Paytaxtın icra başçısı kim olacaq?

Paytaxtın icra başçısı kim olacaq?

 

Prezident kadr təyinatında tələsmək istəmir

Hacıbala Abutalıbov baş nazirin müavini təyin edilməsindən iki aydan artıq vaxt keçsə də, hələlik Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin edilməyib. Bəzi dairələr bunu hakimiyyətdaxili qrupların rəqabətinin nəticəsi kimi təqdim edirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu gün prezident İlham Əliyevin iradəsinin üstündə iradə yoxdur. Dövlət başçısı kimi istəsə, hətta bu sətrlərin müəllifini də  Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin edə bilər. Kimsə ona "bunu etmə” deyə bilməz.

Buna görə də Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin edilməməsinin hakimiyyətdaxili qrupların paytaxt uğrunda mübarizəsinin nəticəsi kimi təqdim edilməsi həqiqətdən uzaqdır. Bu məqalə qələmə alındəğı zaman paytaxt Bakı ilə yanaşı Gədəbəy və Ağdam rayonlarının icra hakimiyyətlərinin başçısı postu da hələlik vakant idi. Əgər paytaxtın rəhbəri vəzifəsi hakimiyyətdaxili qrupların mübarizəsinin nəticəsi olaraq hələlik vakant qalırsa, bəs iki ucqar rayonun icra hakimiyyətinə başçı təyin olunmaması hansı mübarizənin nəticəsidir? Qeyd edək ki, Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov ötən ayın ilk günü, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov iyunun 6-da vəzifələrindən azad ediliblər. Göründüyü kimi, Gədəbəy rayon icra hakimiyyətinin başçısı postu bir aydan artıqdır ki vakantdır. Ağdam rayon icra hakimiyyətinin başçısı postu isə bir aya yaxındır ki, boşdur. Hər iki rayonun cəbhə xəttində yerləşməsini nəzərə alsaq o zaman paytaxtın rəhbəri vəzifəsinin vakant qalmasını hakimiyyətdaxili qrupların mübarizəsinin nəticəsi kimi təqdim etmək ciddi iş deyil. Görünür ki, burada daha ciddi məqam var?

"Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, paytaxtın və iki kənd rayonun icra hakimiyyətlərinin başçısı postunun vakant qalması dövlət başçısının yeni kadr siyasətinin nəticəsi kimi qəbul oluna bilər. Belə ki, prezident İlham Əliyev kadr təyinatlarında artıq tələskənlik etmək istəmir və bununla bağlı Prezident Adminstarsiyasına da göstəriş verib. Məlumata görə, dövlət başçısı Prezident Adminstrasiyasına kadr seçimində tələsməməyi tapşırıb. İddiaya görə, dövlət başçısı yeni icra başçılarının hansısa oliqarxın kadrı olmasını istəmir. Çünki, rayon və şəhərlərin oliqarxların kurasiyasına verilməsi təcrübəsinin effektli olmadığı məlum oldu. Bir neçə il əvvəl rayon və şəhərlər oliqarxarın kurasiyasına verilməyə başlandı və bunda məqsəd oliqarxların həmin rayonun iqtisadiyyatına sərmayə qoymasını təmin etmək idi. Bu təcrübə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus "Gilan Holdinq”in Qəbələdə çoxsaylı istehsal, xidmət və ticarət obyektləri yaratmasından sonra aktuallaşmışdı. Lakin, oliqarxlar onların kurasiyasına verilmiş rayonun iqtisadiyaytına böyük sərmayələr qoymadılar. Əksinə, dövlət büdcəsindən həmin rayonların abadlıq və quruculuq işlərinə ayrılan vəsaitlərə sahiblənməklə dövlətin bu istiqamətdə həyata keçirdiyi işləri də iflasa uğratdılar. "Yeni Sözçü” qəzetinin "Araşdırma Qrupu” oliqarxların onların kurasiyasına verilmiş rayon və şəhərlərin abadlıq işlərinə ayrılmış büdcə vəsaitlərinin necə ələ keçirmələri ilə bağlı araşdırmalar aparır. Bununla yanaşı dövlət başçısının böyük önəm verdiyi iqtisadi layihələrinin ayrı-ayrı oliqarxlar tərəfindən iflasa uğradılması ilə bağlı da "Yeni Sözçü” qəzetinin "Araşdırma Qrupu” geniş araşdırma aparır. Həmin araşdırmalar hazır olduqca oxucularımıza təqdim edəcəyik. Hələlik isə qayıdaq mövzumuza. Redaksiyamıza daxil olan məlumata görə, dövlət başçısı oliqarxların rayonlardakı kadrlarını işgüzar, heç bir oliqarxın komandasına daxil olmayan kadrlarla əvəz etmək istəyir. Yaxın günlərdə bu prosesin başladılacağı gözlənilir.

Hakimiyyətin əsas sözçülərindən biri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata açıqlamasında bəyan etmişdi ki, "Azərbaycanda müəyyən nazirliklər icra hakimiyyətlərinə "krışalıq” edir. Mən həmişə bunun əleyhinə olmuşam”. Deputatın bu fikiri də tezliklə oliqarxalrın kadrları olan icra başçılarının vəzifələrindən azad ediləcəyini göstərir. Hətta deputat Vahid Əhmədovun bu mövqeyini ictimai rəyin hazırlanması kimi qəbul etmək olar.

Məlumata görə, ilk olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrları hesab olunan icra başçıları vəzifələrini itirəcəklər. Məlumatlı mənbə bunu onunla izah edir ki,  rayon və şəhərlərin icra başçıları arasında ən çox kadrı olan  Kəmaləddin Heydərovdur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrlarının fəaliyyətinin araşdırılması da istisna olunmur. Çünki, sabiq vergilər naziri Fazil Məmmədovun vəzifələrindən azad edilən kadrları Xaləddin İsgəndərov və Ramiz Yediyarovun fəaliyyətinin araşdırılması haqqında məlumatlar var. Bu məlumatları araşdırmağa çalışacağıq.

 

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti