qarğıdalı yağları, göyərti, şəkər tozu, dondurma, qara və yaşıl çayların adı var.
Qeyd edək ki, əksəriyyət bəzi ərzaqların qiymətlərinin aşağı düşəcəyini gözləsə də, bu baş vermədi. Məsələn, ötən il ölkə prezidenti kərə yağının qiymətinin aşağı enməsi ilə bağlı tapşırıq vermişdi. Tapşırığa əsasən ölkəyə idxal edilən kərə yağının gömrük dəyəri 15 faizdən 5 faizə qədər azaldılmışdı. Ekspertlər idxal rüsumunun 3 dəfə azaldılmasının bu məhsulun pərakəndə satış qiymətinə təsirsiz ötüşməyəcəyini desə də, hazırda yenə də kərə yağının qiyməti 17 manat 90 qəpik təşkil edir.
Bəs ekspertlər sonuncu ərzaq bahalaşmasını necə şərh edir? Bahalaşma bundan sonra da davam edəcəkmi?
Sozcu.info bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov "Yeni Müsavat”a danışıb:"Burada gözlənilməyən nəsə yoxdur. Ümumiyyətlə, inflyasiya proqnozlaşdırılırdı, xüsusən də ərzaq məhsullarında. Müşahidələr onu göstərir ki, real bazar qiymətlərində artımlar daha yüksəkdir.
Burada əsas məsələlərdən biri ondan ibarətdir ki, xüsusilə də yerli istehsal olunan məhsulların qiymətlərinin maya dəyərində artımlar baş verir. Ölkədə ərzaq məhsullarında infilyasiya tendensiyası 2015-ci ildən daha da sürətlənməyə başladı. Burada təbii ki, devalvasiyaların, Azərbaycan iqtisadiyyatının ölkədə istehsalın xammal baxımından idxaldan asıllığı kimi faktorlar öz təsirini göstərirdi.
2017-ci ilin birinci rübündə yığımların xərclənməsi prosesi başladı və beləliklə, müəyyən qədər sahibkarlar üçün qiymət artımı imkanları formalaşdı. Xüsusən də ötən ildə ərzaq məhsullarının qiymətində kəskin bahalaşma baş verdi. Bu, təxminən 16 faiz ətrafında idi. Proses 2018-ci ilə də transfer olub. Çünki elə məhsullar var ki, onların qiymətləri dünya bazarında da qalxır, dolların alıcılıq imkanları məhdudlaşır, müəyyən mənada öz alıcılıq dəyərini mərhələli şəkildə birikdirir və bu fonda inflyasiya baş verir, ərzaqların maya dəyərinə, qiymətinə təsir edir.
Əsasən ərzaq məhsullarının qiymətinin artmasının səbəbi ondan ibarətdir ki, onlar zəruri məhsullar kateqoriyasına aiddir və istehlakçı əhalinin alıcılıq səviyyəsindən tam asılı deyil, buna görə də bu sektorda fəaliyyət göstərən sahibkarların qiymətləri korreksiya etmək imkanlarını genişləndirir”.
Ekspert kərə yağının qiymətinin ucuzlaşmamasından da danışıb: "Burada bir faktor ondan ibarətdir ki, daxili istehsal yerli tələbatı ödəmir, ölkədə əsasən istehsal olunan yağ idxal olunan yağdır. Bildiyiniz kimi, yerli istehsal olan kərə yağının keyfiyyəti də qaneedici deyil, yəni yerli istehsal olunan kərə yağı bazarda aşağı qiymətlə təklif olunsa da, onun keyfiyyəti idxal olunan yağın keyfiyyətindən daha aşağıdır. Beləliklə, alıcı bazarda idxal olunan kərə yağına üstünlük verir.
Düşünürəm ki, rüsumların azaldılmasının bazara təsir göstərməsində əsas faktorlar ondan ibarətdir ki, yerli bazarda inhisarçılıq var. İnhisarçılıq faktiki olaraq iqtisadi alətlərdən istifadə imkanlarını məhdudlaşdırır və bu alətlərdən istifadə zamanı nəticəli səviyyəsini aşağı salır.
2016-cı ildə ölkədə inhisarlığın səviyyəsi kifayət qədər artmışdı və bu, bazara kifayət qədər təsir etmişdi. Lakin 2017-ci ildən başlayaraq yeni mexanizmlər vasitəsilə yenə də idxal iştirakçısı olan subyektlərin böyük bir qismi bazardan kənarlaşdırıldı və bu fonda yenə də idxal məhsullarında bahalaşma gedir. O cümlədən bu məsələ kərə yağına aiddir ki, faktiki olaraq bazarda bu yağın rəqabətliliyi təmin olunmur və burada qiymətlərdə müəyyən qədər inhisarçılıq meylləri hiss olunur. Digər faktor da dünya bazarında kərə yağının qiymətində bahalaşmanın olmasıdır”.
Ekspert qeyd etdi ki, bahalaşma bundan sonra da davam edə bilər: "Ölkədə daha çox xərcləmə iqtisadiyyatıdır. Bildiyiniz kimi, 2018-ci ildə dövlət büdcəsinin xərcləri təxminən 5 milyard manat artırılıb. Bu, kifayət qədər böyük göstəricidir. Bu vəsaitlər də dolayısı yolla bazarlara daxil olur, istehlak formalaşdırır. Belə bir fonda Azərbaycanda inflyasiyanın baş verməsi başadüşülən və qəbulediləndir. Beləliklə, ərzaq məhsullarının qiymətlərinin bundan sonra da bahalaşması baş verəcək”.