Kəmaləddin Heydərov vitse-prezident olmayacaq

Kəmaləddin Heydərov vitse-prezident olmayacaq

 


 

"Fövqəlnazir”in mövqelərinin zəiflədilməsi davam edəcək

Konstitusiyada dəyişiklik edilməsi üçün sentyabrın 26-da keçiriləcək Referendumun necə nəticələnəcəyi məlum olduğu üçün bütün diqqətlər 26 sentyabr 2016-cı ildən sonra baş verəcək proseslərə yönəlib. Referendum Aktının layihəsindəki ən maraqlı məqam bu günə kimi mövcud olmayan təsisatların, vitse-prezident vəzifələrinin yaradılması ilə bağlıdır və cəmiyyətin diqqəti də  məhz bu  məqama yönəlib. Məlum olduğu kimi, Referendum Aktının səsverməyə təqdim olunan layihəsinin qəbulundan sonra  birinci vitse-prezident, bir neçə də vitse-prezident vəzifəsinin təsis ediləcəyi gözlənilir. Ekspertlər vitse-prezidentlərin 2 ilə 4 arası ola biləcəyini qeyd edirlər. Bu zaman cəmiyyətin əsas müzakirə etdiyi məqam isə neçə vitse-prezident vəzifəsinin olacağından çox, bu postları kimlərin tutacağı ilə bağlıdır. Birinci vitse-prezident vəzifəsinə kimin təyin olunacağı ilə bağlı müəyyən fikir aydınlığı mövcud olsa da, vitse-prezidentlərlə bağlı dəqiq mövqe mövcud deyil. Əlbəttə, bu vəzifələrin sahibləri seçki yolu ilə deyil, təyinatla olacağından cəmiyyətin mövqeyi həlledici deyil. Ancaq o da məlumdur ki, iqtidar Konstitusiyada ediləcək dəyişikliklərə həm də hakimiyyətin yenilənməsi yolunda yeni bir imkan kimi baxır və bu məsələdə cəmiyyətin mövqeyi iqtidarla üst-üstə düşür. Bu gün cəmiyyətdəki böyük çoxluq Heydər Əliyev Fondunun prezidenti, Milli Məclsiin üzvü Mehriban xanım Əliyevanın birinci vitse-prezident postunda görmək istəyir və iqtidarın bunu nəzərə alacağı gözlənilir. Birinci vitse-prezident postuna Mehriban xanım Əliyevadan başqa namizəd olmadığı halda, vitse-prezident postlarına namizədlər də, iddialılar da belə görünür ki, az deyil. Artıq bəzi iqtidar daxili siyasi qruplar vitse-prezident postunda görmək istədikləri şəxslərin adlarını çəkməyə, onların təbliğatını qurmağa belə cəhd edirlər. Vitse-prezident postuna namizəd kimi adı çəkilənlərdən biri də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur. Bəzi şəxslər, maraqlı dairələr "fövqəlnazir” Kəmaləddin Heydərovun vitse-prezident təyin olunacağını baş vermiş hadisə kimi təqdim etməyə cəhd etmələrinə baxmayaraq, "Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, bu məsələ çox böyük sual altındadır. İqtidara yaxın mənbənin məlumatına görə, Kəmaləddin Heydərovun vitse-prezident təyin olunması artıq mümkün deyil. Mənbə diqqəti "The Financial Times” qəzetində prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun müsahibəsindəki bəzi məqamlara yönəldilməsinin doğru olduğunu bildirir. Qeyd edək ki, dünyanın ən nüfuzlu dərgilərindən biri hesab olunan "The Financial Times” qəzetinə müsahibəsində prezidentin köməkçisi 2016-cı ilin ilk ayından gömrükdə həyata keçirilən islahatlara diqqət çəkib və əsas qayəsinin bu sistemdəki korrupsiyanın qarşısının alınması məqsədi daşıdığını vurğulayıb. Natiq Əmirovun dediklərindən belə anlaşılır ki, gömrükdəki prosesləri prezidentin birbaşa öz nəzarəti altına alması korrupsiyanın qısa müddətdə aradan qaldırılmasına səbəb olub. Halbuki, bundan əvvəl ölkəyə idxal olunan 10 maldan yalnız 3 gömrük rəsmiləşdirilməsindən keçirilirmiş. Yerdə qalanlar gömrük ödəmələri əvəzinə rüşvət hesabına ölkəyə idxal edilirmiş. Bunun nəticəsində bir yandan büdcə ciddi itgilərə məruz qalırmışsa, digər tərəfdən ölkədə rəqabət poşulurmuş. İndi artıq belə hallara son qoyulub. "TheFinancialTimesqəzetindəki fikirlərin sətir altı mənasını anlamaq isə çətin deyil. Kəmaləddin Heydərov təxminən 12 il Dövlət Gömrük Komitəsinin sədri olub, Fövqəladə Hallar naziri təyin edildikdən sonra da Komitə üzərindəki təsirini saxlayıb. Buna görə də gömrükdəki dəhşətli korrupsiyanın baiskarını müəyyən etmək heç də çətin deyil. Belə anlaşılır ki, Kəmaləddin Heydərovun keçmiş fəaliyyətinə görə indi cavab verməsi gündəmə gətirilir. Adının açıqlanmasını istəməyən siyasi ekspert isə bildirir ki, Kəmaləddin Heydərovun mövqelərinin zəiflədilməsi əslində iki il bundan öncə başlayıb. İlk öncə "fövqəlnazir”in iqtisadi gücü azaldıldı, ardınca media gücü zəiflədildi və indi növbə Kəmaləddin Heydərovun inzibati gücünün azaldılmasına yönəldilib. "The Financial Times” qəzetində yer alan tənqidlərin tezliklə ittihama çevriləcəyi də istisna deyil. İqtisadi böhrana görə kimin və yaxud da kimlərinsə bir gün qurban veriləcəyi istisna edilmir. Belə görünür ki, iqtidarda müəyyən adamlarda  qurbanın kimliyi ilə bağlı müəyyən fikir artıq formalaşıb. İndi qalır onu ictimaiyyətə təqdim etmək. "The Financial Times” qəzetindəki məqalə bu istiqamətdə ilk addım ola bilər. Bu məqalənin iqtidara yaxın mediada tirajlanması da bunun işarəti sayıla bilər. Tezliklə rəsmi ittihamlar da gündəmə gələ bilər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin ləğv olunaraq Vergilər Nazirliyinə birləşdirilə biləcəyi ilə bağlı "Yeni Sözçü” qəzetində fikir bildirmişdik. İndi baş verənlər də əslində həmin planın davamıdır. Referendumdan sonra Dövlət Gömrük Komitəsinin ləğvi ilə bağlı addımlar da atılacaq. Bu proses həm də Nazirlər Kabinetinin idarəetmədəki yerinin zəiflədilməsi, vitse-prezidentlik postunun idarəetmədə söz sahibi olmasına da xidmət etməlidir. Məlumata görə, bir zamanlar hakimiyyətdə təsir gücünə görə üçüncü şəxs olan Kəmaləddin Heydərov artıq sıradan bir nazirə çevrilməkdədir. Artıq ölkəyə gələn nazirlərin "fövqəlnazir”lə görüşməsi bir qayda olaraq protokollara daxil edilmir.

Bütün bunlara görə, Kəmaləddin Heydərovun vitse-prezident olmayacağı haqqında qəti fikir söyləmək olar. "Fövqəlnazir”in vitse-prezident olması istiqamətində fikir bildirməkdə davam edən deputatlar isə növbəti parlamentə düşmək şanslarını təhlükəyə altmış olacaqlar. Çox guman ki, həmin deputatlara artıq bununla bağlı mesaj da verilib. Yaxın günlərdə Kəmaləddin Heydərovun vitse-prezident olmasının zərurəti haqqında çıxışlara rast gəlməyəcəksiniz. Çünki, "The Financial Times” qəzetindəki məqalə çox açıq mətinlə hər kəsə almalı olduğu mesajı verib. Bu mesajdan çıxan əsas fikir isə "fövqəlnazir”in vitse-prezident olmayacağı ilə bağlııdr.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti