8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyev 18 iyul 2024-cü il tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirak edib. Ölkəmizin başçısı toplantı çərçivəsində təşkil olunmuş “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib.Öncəliklə onu qeyd etmək istərdik ki, bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunur. Xüsusilə də qütbləşmənin dərinləşərək kəskin qarşıdurma həddinə çatdığı, boykot və sanksiyaların gündəmdə olduğu bu dövrdə Azərbaycan,tərəflərin hər biri ilə qarşılıqlı inam əsasında öz müstəqil xarici siyasətini formalaşdırıb. Azərbaycan, işğalda olan torpaqlarını beynəlxalq hüquqa əsaslanaraq azad edib öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra xarici əlaqələr sahəsində də yeni mərhələyə qədəm qoydu. Artıq ölkəmiz bir çox beynəlxalq tədbirə, zirvə toplantılarına fəxri qonaq kimi dəvət olunur. Təkcə son aylarda xarici siyasət sahəsində baş verən proseslərə nəzər salmaq kifayətdir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun nə dərəcədə artdığının şahidi olaq. Məsələn: Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə fəxri qonaq kimi dəvət olundu. Azərbaycan BRİCS ilə əməkdaşlığı genişləndirir. Daha sonra isə Azərbaycan PrezidentiAvropa Siyasi Birliyinin Zirvə Toplantısına dəvət olunur. Məlumdur ki, bu təşkilatlar birbiri ilə qarşıdurma və rəqabət halındadırlar. Azərbaycan diplomatiyasının uğuru tərəfsiz siyasəti nəticəsində hər iki tərəfin etimadını qazanmasıdır. Ölkəmizin COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi edəcək olması da Azərbaycanın dünyada böyük nüfuz sahibi olmasının təsdiqidir.Oksforddaki zirvə görüşündə təşkil olunan “Enerji və bağlantı” mövzulu dəyirmi masada çıxış edən Prezident İlham Əliyev Azərbaycan və Avropa arasında enerji sahəsindəki əməkdaşlığın artan templə inkişaf etdiyini bildirib. Bu xüsusda Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Azərbaycanın təbii qaz ixracının yarıdan çoxu Avropa ölkələrinə gedir. Adriatik dənizinin dibi ilə uzanan – Cənub Qaz Dəhlizi 31 dekabr 2020-ci ildə istismara verildikdən sonra Azərbaycan Avropaya qaz təchizatına başladı. Azərbaycan qazını alan səkkiz ölkənin beşi – Bolqarıstan, Macarıstan, İtaliya, Yunanıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi isə ittifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Bundan əlavə iki yeni ölkə ilə də Azərbaycan qazının ixracı ilə bağlı danışıqlar gedir. Bunlar Sloveniya və Slovakiyadır. Avropada İnterkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac olunması yolunda əlavə olaraq mühüm imkanlar yaranacaq.Rusiya – Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirib. Ukrayna, ərazisindən keçərək Macarıstana, Sloveniyaya və Avstriyaya gedən Rusiya qazını ilin sonunda kəsəcəyini bəyan edib. Bu da Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı vacib məsələyə çevirir.Təsadüfi deyildir ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Azərbaycanda davamlı və sabit əməkdaşlıq üçün lazımi resurs və infrastruktur mövcuddur. Əlamətdar statistikalardan biri də odur ki, bəzi ölkələrin neftə tələbatının 50 və daha çox faizini Azərbaycan nefti ödəyir. Bu sahədə Azərbaycan tarixi nailiyyət əldə etmişdir. Ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları ilə birlikdə onu istismara verdi. Bütün bunlardan başqa bu gün Azərbaycan həmçinin daha bir qlobal layihəni də təklif edir. Bu da Şərq-Qərb nəqliyyat əlaqələrini genişləndirəcək Orta Dəhliz layihəsidir ki, bunun da həyata keçirilməsi üçün mühüm addımlar atılır. Sonda onu da qeyd etmək lazımdır ki, Azərbaycan bu gün azad, fəal və dinamik xarici siyasəti ilə unikal mövqeyə malikdir. Ölkə başçısının uğurlu diplomatik addımları Azərbaycanı beynəlxalq münasibətlərin təkcə iştirakçısı yox, həm də müəyyən mənada qurucusu da edir.
Hacıbala Abdulla
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info