Türkiyə-Azərbaycan əlaqələri şaquli istiqamətdə inkişaf etməyə davam edir

Hazırkı dövrdə Azərbaycan–Türkiyə münasibətləri həqiqətən də bütün dünyada təkrarı olmayan müstəsna səviyyədədir. Bu reallığı ötən gün Naxçıvan şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə tarixi görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirdi. Naxçıvan görüşü Azərbaycan-Türkiyə qardaşlığı salnaməsinə qızıl hərflərlə həkk olundu. Doğrudur Azərbaycan-Türkiyə münasibətləri keçmiş dövrlərə gedib çıxsa da, Türkiyə ilə Azərbaycan arasında ticari-iqtisadi, enerji sahələrində sürətlə artan əməkdaşlığı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələri, İkinci Qarabağ müharibəsi dövründə və Qarabağ Zəfərindən sonra Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyini, müttəfiqlik haqqında Şuşa Bəyannaməsini, nəhayət 2023-cü il sentyabrın 25-də baş tutan Naxçıvan görüşü müasir tariximizin ən şərəfli dövrlərindəndir.

Türkiyə və Azərbaycan arasında yeni layihə olan İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi iki ölkə arasında olan münasibətlərin daha da inkişaf etdirməklə yanaşı, heç şübhəsiz, Naxçıvanın enerji təhlükəsizliyini də qarantiya altına alacaq. Prezident İlham Əliyevin təbirincə desək, Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri tarixində bu qaz kəmərinin inşası önəmli hadisədir və iki ölkə arasındakı əlaqələrə yeni təkan verməklə yanaşı, Naxçıvanın enerji təhlükəsizliyinin daha böyük ölçüdə təmin edilməsinə şərait yaradacaq. Layihə Naxçıvanın qaza olan enerji tələbatını şaxələndirməklə bərabər, davamlı və etibarlı enerji təchizatını təmin edəcək. Qeyd edək ki, bu günədək Naxçıvanın qaza olan tələbatı 2005-ci ildə İranla imzalanmış müqaviləyə əsasən təmin edilirdi.

 Naxçıvanda keçirilən görüşdə iki ölkə arasında ənənəvi enerji layihələri ilə yanaşı bərpaolunan mənbələrdən istehsal edilən enerjinin ötürülməsi sahəsində, Türkiyənin zəlzələdən əziyyət çəkmiş Kahramanmaraş şəhərində binaların, bağçaların və ibtidai məktəblərin tikilməsi ilə bağlı sənədlər, o cümlədən Qars–Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənədlər Türkiyə-Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir.

Naxçıvan görüşünün siyasi əhəmiyyətini vurğulayan zaman qeyd etməliyik ki,Naxçıvan görüşü bütün dünyaya, o cümlədən Cənubi Qafqazda "kirli" oyunlar sərgiləmək istəyən qüvvələrə Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı və bu qardaşlığın bütün məkrli, imperialist planlara qarşı bir sədd olacağını bir daha nümayiş etdirdi. Naxçıvan görüşünün geosiyasi və geoiqtisadi əhəmiyyətini də unutmamalıyıq. Xatırladaq ki, təxminən 100 il öncə Türkiyənin o zamankı rəhbəri Mustafa Kamal Atatürk Naxçıvan haqqında “Türk dünyasının qapısı” ifadəsini işlədib. Daha sonra 1921-ci ildə imzalanan Moskva və Qars razılaşmalarında məhz Türkiyənin səyləri ilə Naxçıvana Azərbaycan SSR-in daxilində muxtar vilayət statusu verilmiş və beləcə sovet rəhbərliyinin Naxçıvanla bağlı məkrli niyyətləri puça çıxmışdı. Həqiqətən də Naxçıvan bir qapıdırsa, Zəngəzur o qapının dəhlizidir və 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə bu dəhliz öz funksiyasını itirmiş oldu".

Görüşdə Azərbaycan və Türkiyə bu dəhlizin bərpası üçün əllərindən gələni əsirgəmədiyi xüsusilə vurğulandı. Hazırda Azərbaycanla Naxçıvan və Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin Azərbaycan hissəsi inşa edilməkdədir və gələn ilin sonuna tam hazır olacaq. Bu dəmir yolu xətti Naxçıvan-Qars xətti ilə birlikdə Orta Dəhlizin mühüm halqasına çevrilməklə Şərqlə Qərb arasında ticari-iqtisadi inteqrasiyaya böyük töhfələr verməklə yanaşı, Cənubi Qafqaz regionunun iqtisadi inkişafına da vəsilə olacaq. Zəngəzur və Naxçıvandan keçən kommunikasiya xətləri Türkiyə ilə Azərbaycanı bir-birinə daha da çox bağlamaqla yanaşı, Mərkəzi Asiya dövlətlərinin də regionla əlaqələrini inkişaf etdirərək, Türk dünyası daxilində inteqrasiya proseslərinə töhfə verəcək. Eyni zamanda, İğdır–Naxçıvan qaz kəməri regiondakı digər enerji layihələri ilə paralel şəkildə Avropanın da enerji təhlükəsizliyinə öz töhfəsini verməklə Azərbaycanın və Türkiyənin geostrateji əhəmiyyətini daha da artırmış olacaq.

 

Sevinc Hüseynova

Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti