Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq və Ədalət Partiyası (HƏP) Azərbaycan siyasi mühitində özünə yer tuta bilmir. Qurumun 9 fevralda ölkəmizə keçirilən növbədənkənar parlament seçkilərində susqun mövqe sərgiləməsi də diqqətlərdən qaçmadı.
Doğrudur, HƏP seçkiləri boykot etmişdi, lakin siyasi qurum olaraq da hansısa prosesə münasibət bildirmədi, müşahidəçi mövqeyini belə açıqlamadı. Halbuki yeni bir qurum kimi tanınmaq baxımından bu çox vacib idi.
Ən maraqlısı isə odur ki, cəmi üç aydır yaradılmasına baxmayaraq, artıq HƏP-dən qopmalar baş verir. Belə ki, qurumun fevralın 12-də keçirilən idarə heyətinin toplantısında İlqar Quliyev, Əfqan Sadıqlı və Sevinc Sadıqlı öz müraciətləri əsasında partiya sıralarından xaric olunublar.
Ekspertlərin əksəriyyəti bu qənaətdədir ki, sabiq nazir siyasət meydanında nə şəxsi, nə də partiyası olaraq, heç bir uğur qazanmayacaq. Arqument kimi də onun keçmişi göstərilir.
Ana Vətən Partiyasının sədri, V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı burada təəccüblü heç nə görmür: "Sizin qəzetə və digər KİV-lərə bununla bağlı söyləmiş olduğum fikirlərdə, vermiş olduğum açıqlamalarda birmənalı şəkildə ifadə etmişdim ki, Əli İnsanovun siyasi proseslərdə yeri görünmür. Bunu yetərincə arqumentləşdirmişdim. İlk növbədə, Əli İnsanov ulu öndərin komandasında vacib şəxslərdən biri idi, həm Yeni Azərbaycan Partiyasında rəhbər orqanlarda, həm də hakimiyyətdə yüksək vəzifə daşıyırdı, səhiyyə naziri idi. O, 2005-ci ilə qədər çox ciddi fiqurlardan biri hesab olunurdu. 2005-ci ildə dövlət çevrilişinə cəhddə yer alan Fərhad Əliyev, Rəsul Quliyevlə birgə mənsub olduğu komandaya xəyanət edən heç şübhəsiz ki, ciddi fiqur kimi qəbul oluna bilməzdi. Digər tərəfdən, müxalifət qütbündə yer almaq üçün kifayət qədər əsaslar lazım idi. Ən azından bunun üçün təkcə hakimiyyətdən incimək, qisas almaq kifayət deyil. Bu, əslində mənə elə gəlir ki, siyasətçi üçün ən mənfi rol oynayan şərtlərdən biridir. Əli İnsanov uzun illər boyu ulu öndərin siyasi proseslərində iştirak edən, müxalifətə qarşı qətiyyətli mövqe nümayiş etdirən birisi olub. Sonradan 180 dərəcə mövqeyini dəyişdi. Artıq Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirən ölkə Prezidentinə qarşı qisasçılıq mövqeyində dayanır. Hətta həbsxanadan çıxandan sonra onu Əli İnsanov edən, o səviyyəyə qaldıran ulu öndərimizin məzarını ziyarət etmədi, onun qarşısında baş əyib, öz mənəvi borcunu yerinə yetirmədi. Tamam fərqli bir mövqedən çıxış edərək, bu yola çox böyük sədaqətlə xidmət edən, dövlətimizi yüksək səviyyəyə qaldıran İlham Əliyevə qarşı qisasçı və qərəzli mövqe nümayiş etdirir”.
Deputat müxalifət camiəsinin sabiq naziri qəbul etmədiyinə də toxundu: "Müxalifət düşərgəsi ona ciddi yanaşmır. Düzdür, onun iştirakı ilə bir toplantı keçirdilər, düşünürdülər ki, onun müəyyən sosial bazası var, maliyyə imkanlarından istifadə edə bilərlər. Amma bütün bunların heç biri olmadı. Əli İnsanov onlara pul xərcləmədi. Onun heç bir sosial bazası yoxdur. Ənənəvi, radikal müxalifət, eləcə də bu düşərgənin digər qanadında yer alanlar Əli İnsanovdan tamam ayrıldılar, zəif mövqelərini qorumağa çalışdılar. Bu gün də bu istiqamətdə cəhdlər göstərilir. Əli İnsanovun sosial bazası olmadığına, müxalifətdə yer tuta bilmədiyinə görə, təbii olaraq, bu düşərgədə möhkəmlənməsi mümkünsüz oldu. Bu da onun siyasətçi kimi fiaskosunu reallaşdırdı. Bundan sonra da Əli İnsanovun siyasi proseslərdə fəal iştirak edəcəyini gözləmirəm. Çünki onun nə keçmişi, nə indiki dünyagörüşü, nə sosial bazası, nə də yaşı imkan vermir ki, müxalifət düşərgəsində həlledici mövqeyə çıxa bilsin. Bu açıq şəkildə görünür və bunu indiyə qədər dəfələrlə ifadə etmişəm. Ortada olan nəticə hər kəsə bəllidir”.