Böyük dövlətlərin Antarktida uğrunda döyüşü yaxınlaşır –Araşdırma

Böyük dövlətlərin Antarktida uğrunda döyüşü yaxınlaşır

 

Antarktidada adi də qeyri-adidir. Təkcə sıfırdan 60 dərəcə aşağı düşə biləcək hərarət deyil. Altıncı qitə həm də yerüzündə ən uca məkandır. 3 min metri keçən dağ zirvələri ucsuz-bucaqsız buz səhraları ilə növbələşir. Yeri gəlmişkən, Antarktida həm də planetdə ən uzun səhradır. O, bütünlüklə buza bürünsə də, burada illik yağıntı cüzidir.

Bu sirli torpaq, müəmma və əfsanələrin daimi qaynağı son zamanlar geopolitika üzrə ekspertlərin diqqət mərkəzindədir. Bəzi ölkələr indiyədək altıncı qitəyə nisbətdə qüvvədə olan ətraf mühitin qorunması üzrə beynəlxalq müqavilənin mümkün yenidən nəzərdən keçirilməyinə qədər öz nüfuz dairəsini genişləndirməyə cəhd edir. Rusiya və Çin artıq irəli çıxıb. London universitetinin geopolitika müəllimi Kaus Doddz izah edir: "Antarktida mübahisəli ərazidir”.

Cənub en dairəsindən 60 dərəcə cənuba sarı ərazi Antarktida haqda 1959-cu ildə on iki ölkənin (sonralar onu daha qırx dövlət imzalayacaq) imzaladığı və "soyuq müharibə”dən sonra silahlanmaya nəzarət uğrunda faktiki ilk beynəlxalq saziş olmuş Müqavilə ilə qorunur. İmzaçılar qitədə istənilən hərbi fəaliyyəti yasaqlayan qərar qəbul edərək onu elmi axtarişlar zonasına çeviriblər. Lakin məsələ bununla bitməyib. 1991-ci ildə 28 ölkə Antarktidada kommersiya məqsədilə faydalı qazıntılar hasilatını qadağan  edən Madrid protokolunu imzalayıb. Lakin, birincisi, onun qüvvəsi yenidən nəzərdən keçirilə biləcəyi 2048-ci illə məhdudlaşdırılıb. İkincisi isə, bu müddətdən əvvəl qəbul edilməyə bilər. Bəzi ölkələr artıq indidən düşünür ki, geoloji kəşfiyyatçılara yaşıl işıq yandırılmamış necə geri qalmasın.

 

Neft xəzinəsi

 

Bəs Antarktidanın dərinlikləri nəyi ilə bu cür cəlbedicidir? Bura ilk baxışdan başdan-başa buzlaqdır, amma bu təəssürat aldadıcıdır. Geopolitika üzrə ekspert Damian Yakuboviç deyir: "Qitə bitməz-tükənməz faydalı qazıntılara malikdir”.

Qiymətləndirmələr güclü şəkildə fərqlənir, ancaq mütəxəssislər hesab edirlər ki, Antarktidanın təkində 36 milyarddan 200 milyard barrelə qədər neft və qaz yata bilər. Həm də təkcə bu deyil. Bəzi rayonlarda kimberlitin aşkarlanması almaz yataqlarının varlığından xəbər verə bilər.

Doddz mülahizə edir:

"Buzun altında nələrin gizlənə biləcəyi hada düşüncə fantast yazıçılara, alimlər və siyasətçilərə rahatlıq vermir”.

Lakinn ən qiymətli resurslar karbohuidrogenlər və qiymətli daşlar deyil. Araşdırıcı, Argentinanın "San Martin” bazasının keçmiş rəisi, altıncı qitədə uzun müddət yaşamış Alexandro Bertotto qeyd edir: "Baxışımca, dünyanın bütün bölgələrində ən mühüm və birnömrəli zərurət suya tələbatı ödəməkdir və onun ən böyük ehtiyatları Antarktikadadır”.

Alimlər hesablayıblar ki, Yer kürəsində şirin suyun 70%-i don halda Antarktikada cəmləşib. Burası da var ki, bu təbii resursları çıxartmaq üçün əlləşmək lazım gələcək. Aşağı temperatura çox böyük məsafələr əlavə olunur. Antarktida ölçüsünə görə Avropadan böyükdür. Və hər halda ekspertlər güman edirlər ki, iqlim dəyişikliyi (hərarət bəzi rayonlarda üç dərəcədən çox yüksəlib) və yeni texnologiyalar Antarktidada faydalı qazıntı hasilatını mümkün edəcək. "The New York Times” iddia edir ki, hələ də karbohidrogenlərdən alınan enerjidən asılı olan dünyada bunlara tələbat 2048-ci ilədək Antarktidada bəzi kommersiya layihələrinin gerçəkləşməsinə nail olmaq məqsədilə basqını çoxalda bilər.  

Yakuboviç izah edir: "Dünyada böhranlar kəskinləşdikcə Antarktidanın "ümumi idarəçiliyi” prinsipinə istinadən buzlaq qitənin bir hissəsi üzərində öz suverenliyini elan etməkdə maraqlı olan yeni ölkələr meydana çıxa bilər”.

Yeddi ölkə və "iki gözətçi”

 

Antarktidaya çoxları iddialıdır. Doddz deyir: "Bu qitənin kimə məxsus olduğu məsələsi indiyədək həll edilməyib və bu günə qədər mübahisə mövzusudur, belə ki orada bütün geopolitika inamsızlıq və şayiələrələ qurulur”.

Yeddi ölkə – Argentina, Avstraliya, Çili, Fransa, Norveç, Yeni Zelandiya və Böyük Britaniya qitənin bir qisminə öz hüquqlarını bəyan edib ki, bu da Antarktida haqda özgə ölkələr tərəfindən iddiaların təqdimini yasaqlayan Müqavilədə qeydə alınıb. ABŞ və Rusiya başqa ölkələr qitənin onlara aid hissəsinə iddia edəcəyi halda bütün Antarktidaya suverenlik tələb etmək hüququnu özündə saxlayır – hər iki dövlətin iddiasına görə, oranı ilk dəfə məhz onların kəşf etdiyi səbəbindən.

 

Moskvanın güclü qatqısı

 

Doddz hesab edir: "Faydalı qazıntılar haqda məsələ suverenlik məsələsindən ayrılmazdır. Rusiya və Çin onların hasilatının dondurulmasına münasibətdə xüsusi inad bəlirləyib”.

Moskva Antarktidaya böyük yatırımlar həyata keçirir. Sovet İttifaqı dövründə qurulmuş bazalar modernləşdirilib. Həm də San Xorxe kimi tanınan 25 may adasındakı layihənin genişləndirilməsi keşişin daim yaşayacağı balaca pravoslav kilsəsinin inşasını nəzərdə tutur. Onun ucaldılması üçün tirlər Sibirdən daşınıb.

Rusiya strategiyasının bir hissəsi, planlaşdırıldığı kimi, Amerika GPS-ə (yerüzündə istənilən obyektin yerini təyin etmək imkanı verən sputnik naviqasiya sistemi-tərc.) rəqabət təşkil edəcək QLONASS kürəsəl naviqasiya sisteminin inkişafı üçün altıncı qitədən istifadə etməkdən  ibarətdir. Moskva artıq Antarktidada üç sputnik monitorinqi sistemi qurub və ehtimal ki, gələcəkdə bunların sayını artırmağı planlaşdırır. Ekspertlərin fikrincə, məsələ bundadır ki, qitənin bəzi rayonlarında kosmosdan siqnal daha yaxşı qəbul edilir (və tutulur). Bu qayda ilə Antarktidada hərbi fəaliyyət yasaqlansa da, oyuna xüsusi xidmətlər girişir.

Altıncı qitədə Çinin də sputnik stansiyaları var. Asiya nəhənginin mövqelərinin möhkəmləndirilməsi gecikmiş olsa da, sürətlidir. İnkişaf etmiş ölkələrin əksəriyəti Antarktida artıq möhkəmlənəndə Pekin Antarktidada ilk bazanı yalnız 1985-ci ildə qurub. Bu gün Səmalar ölkəsinin artıq dörd bazası var və beşincinin inşası planlaşdırılır. Bu arada ABŞ-ın bu cür yalnız üç bazası var və bütün ilboyu işləyir.

Çin 1959-cu il Müqaviləsinə əsasən buzlaq qitədə suverenliyə iddalı ölkə deyil. Ekspertlərin hesab etdiyi kimi, bazaların inşası 2048-ci ildə sənədlərin yenidən nəzərdən keçiriləcəyi halda bəzi üstünlüklər əldə etmək üçün strategiya ola bilər.

 

Bazalar təsir aləti kimi

 

Analitik Doddz deyir: "Elmi araşdırma bazaları həmişə suverenlik və təhlükəsizliyi təcəssüm etdirib. Böyük Britaniya, Argentina və Çili ərazi və resursları öz adlarına "dirəkləmək” üçün elmi stansiyalardan yararlanır. ABŞ və Sovet İttifaqı eyni şeyi "soyuq müharibə” dövründə edib. Çinin elmi bazalar qurmağı da onun cənub qütbündə səlahiyyət statusunun göstəricisi kimi dəyərləndirilir”.

Ekspert əlavə edir: "Elm – Antarktidada geopolitik hakimiyyət qurmaq üsuludur”.

Pekin iddia edir ki, onun yeni stansiyaları araşdırma layihələrini aparılması üçün yaradılıb. Lakin bəzi qeydlərlə. ÇXR qütb araşdırmaları İnstitutunun baş direktoru Yan Xuçen 2015-ci ilin mayında bildirib: "İndiyədək bizdə təbiətşünaslıq elmləri maraq doğurub, amma bilirik ki, resursların təhlükəsizliyi məsələsinin öyrənilməsi daha çox maraq ifadə edir”.

İnstitutda bu yaxınlarda hər iki qütbdə resurslar, qanunvericilik və geopolitikanın öyrənilməsi ilə məşğul olan yeni bölmə açılıb. Analitik Doddz sual edir: "Bizə yeni elmi stansiyalar lazımdır? Şübhəm var ki, xeyr. Və bundan başqa, söhbət iqlim və ətraf mühit haqda başqa məlumatlar yığmaqdan gedirsə, bazalar kiçik və daha avtomatlaşdırılmış ola bilərdi. Lakin çağdaş sistem elm və logistikaya daha çox pul yatıranları həvəsləndirir”.

Çinin buzqıran gəmilər və ixtisaslaşmış təyyarə və helikopterlər qayırmaq tempi də təəssürat doğurur. Özü də bu, altıncı qitədə "günəş altında yer” tutmağa cəhd edən yeganə ölkə deyil. Türkiyə, İran və Kolumbiya da yeni bazalar açmağı planlaşdırır.

 

Ross dənizində konsensus

 

Rusiya və Çin öz nüfuzlarını təkcə bazalar vasitəsilə yaymağa cəhd etmir. Hər iki ölkə beşillik ərzində planetdə toxunulmamış son dəniz ekosistemi olan Ross dənizinin qoruq zonası elan edilməsi haqda müqavilənin qabağını alıb. Alim Bertotto sadalayır: "Adeli pinqvinlərinin dünya populyasiyasının 38%-i, Antarktika fırtına quşunun 30%-i və Antarktika cırtdan balinasının 6%-ə yaxını orada cəmlənib”.

Həm Rusiya, həm də Çinin bölgədə ciddi balıq ovu marağı var. Balıq ovu Antarktika qitəsində turimzlə yanaşı icazə verilmiş yeganə kommersiya fəaliyyətidir. Rusiya balıq ovu donanması əsasən Antarktika treskası hasilatında ixtisaslaşıb. Çinliləri kiçik, Asiya nəhənginin akvikultur təsərrüfatı üçün həyatönəmli, lakin proteinlə zəngin xərçəngkimi kril daha çox maraqlandırır. Problem bundadır ki, kril eyni zamanda Antarktidanın su aləmində qida zəncirinin zəruri həlqəsidir.

Mübahisəli ərazinin qoruq zonası elan edilməsi haqda qərar konsensus nəticəsində qəbul edilməlidir. Əvvəlcə Çin dişlərini qıcayaraq razılaşdı. Ardınca keçən ilin oktyabrnda Rusiya razılığa gəlib. Ross dənizi indi dünyada qorunan ən böyük təbii ərazidir. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu, Pirr qələbəsi idi: əvvəldən nəzərdə tutulan ərazinin cəmi üçdə biri qoruğa alınıb, su bioresurslarının hasilat payı təkrar istehsal oluna biləcəyi zonalarda məhdudlaşdırılmayıb və saziş vur-tut 2051-ci ilədək qüvvədədir.

Başqaları çətin danışıqlar nəticəsində əldə edilmiş sazişin imzalanmasında böyük uğur görürlər: "Müqavilə müddətinin azaldılmasını təklif edən Rusiya və Çinin müqavimətini dəf etmək lazım idi”, – deyə Bertotto etiraf edir.

The Pew Charitable Trusts qeyri-kommersiya təşkilatından Andrea Kavanac qeyd edir: "Saziş istiləşmə nəticəsində okeanın buzdan azad olacaq hissələrinə də aiddir”.

Latın Amerikası suverenliyi

 

Latın Amerikası ölkələri Antarktidada nüfuz sahələrinin bölünməsi uğrunda qovğada geridə qalmamağa səy edir. Argentina altıncı qitədə insanın məskunlaşdığı baza quran ilk ölkə olub. Bu, 1904-cü ildə baş verib. O vaxtdan çox şey dəyişilib.

Bertotto təəssüflənir: "Biz hesab edirik ki, XXI əsrdə Antarktidada suiverenlik birinci növbədə logistikaya əsaslanan elmlə əl-ələ gedir. Buna görə də aydındır ki, Argentina başqa ölkələrlə müqayisədə nüfuzda ciddi itirib”.

Çili kimi onun da ölkəsi altıncı qitənin bir hissəsinə iddia edir. Amma Böyük Britaniya da bunlara iddalıdır. Bertotto hesab edir ki, yalnız bir həll var: "Biz qütbə bölgəsəl araşdırma qrupları göndərməklə "Latın Amerikası Antarktidası” layihəsini yeritməliyik. Bütün bunlar Yer kürəsinin ən varlı bölgəsi uğrunda savaşda aldanmamaq üçündür”.

 

Ektor Estepa

El Confidencial (İspaniya)



Oxşar Xəbərlər

Xəbər lenti